AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC tərəfindən Bənövşəyi xəttin layihə adı “B-04” olan stansiyasında tikinti işlərinin növbəti mərhələsinə start verilib. Tikinti işlərinin gedişi ilə yerində tanış olmaq üçün əraziyə mediatur təşkil olunub. Bildirilib ki, bu mərhələdə inşaatla yanaşı, stansiyanın daxili infrastrukturunun qurulmasına da başlanılıb. Hazırda xidməti sahələr və otaqların tikintisi, arakəsmələrin quraşdırılması, üzləmə işlərinə hazırlıq tədbirləri həyata keçirilir. Mərtəbələr üzrə eskalatorların quraşdırılması artıq başa çatıb, onların sazlama və sınaq işləri isə inşaatın yekun mərhələsində icra olunacaq. Paralel olaraq havalandırma və soyutma sistemlərinin, o cümlədən güclü ventilyatorların quraşdırılmasına başlanılıb.