#Regional və beynəlxalq məsələlər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı Məsud Pezeşkian ilə telefon danışığı aparıb. Türkiyə Prezident Administrasiyasının yaydığı rəsmi məlumata görə, Ərdoğan regionda sabitliyin təmin olunması üçün diplomatik fürsətlərin vacibliyini vurğulayıb. Prezident Ərdoğan danışıq zamanı qeyd edib ki, hazırda davam edən sülh danışıqlarından regionda daimi sülh və sabitliyə nail olmaq üçün maksimum dərəcədə istifadə edilməlidir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan regionda gərginliyin hərbi qarşıdurma həddinə çatdığı bir vaxtda Birləşmiş Krallığın xarici işlər naziri İvet Kuper ilə mühüm telefon danışığı aparıb. Görüşdə əsas diqqət regionu bürüyən müharibənin dayandırılması və beynəlxalq təhlükəsizliyin qorunması istiqamətində atılacaq təcili addımlara yönəlib.

Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan bin Abdullah ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Səudiyyə Press Agentliyinin (SPA) çərşənbə axşamı yaydığı məlumata görə, tərəflər Yaxın Şərqdə sürətlə dəyişən vəziyyəti və son regional hadisələri ətraflı nəzərdən keçiriblər. Bu diplomatik təmas regionun müxtəlif hissələrində gərginliyin pik həddə çatdığı və beynəlxalq oyunçuların münaqişənin dayandırılması üçün səylərini artırdığı bir dövrə təsadüf edir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü verdiyi bəyanatda Yaxın Şərqin böyük hissəsini əhatə edən müharibənin qlobal iqtisadiyyata vurduğu zərərin artdığını və bu prosesin bütün regionu alova bürümədən dayandırılmasının vacibliyini vurğulayıb. Regionun yenidən qan və barıt qoxusuna büründüyünü bildirən Ərdoğan, diplomatiyaya şans veriləcəyi təqdirdə sülhün mümkünlüyünə inandığını qeyd edib. Bu çağırış İranın xarici işlər naziri Abbas Əraqçinin Vaşinqtonla danışıqlar aparmaqdan imtina etməsi və Tehranın amerikalılarla dialoqda "çox acı təcrübəyə" malik olduğunu bildirməsindən bir gün sonraya təsadüf edir.

Səudiyyə Ərəbistanının müdafiə naziri Şahzadə Xalid bin Salman Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Asim Munirlə Yaxın Şərqdə artan hərbi gərginlik fonunda İranın krallığa qarşı həyata keçirdiyi hücumları müzakirə edib. Şahzadə Xalid şənbə günü sosial şəbəkədə paylaşım edərək bildirib ki, tərəflər İranın hücumlarını və bu hücumların dayandırılması üçün Birgə Strateji Müdafiə Sazişi çərçivəsində görülməsi zəruri olan tədbirləri müzakirə ediblər. O qeyd edib ki, bu cür hərəkətlər regional təhlükəsizlik və sabitliyi zəiflədir və İranın müdriklik göstərərək yanlış addımlardan çəkinəcəyinə ümid etdiklərini vurğulayıblar.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliya baş naziri Georgia Meloni ilə telefon görüşməsi keçirib. Liderlər görüş zamanı Türkiyə–İtaliya ikitərəfli əlaqələri ilə yanaşı, regionda davam edən münaqişəli proseslərin gedişatı başda olmaqla, regional və qlobal məsələləri ətraflı müzakirə ediblər. Prezident Ərdoğan Türkiyə və İtaliya arasındakı əməkdaşlığı ticarət sahəsi başda olmaqla, hər bir istiqamətdə daha da irəliyə aparmaq üçün çalışdıqlarını ifadə edib.

BMT-nin Baş katibi Antonio Quterreş, Pakistan və Əfqanıstan arasındakı sərhəd toqquşmalarını dərin narahatlıqla izlədiyini bildirib. O, hər iki tərəfi beynəlxalq hüquq çərçivəsindəki öhdəliklərinə əməl etməyə və mülki şəxslərin qorunmasını təmin etməyə səsləyib. Eyni zamanda, Türkiyənin xarici işlər naziri Hakan Fidan gərginliyi azaltmaq üçün Pakistan, Əfqanıstan, Qətər və Səudiyyə Ərəbistanlı həmkarları ilə intensiv telefon diplomatiyası apararaq regional sülhün qorunması yollarını müzakirə edib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Fərhan Əl Səud ilə telefon danışığı aparıb. Türkiyə Xarici işlər nazirliyindəki mənbələrin verdiyi məlumata görə, söhbət zamanı iki ölkə arasında münasibətlər, eləcə də regional məsələlər müzakirə olunub. Tərəflər qarşılıqlı əməkdaşlığın mövcud vəziyyətini və gələcək perspektivlərini nəzərdən keçirib, bölgədəki son hadisələr ətrafında fikir mübadiləsi aparıblar.

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan ilə Qətərin Baş naziri və Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Sani arasında telefon danışığı baş tutub. Diplomatik mənbələrdən əldə edilən məlumata görə, nazir Fidan və Qətərli həmkarı Al Sani arasındakı görüşdə regionda cərəyan edən son hadisələr və regional inkişaf prosesləri ətraflı müzakirə edilib. Tərəflər həmçinin ikitərəfli əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan bin Abdullah ilə İranın xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı baş tutub. Xarici işlər nazirləri regional hadisələri müzakirə edib, ixtilafların dialoq və diplomatik yollarla həll edilməsinin zəruriliyini vurğulayıblar. Onlar həmçinin regionda təhlükəsizlik və sabitliyin qorunması istiqamətində göstərilən səyləri nəzərdən keçiriblər.