#Şanxay Əməkdaşlıq Təşkilatının sammiti

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət Başçıları Şurasının 25-ci Zirvə Toplantısı çərçivəsində Rusiya Prezidenti Putinlə görüşüb. Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Dövlət Başçıları Şurasının 25-ci Zirvə Toplantısında iştirak etmək üçün Çinin Tianjin şəhərində səfərdə olan Ərdoğan sammit çərçivəsində təmaslarını davam etdirir. Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə görüşündə “Putinin tezliklə ölkəmizə səfərini gözləyirik” deyib.

Çinin Tiencin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) illik sammiti işə başlayıb. Genişmiqyaslı illik sammitdə 21 ölkədən liderlər və 10-dan çox beynəlxalq təşkilat iştirak edir. Tədbir çərçivəsində üzv dövlətlərin əsas sənədlərinin, o cümlədən təşkilatın yaxın 10 il üçün inkişaf strategiyasının qəbul edilməsi gözlənilir. AzerVoice xəbər verir ki, təşkilat 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. ŞƏT-in tamhüquqlu iştirakçıları 10 ölkə: Rusiya, Belarus, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan və Özbəkistandır. Hazırda Əfqanıstan və Monqolustan təşkilatda müşahidəçi statusuna, Azərbaycan, Bəhreyn, Misir, Kamboca, Ermənistan, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Türkiyə və Şri-Lanka isə təşkilatın dialoq tərəfdaşı statusuna malikdirlər.