İslamabad danışıqlarının fonunda gərginlik diplomatik bəyanatlarla davam edir. Ağ Evin yüksək rütbəli rəsmisi İranın dondurulmuş maliyyə vəsaitlərinin sərbəst buraxılması barədə yayılan məlumatları qətiyyətlə təkzib edərək, bu xəbərləri "saxta iddialar" adlandırıb.
#İslamabad sülh danışıqları
Fransa və Pakistanın xarici işlər nazirləri arasında baş tutan telefon danışığında İslamabad danışıqları və regional təhlükəsizlik məsələləri müzakirə edilib. Fransa Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, tərəflər ABŞ və İran arasındakı atəşkəs prosesinin Livanı da əhatə etməsinin vacibliyi barədə həmfikirdirlər.
ABŞ Prezidenti Donald Trampın İran sivilizasiyasını məhv etmək hədəsindən cəmi 90 dəqiqə əvvəl geri çəkilərək 2 həftəlik atəşkəs elan etməsi dünyanı böyük bir fəlakətin astanasından qurtarıb. Pakistanın gərgin vasitəçilik səyləri nəticəsində əldə olunan bu razılaşma regional partlayışın fitilini müvəqqəti söndürsə də, qarşıda mühüm bir sual durur: Bu, daimi sülhün müqəddiməsidir, yoxsa tərəflərin hərbi və iqtisadi maraqlarına xidmət edən taktiki fasilə?