ABŞ-nin “Abraham Linkoln” təyyarədaşıyan gəmisi Beşinci Donanmanın məsuliyyət bölgəsində 54-cü dəniz təchizatı əməliyyatını başa çatdırıb. Gəmi doqquz təchizat gəmisi ilə ümumilikdə 140 saat birgə fəaliyyət göstərib. Bu müddətdə ona 75,7 milyon litrdən çox yanacaq çatdırılıb. Bundan başqa, 10 min 261 yük altlığı həcmində ərzaq, ehtiyat hissələri və müxtəlif materiallar gəmiyə verilib. “Abraham Linkoln” təxminən doqquz aydır hərbi xidmətdədir və İrana qarşı əməliyyatlarda iştirak edib. Uzunmüddətli xidmət gəmidə təchizat və yaşayış şəraiti ilə bağlı problemlər barədə xəbərlərin yayılmasına səbəb olub. ABŞ-də bəzi qanunvericilər gəmidəki şəraitlə bağlı Hərbi Dəniz Qüvvələrindən izahat tələb ediblər. Təyyarədaşıyan gəminin yaxın zamanda ABŞ-yə qayıtması gözlənilir.