KAAN layihəsində Səudiyyə Ərəbistanı ilə ortaq investisiya hər an reallaşa bilər. Bu sözləri Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı və Misirə səfərlərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən qeyd edib. Səudiyyə Ərəbistanı ilə müdafiə sənayesi sahəsində əlaqələrin müsbət trayektoriya ilə inkişaf etdiyini bildirən Ərdoğan, xüsusilə pilotsuz uçuş aparatları sahəsində artıq bir çox müqavilələrin imzalandığını xatırladıb. KAAN layihəsinin isə sadəcə bir təyyarə deyil, Türkiyənin mühəndislik qabiliyyətinin və müstəqil müdafiə iradəsinin rəmzi olduğunu vurğulayıb.
#Türkiyə və Səudiyyə Ərəbistanı 31 maddəlik birgə bəyanat yayıb
Türkiyə ilə Səudiyyə Ərəbistanı liderlərinin Ər-Riyadda keçirdiyi təmaslardan sonra iki ölkə 31 maddəlik birgə bəyanat qəbul edib. Sənəddə tərəflər regional gərginliklərin artmasından narahatlıq ifadə edərək, diplomatik əlaqələndirmənin davam etdiriləcəyini bildiriblər. Bəyanatın mühüm hissələrindən biri iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi və özəl sektor xətti ilə əməkdaşlığın artırılması ilə bağlıdır.