#ABŞ-İsrail münasibətləri

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə keçirdiyi telefon danışığında İsrail ordusunun Suriya və Livandakı hərbi mövcudluğunu azaltmasını və qoşunlarını geri çəkməsini istəyib. ABŞ və İsrail rəsmilərinin verdiyi məlumata görə, Tramp İsrail ordusunun Suriya ərazisində qalmasının regional gərginliyi artırdığını və daha genişmiqyaslı müharibəyə səbəb ola biləcəyini bildirib.

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunu yüksək qiymətləndirib. O, Netanyahunu “güclü müharibə dövrü baş naziri” adlandırıb. Tramp bildirib ki, heç bir ABŞ Prezidenti İsrail üçün onun qədər iş görməyib. O, ABŞ-nin Qüdsü İsrailin paytaxtı kimi tanımasını əsas nümunələrdən biri kimi göstərib. Tramp Netanyahu ilə sıx əməkdaşlıq etdiyini də deyib. Netanyahunun yenidən seçilməsini istəyib-istəmədiyi barədə suala isə birbaşa cavab verməyib. ABŞ Prezidenti İsrail Baş nazirinin daxili siyasəti barədə məlumatsız olduğunu bildirib. Bununla belə, Tramp Netanyahunun yaxşı iş gördüyünü düşündüyünü əlavə edib.

İsrailin Baş naziri Binyamin Netanyahu hökumət üzvlərinin ABŞ Prezidenti Donald Tramp və Vaşinqtonun İranla əldə etdiyi razılaşma barədə səsləndirdiyi tənqidi fikirlərin onun şəxsi mövqeyini əks etdirmədiyini amerikalı tərəfdaşlara çatdırmağa çalışır. Məlumata görə, Netanyahu son günlər Ağ Evlə münasibətlərdə yaranan gərginliyi azaltmaq üçün bir sıra addımlar atır. Baş nazir israilli nazirlərin sosial şəbəkələrdə paylaşdıqları və ABŞ-İran razılaşmasını, eləcə də Donald Trampı hədəf alan açıqlamalarına münasibət bildirərək, həmin fikirlərin hökumət rəhbərinin rəsmi mövqeyi ilə üst-üstə düşmədiyini izah etməyə çalışıb.

ABŞ-nin vitse-prezidenti Cey Di Vens İsrailin Baş naziri Benyamin Netanyahunun Vaşinqtonla münasibətlərdə müəyyən səhvlərə yol verdiyini etiraf edib. Bununla yanaşı, o, İsrail liderinin ABŞ üçün mühüm tərəfdaş olaraq qaldığını vurğulayıb. Vitse-prezident bildirib ki, ABŞ və İsrail arasında strateji tərəfdaşlıq davam etsə də, iki ölkənin maraqları hər zaman üst-üstə düşmür.

ABŞ Konqresinin Nümayəndələr Palatasında İsrailə hücum xarakterli silahların tədarükünün qismən dayandırılmasını nəzərdə tutan qanun layihəsinin tərəfdarlarının sayı son bir ildə əhəmiyyətli dərəcədə artıb. Bir il əvvəl təqdim edilən təşəbbüs ilkin mərhələdə yalnız 21 demokrat qanunvericinin dəstəyini qazansa da, hazırda layihənin həmmüəlliflərinin sayı 73 nəfərə çatıb.