#Abbas Əraqçi

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, sanksiyalarla mübarizədə əsas həll yolu iqtisadi diplomatiyanın gücləndirilməsidir. Nazir bu məqsədlə Xarici İşlər Nazirliyində xüsusi iqtisadi diplomatiya üzrə müavinliyin yaradıldığını və bu istiqamətdə vilayət səviyyəsində diplomatiya konfranslarının keçirildiyini açıqlayıb. Əraqçi çərşənbə günü Məşhəd şəhərində jurnalistlərə verdiyi açıqlamada deyib ki, İran İslam Respublikasının xarici siyasətində əsas prioritet qonşu ölkələrlə münasibətlərdir. Onun sözlərinə görə, bu məsələ siyasi, təhlükəsizlik və strateji baxımdan olduğu kimi, iqtisadi cəhətdən də mühüm əhəmiyyət daşıyır.

İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib ki, Vaşinqton öz “tamahkar və təkəbbürlü siyasətindən” imtina etmədikcə Tehran ABŞ-la danışıqlara qayıtmayacaq. Rəsmi İSNA agentliyinin xəbərinə görə, Əraqçi jurnalistlərə açıqlamasında bildirib ki, “ABŞ-lı tərəflə əvvəlki dövrlərdə aparılan danışıqlar, o cümlədən Nyu-Yorkda baş tutan görüşlər, Vaşinqtonun həddindən artıq tələbləri və qeyri-real iddiaları səbəbindən dayandırılıb”.

Misir, İran, ABŞ və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) arasında aparılan intensiv diplomatik təmaslar nəticəsində Qahirə, Tehran və Vaşinqtonla yanaşı, Agentliklə də İranın nüvə proqramı üzrə danışıqların bərpası istiqamətində əməkdaşlığı davam etdirmək barədə razılığa gəlib. Bu barədə Misir Xarici İşlər Nazirliyi şənbə günü yaydığı bəyanatda məlumat verib. Bəyanatda qeyd olunur ki, xarici işlər naziri Bədr Əbdülati İranın xarici işlər naziri Abbas Əraqçi, ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkof və Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi ilə telefon danışıqları aparıb. Nazirlik bildirib ki, danışıqlar regionda təhlükəsizlik və sabitliyin qorunması, gərginliyin azaldılması və 9 sentyabrda Qahirədə İranla BAEA arasında imzalanmış razılaşmadan sonra yaranan diplomatik dinamikanın davam etdirilməsi məqsədi daşıyır.

İranın xarici işlər naziri Abbas Əraqçi Nyu-York səfərindən sonra verdiyi açıqlamada bildirib ki, ABŞ-la həm birbaşa, həm də dolayı mesaj mübadiləsi aparılsa da, proses danışıqların faydasız olduğunu ortaya qoyub. Əraqçi Nyu-Yorkda keçirdiyi intensiv həftəni dəyərləndirərək bildirib ki, səfər zamanı 31-dən çox ikitərəfli görüş keçirib, yüksək səviyyəli çoxtərəfli toplantılarda iştirak edib və İranın mövqelərini müdafiə edib.

İranın xarici işlər naziri Abbas Əraqçi ümid edir ki, sanksiyaların tətbiqi dondurulsun. Bu onun bazar günü BMT-nin baş katibinə ünvanladığı məktubda aydın görünürdü. Məktubda o, “sanksiya mexanizmlərinin, o cümlədən sanksiyalar komitəsi və ekspertlər heyətinin yenidən işə salınmasının qarşısını almağa” çağırırdı. Lakin cavab tez gəldi: Avropa İttifaqının rəhbərliyi bazar ertəsi bəyanat yayaraq bildirdi ki, “İranın nüvə sazişinə əməl etməməyə davam etməsinə cavab olaraq bu gün (bazar ertəsi) ona qarşı sanksiyaları yenidən tətbiq etdi”. İttifaq həmçinin bir daha təsdiqlədi ki, “diplomatik danışıqlar üçün qapı hələ də açıqdır”.

İran və Macarıstan BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nyu-Yorkda təhsil sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb. İranın xarici işlər naziri Abbas Əraqçi Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə görüşərək ikitərəfli əlaqələri və qarşılıqlı maraq doğuran sahələrdə münasibətlərin gücləndirilməsini müzakirə edib.

İran xarici işlər naziri Abbas Əraqçi ilə Oman xarici işlər naziri Bədr bin Həməd Əl-Busaidi BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nyu-Yorkda görüş keçiriblər. Əsas mövzulardan biri Qəzzadakı müharibə olub. Əraqçi İsrailin bölgədə həyata keçirdiyi “soyqırımın” dayandırılmasının və İsrail rəsmilərinin ədalət qarşısında cavab verməsinin zəruriliyini vurğulayıb.

İranın xarici işlər naziri Abbas Əraqçi BMT Təhlükəsizlik Şurasını diplomatiyaya üstünlük verməyə və qarşıdurmadan çəkinməyə çağırıb. Nazir bildirib ki, 2015-ci il nüvə anlaşmasında iştirak edən üç Avropa tərəfinə “lazımsız və qarşısı alına biləcək böhranın” yaranmaması üçün məntiqli və həyata keçirilə bilən plan təqdim edib.

İranın xarici işlər naziri Abbas Əraqçi Dohada İraq və Livanlı həmkarları ilə görüşərək bölgədə təhlükəsizlik və sabitliyin qorunmasının vacibliyini vurğulayıb. Əraqçi bazar günü Ərəb Liqası və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) dövlət başçılarının fövqəladə sammitinə hazırlıq məqsədilə keçirilən nazirlər görüşünün kənarında İraqın xarici işlər naziri Fuad Hüseynlə regional vəziyyəti müzakirə edib.

İran xarici işlər naziri Abbas Əraqçi, ölkənin zənginləşdirilmiş uran ehtiyatlarının İsrail və ABŞ tərəfindən iyun ayında həyata keçirilən hücumlarda zərbə alan nüvə obyektlərinin dağıntıları altında qaldığını açıqlayıb. Nazirin sözlərinə görə, qiymətləndirmə başa çatdıqdan sonra hesabat İranın Ali Milli Təhlükəsizlik Şurasına təqdim ediləcək və ölkənin təhlükəsizlik maraqları nəzərə alınaraq növbəti addımlar barədə qərar veriləcək.