#Uçuş təhlükəsizliyi

Azərbaycan Hava Yolları bəzi Bakı–Naxçıvan reyslərinin əlverişsiz hava şəraiti səbəbindən təxirə salındığını açıqlayıb. Şirkətin məlumatına görə, uçuşlar hava şəraiti normallaşdıqdan sonra mərhələli şəkildə bərpa olunacaq. Sərnişinlər bütün dəyişikliklər barədə əvvəlcədən məlumatlandırılacaqlar. Naxçıvanın dağlıq relyefi və coğrafi mövqeyi bölgədə yaranan meteoroloji şəraitin uçuşlara təsirini artırır. Güclü külək, ildırım aktivliyi və digər təhlükəli hava hadisələri təyyarələrin eniş və qalxma mərhələlərində əlavə risk yaradır. Aviasiyada qərarlar yalnız hava limanındakı hava şəraitinə əsasən qəbul edilmir. Marşrut boyunca və təyinat məntəqəsində gözlənilən meteoroloji vəziyyət də nəzərə alınır. Buna görə də uçuş təhlükəsizliyi ilə bağlı bütün qərarlar beynəlxalq standartlara uyğun şəkildə verilir.

İstanbul–Səmərqənd marşrutu üzrə uçuş həyata keçirən "Centrium Air" aviaşirkətinə məxsus Airbus A321 tipli hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş ilə bağlı müraciət edib. Hava Limanından AzerVoice-ə verilən məlumata görə, buna səbəb göyərtədə olan sərnişinlərdən birinin səhhətində yaranan qəfil pisləşmə olub. Bildirilib ki, təyyarə yerli vaxtla saat 08:29-da Bakı hava limanına uğurla eniş edib. Hava limanının bütün aidiyyəti xidmətləri dərhal yüksək hazırlıq vəziyyətinə gətirilib. Tibbi heyət tərəfindən sərnişinə yerində ilkin yardım göstərilib, vəziyyəti qiymətləndirildikdən sonra isə onun paytaxt xəstəxanalarından birinə yerləşdirilməsinə qərar verilib.

Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatı (EUROCONTROL) 18-24 avqust tarixlərini əhatə edən “Avropa Aviasiya Hesabatı”nı dərc edib. Hesabata əsasən, İstanbul Hava Limanı bu dövrdə gündəlik 1635 uçuşla Avropanın ən sıx hava limanları siyahısında liderliyi ələ keçirib. Hesabatda qeyd olunur ki, İstanbul Hava Limanını gündəlik 1450 uçuşla Amsterdam Hava Limanı, 1432 uçuşla Paris Şarl de Qoll Hava Limanı, 1384 uçuşla Frankfurt Hava Limanı və 1346 uçuşla London Hitrou Hava Limanı izləyib. Bu göstəricilər İstanbulun Avropa aviasiya bazarında mühüm mövqeyini bir daha təsdiqləyir.

CNN-in məlumatına görə, Şərqi Arizona və Feniksə təsir edən qum fırtınası nəticəsində yaranan toz buludları, güclü yağış və 70 mil/saat (112 km/saat) sürətli küləklərlə müşayiət olunub. Fırtına Phoenix Sky Harbor Beynəlxalq Hava Limanında uçuşların təxminən bir saat dayandırılmasına və dam örtüyünün zədələnməsinə səbəb olub. Hava limanında 127 uçuş gecikib, iki uçuş ləğv edilib, iki uçuş isə başqa istiqamətə yönləndirilib. Feniksin daxil olduğu Marikopa qraflığında 60,000-dən çox insan elektrik kəsintisi ilə üzləşib, Salt River Project (SRP) 41,608, APS isə 6,156 müştərinin enerji təchizatının kəsildiyini bildirib. Milli Hava Xidməti (NWS) fırtınanın görünmə qabiliyyətini sıfıra endirdiyini vurğulayaraq, sürücülərə “Pull Aside, Stay Alive” kampaniyası çərçivəsində yol kənarına çəkilməyi və avtomobil işıqlarını söndürməyi tövsiyə edib.

Türk Hava Yollarının (THY) təyyarələri son 12 ayda 36 ölkədə 61 hava limanında aparılan 89 təhlükəsizlik yoxlamasından uğurla çıxıb. THY-nin baş direktoru Bilal Ekşi sosial media hesabında bildirib ki, SAFA proqramı çərçivəsində yoxlamalar zamanı 0,378 nisbətində “yoxluq göstəricisi” qeydə alınıb və bu, yüksək nəticə sayılır. Onun sözlərinə görə, sərnişinlərin rahat və təhlükəsiz uçuşu üçün bütün qaydalara ciddi şəkildə əməl olunur. Qeyd edək ki, SAFA (“Xarici təyyarələrin təhlükəsizliyinin qiymətləndirilməsi”) Avropa Birliyi ölkələrində tətbiq olunan proqramdır və beynəlxalq uçuş təhlükəsizliyi tələblərinə uyğunluğu yoxlamaq məqsədi daşıyır. Yoxlamalar təyyarələrin texniki vəziyyəti, kokpit və kabinə standartları, həmçinin sərnişinlərin təhlükəsizliyinin təmin olunması ilə bağlı tələbləri əhatə edir.