#Livan xəbərləri

Livan Silahlı Qüvvələrinin komandanı general Rodolf Haykal fevralın əvvəlində Vaşinqtona rəsmi səfər edəcək. Ötən ilin noyabrında ABŞ tərəfindən təxirə salınan bu səfər Livan ordusunun silahlanması və regional təhlükəsizlik məsələləri baxımından mühüm əhəmiyyət kəsb edir. Fevralın 3-dən 5-dək davam edəcək görüşlərin gündəliyinə Livan ordusunun ehtiyacları, iki ölkə arasındakı hərbi əməkdaşlığın genişləndirilməsi və Vaşinqtonun Beyruta davamlı hərbi dəstəyi daxil edilib.

İsrail ordusu Livan hökumətinin Hizbullahın tərksilah edilməsi prosesində irəliləyiş olduğunu elan etməsinə baxmayaraq bazar ertəsi ölkənin cənubuna silsilə hava zərbələri endirib. İsrail hərbçiləri bir müddət əvvəl Livanın cənubundakı bir neçə bölgədə Hizbullah tərəfindən terrorçuların təlimi üçün istifadə edilən infrastrukturun hədəf alındığını bildirib. Rəsmi bəyanatda bu nöqtələrin İsrail qüvvələrinə və mülki şəxslərə hücum hazırlamaq məqsədilə istifadə edildiyi qeyd olunub. Livanın Milli İnformasiya Agentliyi isə İsrailin ən azı beş kəndi — Ansar, Zərariyə, Kfar Melki, Nahr əl-Şita və Buslayan itop və hava atəşinə tutduğunu xəbər verib.

Livan Prezidenti Cozef Aun və Baş nazir Nəvaf Salamın silahların yalnız dövlət nəzarətində olması planını Litani çayının şimalına qədər genişləndirmək qərarı Hizbullahın sərt reaksiyası ilə qarşılanıb. Hizbullahın Siyasi Şurasının sədr müavini Mahmud Qəmati dövlət televiziyasına müsahibəsində hökumətin bu addımını ölkəni xaos və qeyri-sabitliyə sürükləmək cəhdi kimi qiymətləndirib. O, silahların təhvil verilməsi ilə bağlı təzyiqlərin qəbuledilməz daxili vəziyyət yaradacağını və hətta vətəndaş müharibəsinə səbəb ola biləcəyini vurğulayıb. Qəmati bildirib ki, Hizbullah silahlarının taleyi müzakirə olunmazdan əvvəl İsrail Livanın suverenliyini pozmağı dayandırmalı və işğal etdiyi məntəqələrdən çəkilməlidir.

Livanın Baş naziri Nəvaf Salam ölkəsinin silahlar üzərində dövlət inhisarının bərpa edilməsi ilə bağlı planın ikinci mərhələsini həyata keçirməkdə qərarlı olduğunu bildirib. Bazar ertəsi günü Beyrutda atəşkəs rejiminə nəzarət edən beşlik komitəsinin (ABŞ, Fransa, Səudiyyə Ərəbistanı, Qətər və Misir) səfirləri ilə görüşən Baş nazir bu istiqamətdəki qətiyyətini ifadə edib. Planın fevral ayında başlayacaq ikinci mərhələsi Əl-Litani çayından şimalda yerləşən əraziləri əhatə edəcək. Çaydan cənubdakı əraziləri əhatə edən birinci mərhələnin isə artıq tamamlanmaq üzrə olduğu bildirilir.

Livan ordusu açıqlama verərək, ölkənin cənubunda dövlət silah monopoliyasını "effektiv və aydın şəkildə" təmin etdiyini bildirdi, lakin hələ də ərazidə partlamamış sursatların və tunellərin təmizlənməsi üzrə işlərin davam etdiyini vurğuladı. Ordu ilin sonuna qədər cənubda qeyri-dövlət silahlarını təmizləməyi hədəfləmişdi; bu ərazi İsraillə sərhəd bölgəsidir. Məqsəd digər bölgələrə keçməzdən əvvəl cənubda əməliyyat nəzarətini genişləndirmək idi. Bəyanatda, İsrail qüvvələrinin hələ də işğal etdiyi ərazilər istisna olmaqla, cənubda əməliyyat nəzarətinin genişləndirildiyi qeyd olunub.

İsrail döyüş təyyarələri Livanın cənubunda bir neçə ərazini hədəf alıb. Məlumata görə, İsrail 27 noyabr 2024-cü ildə əldə olunmuş atəşkəs razılaşmasına baxmayaraq Livana qarşı hücumlarını davam etdirir. İsrail təyyarələri cənubdakı Ansar və Zarariye qəsəbələri arasındakı bölgə ilə yanaşı Ukmata Obası, Reyhan bölgəsi və Kıferva ilə İzze qəsəbələri arasındakı əraziləri hədəf alıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə hücumdan sonra bəzi hədəflərdən dumanların yüksəldiyi müşahidə olunub.

Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Sülhməramlı Qüvvəsi (UNIFIL) İsrail ordusunun Livanın cənubunda sərhəd xətti kimi tanınan “Mavi Xətt” yaxınlığında iki ayrı bölgədə patrul xidməti aparan sülhməramlı əsgərlərin olduğu nöqtələrin yaxınlığına atəş açdığını bildirib. UNIFIL mövzu ilə bağlı ABŞ mərkəzli X şirkətinə məxsus sosial media platformasında yazılı açıqlama yayıb. Açıqlamada qeyd olunub ki, Livanın cənubundakı Bastara kəndində səhər saatlarında patrul xidməti həyata keçirən UNIFIL əsgərlərinin olduğu nöqtənin yaxınlığına İsrail hərbçiləri tərəfindən ağır silahlarla atəş açılıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türk diasporu qarşılaşdığı çoxsaylı çətinliklərə baxmayaraq ayaqda qalmağı və bütün sahələrdə söz, təsir və iradə sahibi olmağı bacarıb. Bu fikirlər Prezident Ərdoğanın Prezident Sarayında keçirilən tədbirdə çıxışı zamanı səsləndirilib. O, dünyanın müxtəlif bölgələrində yaşayan 7 milyondan çox Türkiyə vətəndaşına salam və sevgilərini çatdıraraq, soydaş və qohum icmalarla mənəvi bağların önəmini vurğulayıb. Ərdoğan çıxışında Qəzza, Fələstin, Livan, Sudan və digər bölgələrdə yaşanan humanitar böhranlara diqqət çəkərək, xüsusilə Qəzzada 2 milyondan çox fələstinlinin ağır şəraitdə yaşamaq uğrunda mübarizə apardığını qeyd edib. O, İsrailin hücumlarını insanlığa zidd adlandırıb və İslam aləmi üçün həmrəylik çağırışı edib.

İsrail ordusunun Livan şəhərində Sur qəsəbəsində bir araca pilotsuz uçuş aparatı (PUA) ilə hücum etdiyi və nəticədə 1 nəfərin yaralandığı bildirilib. Sur şəhərinə bağlı Cenata qəsəbəsində gecə saatlarında baş verən hücum zamanı avtomobil hədəf alınıb və bir nəfər xəsarət alıb. Qeyd edək ki, İsrail, 2023-cü ilin oktyabrında Livana qarşı hücumlara başlamış və bu hücumlar 2024-cü ilin sentyabrında genişmiqyaslı münaqişəyə çevrilmişdi. Münaqişədə 4 mindən çox insan həyatını itirmiş, təxminən 17 min nəfər yaralanmışdı.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Livan Prezidenti Cozef Aun ilə telefon danışığı aparıb. Görüş zamanı Türkiyə–Livan ikitərəfli münasibətləri və regional məsələlər müzakirə olunub. Danışıqda Prezident Ərdoğan Türkiyənin daim Livanın sabitliyini və suverenliyini dəstəklədiyini vurğulayıb. O bildirib ki, iki ölkə ticarət və investisiya sahələrində böyük potensiala malikdir. Prezident qeyd edib ki, Türkiyə Livanın təhlükəsizliyinin dəstəklənməsinə yönəlmiş beynəlxalq mexanizmlərdə iştirak etməyə hər zaman hazırdır.

İsrail döyüş təyyarələri Livanın cənub və şərqində yerləşən bir sıra ərazilərə hava hücumları həyata keçirib. Hücumlar İsrail ilə Livan arasında 27 noyabr 2024-cü ildə əldə olunmuş atəşkəs razılaşmasına baxmayaraq davam edir. İsrail təyyarələri ölkənin şərqində Baalbek şəhərinin qərbində yerləşən Bavadi qəsəbəsinin ətrafını və Hermel bölgəsinin kənd ərazilərində yerləşən Zagrin məntəqəsini hədəfə alıb. Cənub bölgəsində isə Deyr Seryan və Kasir qəsəbələrinin yerləşdiyi ərazilər, Zotar qəsəbəsi, Cizzin bölgəsindəki Reyhan təpələri, həmçinin Curet Hudur, Katrani və Kefr Huna ətrafına hava zərbələri endirilib.

ABŞ Dövlət Departamenti Livana 90,5 milyon dollar dəyərində orta sinif taktiki hərbi nəqliyyat vasitələrinin mümkün satışına razılıq verib. Açıqlamada bildirilir ki, sözügedən taktiki vasitələrin və əlaqəli avadanlıqların satışı Livan Silahlı Qüvvələrinin mövcud və gələcək təhlükələrlə mübarizə qabiliyyətini artıracaq, həmçinin ölkənin terrorla mübarizə fəaliyyətlərinin daha effektiv həyata keçirilməsinə imkan verəcək.