İsrail ordusu HƏMAS liderlərini, o cümlədən digər ölkələrdəki fiqurlarını da hədəfə alaraq öldürməyə hazırdır. Bunu İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir açıqlayıb. “İsrail Müdafiə Qüvvələri bütün istiqamətlərdə və istənilən vaxt təşəbbüsü və əməliyyat üstünlüyünü qoruyaraq hücum əməliyyatları aparır. Dünən Qəzzada HƏMAS-ın yüksək rütbəli liderlərindən biri – Əbu Ubeydəyə zərbə endirdik. HƏMAS rəhbərliyinin böyük hissəsi artıq aradan götürülüb. Əməliyyatlarımız hələ başa çatmayıb, qalan rəhbərlərin çoxu xaricdədir və biz onlara da çatacağıq” – deyə Zamir bildirib.
#Əbu Ubeydə
İsrail ordusu Qəzza zolağında HƏMAS-ın hərbi qolunun rəsmi nümayəndəsi Əbu Ubeydəni öldürüb. Məlumatı İsrailin müdafiə naziri İsrael Kats təsdiqləyib. “HƏMAS-ın sözçüsü Əbu Ubeydə Qəzzada məhv edildi. O, artıq İran, Qəzza, Livan və Yəməndən olan ‘şər oxu’nun digər aradan qaldırılmış üzvləri ilə cəhənnəmdə ‘görüşməyə’ göndərildi” - deyə, o "X" sosial şəbəkəsində yazıb. Nazir İsrail ordusunun əməliyyatlarını yüksək qiymətləndirərək, HƏMAS liderlərinin zərərsizləşdirilməsinin davam edəcəyini bildirib: “Qəzzadakı kampaniya intensivləşdikcə, onun (Əbu Ubeydənin – red.) cinayətkar tərəfdaşları da tezliklə ona qoşulacaqlar.”
İsrailin baş naziri Benyamin Netanyahu açıqlayıb ki, ordusu HƏMAS-ın silahlı qanadı olan “İzzəddin əl-Qəssam Briqadaları”nın sözçüsü Əbu Ubeydəni hədəf alan hücum həyata keçirib. Netanyahu bu barədə bazar günü etdiyi çıxışında danışıb. “Ümid edirəm ki, o artıq aramızda deyil” - deyə, Netanyahu bildirib. Lakin HƏMAS hələlik Əbu Ubeydənin öldüyü barədə məlumatı təsdiqləməyib. Qeyd edək ki, Fələstin Səhiyyə Nazirliyinin açıqlamasına görə, son 24 saatda İsrailin Qəzza zolağına hücumları nəticəsində 88 nəfər həlak olub, 421 nəfər yaralanıb. Bununla da müharibənin əvvəlindən ölənlərin ümumi sayı 63 min 459 nəfərə yüksəlib. Nazirlik əlavə edib ki, İsrail ordusunun martın 18-dən bəri atəşkəsi pozaraq davam etdirdiyi hücumlarda indiyədək 11 min 328 nəfər ölüb, 48 min 215 nəfər yaralanıb. Son 24 saatda humanitar yardım gözləyənlərin hədəfə alındığı zərbələrdə isə 30 nəfər həlak olub, 166 nəfər yaralanıb.
HƏMAS-ın hərbi qolu olan “İzzəddin əl-Qəssam Briqadaları” Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) girovlara humanitar yardım çatdırılması ilə bağlı istənilən müraciətinə cavab verməyə hazır olduqlarını bildirib. Bu barədə hərəkatın rəsmi nümayəndəsi Əbu Ubeydənin “HƏMAS”ın “Telegram” kanalında dərc olunan bəyanatında qeyd olunub.
HƏMAS, Qəzza zolağında saxlanılan 10 girovun azad olunması ilə bağlı əvvəllər qəbul etdiyi təklifi geri çəkə biləcəyi ilə bağlı xəbərdarlıq edib.