İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlarda son 24 saat ərzində 10 fələstinli həyatını itirib. 7 oktyabr 2023-cü ildə başlayan hücumlar nəticəsində ölənlərin ümumi sayı 69 min 785 nəfərə, yaralıların sayı isə 170 min 965 nəfərə yüksəlib. Qəzza Səhiyyə Nazirliyinin yaydığı yazılı açıqlamada bildirilib ki, son sutkada İsrailin hücumları nəticəsində 8-i dağıntılar altından çıxarılan olmaqla ümumilikdə 10 nəfərin cəsədi xəstəxanalara çatdırılıb.
#Qəzzanın yenidən qurulması
Səudiyyə Ərəbistanı Nazirlər Kabineti Krallığın bütün tərəfdaşlarla birlikdə 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin qurulması istiqamətində səylərini davam etdirəcəyini bir daha bəyan edib. Hökumət həmçinin İsrail ordusunun Qəzzadan tam çıxmasının vacibliyini vurğulayıb. Rabitə və sərmayə mövzuları, eləcə də regiondakı vəziyyət Riyadda keçirilən iclasda vəliəhd şahzadə və Baş nazir Məhəmməd bin Salmanın ABŞ-a səfərinin nəticələri fonunda müzakirə olunub. Vəliəhd şahzadə səfər çərçivəsində prezident Donald Tramp, Konqres rəhbərliyi və Senat üzvləri ilə görüşərək iki ölkə arasındakı tarixi tərəfdaşlığın gücləndirilməsini diqqətə çatdırıb.
İsrail ordusu işğal altındakı Qərb Şəriyanın şimalında yerləşən Tubas şəhəri və ətraf qəsəbələrə səhər saatlarında genişmiqyaslı hücumlar edib. Bölgəyə güclü ehtiyat qüvvələri göndərən İsrail ordusu bəzi məntəqələrə hərbi iş maşınları yerləşdirib və helikopterlərdən müəyyən hədəflərə atəş açıb. İsrail qüvvələri şəhərin bütün girişlərini torpaq baryerləri və hərbi yoxlama məntəqələri ilə bağlayaraq sokağa çıxma qadağası tətbiq edib.
Qəzza Zolağında iki ilə yaxın davam edən müharibə dövründə İsrail ordusunun “insani yardım” adı altında yaradılan paylama mərkəzlərində 2 min 614 fələstinlini öldürdüyü bildirilib. İsrail və ABŞ tərəfindən yönləndirilən Qəzza Humanitar Yardım Fondu (GHF) dünən fəaliyyətlərini dayandırdığını açıqladıqdan sonra, Qəzza Səhiyyə Nazirliyinin Baş direktoru Münir əl-Burş mövzu ilə bağlı bəyanat yayıb. Burş bildirib ki, yardım bölgələri əslində “ölüm tələsi”nə çevrilib və bu çərçivədə 2 min 614 nəfər döyüş meydanında deyil, qida və su tapmağa çalışdıqları vaxt öldürülüb.
Atəşkəsə baxmayaraq Qəzza şəhərinin şərqindəki yaşayış binalarını partladaraq dağıdan İsrail ordusu, Xan Yunis şəhərinin şərq bölgələrinə də hücum həyata keçirib. Şahidlərinin verdiyi məlumata görə, İsrail ordusu Qəzza şəhərinin şərqində yerləşən Şucaiyyə məhəlləsində işğal etdiyi ərazilərdə çox sayda binanı partladaraq yerlə-yeksan edib. İsrail əsgərləri həmçinin Qəzza zolağının cənubunda yerləşən Xan Yunisin şərq bölgələrini artilleriya atəşi ilə bombalayıb.
Fələstinin BMT-dəki Daimi Nümayəndəsi Riyad Mansur bildirib ki, atəşkəsdən sonra İsrail Qəzzada hər gün 2 uşağı öldürməyə davam edir. O, BMT Təhlükəsizlik Şurasında Fələstin məsələsi də daxil olmaqla Yaxın Şərqdəki vəziyyətlə bağlı keçirilən iclasda çıxış edərək bildirib. “Qəzzada atəşkəsin qüvvəyə minməsindən (10 oktyabr) bəri hər gün 1000 insanın ölməsi və ya yaralanmasını, hər gün 2 uşağın həyatını itirməsini, soyqırımdan sağ çıxanların hər gün ölüm və əzabdan qaçmağa məhkum edilməsini, evlərindən didərgin salınan ailələrin su altında qalan çadırlarda qışı keçirməsini heç bir şəkildə əsaslandırmaq mümkün deyil.” - deyə o qeyd edib.
İsrail ordusu Qəzzanın Şimalında atəşkəsə baxmayaraq həyata keçirdiyi hücumlar nəticəsində 4 nəfər həlak olub. Qəzza Şimalındakı Nəsir Xəstəxanasının açıqlamasına görə, İsrail ordusu Xan Yunus şəhərinin Bəni Suheyla bölgəsinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib. Hücumdan sonra xəstəxanaya 2 nəfərin meyiti gətirilib.
HƏMAS bildirib ki, İsrail ordusu Qəzzədəki atəşkəs razılaşmasını sistemli şəkildə pozur və vasitəçilərə dərhal müdaxilə, ABŞ-a isə İsrailin öhdəliklərini yerinə yetirməsini tələb etmək çağırışı edib. Açıqlamada qeyd olunub ki, İsrail ordusu Sarı Xətt boyunca hər gün qərbə doğru irəliləyərək işğalını genişləndirir. Bu səbəbdən bölgədə yeni kütləvi köçlər baş verir, Qəzzə Səhrasının şərq hissələrinə edilən hava hücumları və artilleriya atəşləri isə atəşkəsin açıq şəkildə pozulması deməkdir.
BMT-nin Beynəlxalq Uşaqlara Yardım Fondu (UNICEF) sözçüsü Rikardo Pires bildirib ki, 11 oktyabrda atəşkəsin qüvvəyə minməsinə baxmayaraq, İsrailin hücumlarında Qəzzada hər gün ortalama 2 uşaq həyatını itirib. Pires Cenevrədəki BMT ofisində keçirilən həftəlik mətbuat konfransında açıqlama verib. O, dünən Qəzza şəhərinin cənubundakı Xan Yunus bölgəsində İsrailin hava hücumunda bir qız uşağının, əvvəlki gün isə Qəzza şəhərində 7 uşağın öldüyünü xatırladıb.
İsrail rəhbərliyinin Qəzza Zolağında əldə edilən atəşkəs anlaşmasının ikinci mərhələsinin icrası üçün xüsusi qrup yaratmaq qərarı verdiyi bildirilib. Təhlükəsizlik Kabinetinin dünən axşam keçirilən iclasının nəticəsi olaraq Qəzzadakı atəşkəsin ikinci mərhələsinin həyata keçirilməsi üçün bir qrupun yaradılması qərara alınıb
Avropa İttifaqı Komissiyasının Bərabərlik, Hazırlıqlılıq və Krizis İdarəçiliyi üzrə üzvü Hadja Lahbib Qəzzadakı humanitar vəziyyətin sürətlə pisləşdiyini bildirərək, yardımların siyasiləşdirilməsinə qarşı xəbərdarlıq edib. Brüsseldə keçirilən Aİ Xarici İşlər Nazirləri toplantısı çərçivəsində çıxış edən Lahbib, bölgədəki əsirlərin evlərinə dönməsinə baxmayaraq humanitar böhranın daha da ağırlaşdığını deyib. “Son daşqınlardan sonra və yaxınlaşan qış aylarının təsiri ilə fələstinlilər həm donur, həm islanır, həm də aclıq çəkir.” - deyə o qeyd edib.
Qəzza Səhiyyə Nazirliyi İsrailin hücumlarında son 24 saatda 33 nəfərin öldüyünü və ölü sayının 69 min 546-ya yüksəldiyini açıqlayıb. Ölənlər arasında 12 uşaq və 8 qadın var, 88 nəfər yaralanıb. Hücumlarda dağıntılar altından çıxarılan meyitlərin sayı 572-dir. 2023-cü il Oktyabr ayından bəri davam edən İsrail hücumlarında yaralıların sayı 170 min 833-ə çatıb. Beynəlxalq mediaya görə, ABŞ və Misir vasitəsilə 9-10 Oktyabr tarixlərində İsrail və Həmas arasında Qəzza üçün atəşkəs planı razılaşdırılıb. Lakin İsrail ordusu atəşkəsə baxmayaraq ara-sıra hücumlara davam edir.