#Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Türkiyənin Sosial Təminat Qurumunun nümayəndə heyəti DOST Agentliyində olub. Nümayəndə heyətinə İnformasiya Texnologiyaları Baş İdarə rəisinin müavini Adnan Yılmaz rəhbərlik edib. Qonaqlar 1 saylı Bakı DOST Mərkəzində əhaliyə göstərilən xidmətlərlə tanış olublar. Onlara DOST konsepsiyasının üstünlükləri və sosial xidmətlərdə tətbiq olunan yeniliklər barədə məlumat verilib. Görüşdə Azərbaycanda əmək, məşğulluq və sosial müdafiə sahəsində aparılan islahatlar müzakirə olunub. DOST mərkəzlərində 164 növ xidmətin “bir pəncərə” prinsipi ilə təqdim edildiyi bildirilib. Tərəflər sosial müdafiə və rəqəmsal xidmətlər sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.

Azərbaycanın DOST modeli Moldovada pilot mərhələdə tətbiq ediləcək. Bu məqsədlə DOST Agentliyi ilə Moldova Respublikasının Milli Sosial Sığorta Kassası arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd sosial xidmətlərin daha səmərəli təşkili, “bir pəncərə” prinsipi əsasında xidmətlərin göstərilməsi və müasir sosial təminat sistemlərinin inkişafını nəzərdə tutur. Tərəflər DOST modelinin Moldova sosial sisteminə uyğunlaşdırılması üzrə əməkdaşlıq edəcəklər. Memorandum çərçivəsində təcrübə mübadiləsi, texniki dəstək və birgə layihələrin həyata keçirilməsi planlaşdırılır. Azərbaycan sosial xidmət sahəsində əldə etdiyi təcrübəni beynəlxalq əməkdaşlıq vasitəsilə paylaşmağa davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “İmkanlar hər kəs üçün” sosial əhəmiyyətli layihəyə başlanıb. Layihə BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) öncəsi BMT-nin Məskunlaşma Proqramı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşəbbüsü ilə keçirilən Azərbaycan Şəhərsalma Kampaniyası (#AUC2026) çərçivəsində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi tərəfindən təşkil olunub.