#CAATSA sanksiyaları

ABŞ-də fəaliyyət göstərən 7 nüfuzlu Türk-Amerikan təşkilatı Birləşmiş Ştatlar Konqresinin 50-dən çox üzvünə birgə məktub ünvanlayaraq, Türkiyəyə F-35 qırıcı təyyarələrinin satışının dəstəklənməsini və CAATSA sanksiyalarının ləğv edilməsini tələb edib. Sənədi Türk Amerikan Dərnəkləri Asambleyası, Türk Amerikan Koalisiyası, MÜSİAD USA və TASC kimi aparıcı qurumlar imzalayıb. Təşkilatlar bildiriblər ki, F-35 tədarükünün təsdiqlənməsi NATO-nun cənub-şərq cinahını gücləndirməklə yanaşı, Ankara-Vaşinqton münasibətlərinə böyük töhfə verəcək və Türkiyənin alternativ hərbi bazarlara yönəlməsinin qarşısını alacaq.

NATO-nun Ankarada keçirilən 36-cı Zirvə Toplantısı çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında keçiriləcək görüş ikitərəfli münasibətlərin gələcək istiqamətinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Görüş zamanı müdafiə sənayesi, ticarət, investisiyalar və regional təhlükəsizlik məsələlərinin geniş şəkildə müzakirə ediləcəyi gözlənilir.