Yəmənin informasiya naziri Müəmmər əl-İryani husilərin Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirməyə hazırlaşdıqlarını iddia edib. Onun sözlərinə görə, husilər Yəmənin qərb sahillərində hərbi mövcudluqlarını genişləndirirlər. Nazir husilərin Qırmızı dənizdəki strateji Yəmən adalarına da nəzarəti ələ keçirməyə çalışdıqlarını bildirib. Yəmən hökuməti limanlara, gəmilərə və dəniz qüvvələrinə qarşı hücumları bu planın göstəricilərindən biri hesab edir. Husilər hazırda Bab əl-Məndəb boğazının birbaşa sahilindəki ərazilərə nəzarət etmirlər. Bununla belə, boğazdan şimalda yerləşən Hüdeydə limanı onların nəzarətindədir. Bab əl-Məndəb beynəlxalq ticarət və enerji daşımaları üçün dünyanın mühüm dəniz keçidlərindən biridir. Boğaza nəzarət uğrunda mümkün mübarizənin Qırmızı dənizdə təhlükəsizlik vəziyyətini daha da gərginləşdirə biləcəyi bildirilir.