#Humanitar fəlakət Qəzza

NATO-nun Baş katibi Mark Rutte Qəzzada əldə olunan atəşkəs razılaşmasındakı roluna görə Türkiyəyə təşəkkürünü bildirib. Sloveniyada keçirilən NATO Parlament Assambleyasının (PA) iclasında çıxış edən Rutte, Türkiyə Böyük Millət Məclisinin NATO PA Türk nümayəndə heyətinin sədri, AK Partiyanın Antalya deputatı Mövlud Çavuşoğlunun İsrailin bölgədə və Qəzzada həyata keçirdiyi hücumların NATO-nun ümumi təhlükəsizlik mühitinə təsiri ilə bağlı sualını cavablandırıb.

Avropa Birliyi (AB) Xarici İşlər və Təhlükəsizlik Siyasəti Ali Nümayəndəsi Kaja Kallas Qəzzada atəşkəs planının uğur qazanması üçün beynəlxalq dəstəyin vacib olduğunu və Birliyin üzərinə düşəni etməyə hazır olduğunu açıqlayıb. Kallas Amerikanın X sosial media platformasında paylaşımında bu gün Yaxın Şərqdə “nadir görülən bir ümid anı”na şahidlik edildiyini qeyd edib.

Qəzzadaki Hökumətin Media Ofisindən verilən açıqlamada, 12 oktyabr bazar günü Qəzza zolağına daxil olan yardımlar barədə məlumat verilib. Atəşkəs razılaşmasının ilk günündə Qəzza zolağına sərhəd keçid məntəqələrindən humanitar yardım yüklü 173 yük maşınının çatdığı bildirilib. Bu yük maşınlarından 3-ü mətbəx qazı, 6-sı isə yanacaq yüklüdür. İsrailin soyqırımı çərçivəsində uzun müddət Qəzza zolağına girişin qarşısını aldığı əsas zəruri malların çatışmazlığına diqqət çəkilib.

ABŞ Prezidenti Donald Tramp Qəzzada əldə olunan atəşkəsin ardından 4 saatdan az davam edəcək səfər çərçivəsində İsrailə gəlib. Trampı daşıyan təyyarə Təl-Əviv yaxınlığındakı Ben Gurion Hava Limanına enib. Qəzzada əldə olunan atəşkəsdən sonra bölgəyə gələn Tramp Ben Gurion Hava Limanında rəsmi mərasimlə qarşılanıb. Onu İsrail Prezidenti İsxak Hersoq, Baş nazir Benyamin Netanyahu və bir çox nazir və rəsmi şəxs qarşılayıb.

İsrailin iki ilə yaxın davam edən hərbi əməliyyatlarından sonra minlərlə fələstinli öz evlərinə qayıtmağa başlayıb. Lakin BMT-nin Fələstinli Qaçqınlara Yardım və İş Agentliyi (UNRWA) bu gün açıqlayıb ki, Qəzza zolağında binaların 80 faizi ya tamamilə dağıdılıb, ya da ağır zərər görüb, əhalinin isə demək olar ki, hamısı məcburi köçkünə çevrilib. Agentliyin hesabatına görə, 2023-cü ilin oktyabrında başlayan müharibədən bəri səhiyyə müəssisələrinə və tibb işçilərinə qarşı 790-dan çox hücum qeydə alınıb.

İsrail ordusunun Qəzza zolağından qismən geri çəkilməsi və atəşkəsin qüvvəyə minməsindən sonra yüz minlərlə fələstinli Qəzzənin mərkəzi və cənub bölgələrindən şimal istiqamətinə qayıtmağa davam edir. İsrailin hücumları zamanı evlərini tərk etmək məcburiyyətində qalan minlərlə fələstinli, sığındıqları mərkəzləri tərk edərək, Qəzza şəhəri və şimal bölgələrdə yerləşən evlərinə doğru yola çıxıblar.

Qəzzada atəşkəsin qüvvəyə minməsindən sonra humanitar yardım karvanları bölgəyə daxil olmağa başlayıb. Türk Qızıl Ayparası bu çərçivədə bu gün Qəzzaya 5 yardım tırının çatdığını açıqlayıb. Qurumun verdiyi məlumata görə, göndərilən hər bir yardım tırı Qəzza xalqına həm maddi, həm də mənəvi dəstək daşıyır.

Fələstin Səhiyyə mənbələrinin məlumatına görə, son 24 saat ərzində Qəzza zolağındakı xəstəxanalara 155 şəhidin cəsədi çatdırılıb, onlardan 135 nəfərin cəsədi dağıntılar altından çıxarılıb. Bu barədə WAFA Fələstin Xəbər Agentliyi məlumat yayıb. Mənbələrə əsasən, cümə günü İsrail ordusunun atəşi nəticəsində 19 fələstinli həlak olub, daha bir nəfər isə əvvəlki yaralanmalarından dünyasını dəyişib.

BMT-nin Uşaqlara Yardım Fondu (UNICEF) sözçüsü Rikardo Pires bildirib ki, İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlar nəticəsində 64 mindən çox uşaq ya həyatını itirib, ya da yaralanıb. Cenevrədə BMT Ofisinin həftəlik brifinqində çıxış edən Pires, bu gün başlayan atəşkəsin, Qəzzadaki uşaqlar üçün ümid işığı olduğunu bildirib.

ABŞ-ın prezidenti Donald Tramp, İsraillə HƏMAS arasında əldə olunan atəşkəs razılaşmasının pozulmasına icazə verməyəcəyini vəd edib. Adı açıqlanmayan amerikalı rəsmilərə istinadən yayımlanan xəbərdə, İsrailin mart ayında əldə olunan əvvəlki atəşkəs razılaşmasını pozduğu xatırladılıb. Bu səbəbdən Həmas tərəfi yenidən oxşar nəticənin ortaya çıxacağından narahat olduğunu bildirib.

İsrailin beynəlxalq sularda hücum edərək saxladığı Əzm Donanmasına aid qayıqlarda olan 18-i türk, ümumilikdə 94 fəal bu gün Türk Hava Yollarının (THY) xüsusi reysi ilə İstanbula gətirildi. Fəalların təxliyəsi üçün İordaniyadan havaya qalxan xüsusi THY təyyarəsi İstanbul Hava Limanına enib. Gəmidə olan fəallar VIP salonunda ailələri, rəsmi nümayəndələr və çox sayda vətəndaş tərəfindən qarşılanıb. Əzm Donanmasına aid texnikalarda yer alan 18 türk və 76 əcnəbi vətəndaşdan ibarət olan fəallar apronda çiçəklərlə qarşılanıb.