Bəzən insan hansı ölkədə yaşadığını unudur. Azərbaycan məgər tarixi olaraq islam dünyasının tərkib hissəsi deyildirmi? Azərbaycanda hələ də uşaqlara Əhməd, Əli, Ömər kimi adlar qoyulmurmu? Bu məsələnin bir tərəfi. Daha sonra hansı metrik araşdırmalar hicabın və ya digər dini atributların təhsilə mane olduğunu göstəribdir. İnanclı ailələrin uşaqları arasında tərbiyə və təhsil səviyyəsinin aşağı olmasını göstərən metrik araşdırmalar varmı? Ümumiyyətlə, məsələnin bu cür qoyulması Türkiyədə olan acı təcrübəni niyə göz önünə gətirmir?
#Hicab çağırışları və hüquqi reallıq
Bu yaxınlarda mətbuatda bir yazıya rast gəldim. Yazının başlığı təqribən belə idi: “Hicabı buraxın, təhsilə yönəlin.” Bu cür ifadələr, ilk növbədə, vətəndaşların qanunvericiliklə təmin olunmuş hüquqlarına qarşı hörmətsiz yanaşmanı əks etdirir. Lakin məsələ təkcə hüquqi aspektlə məhdudlaşmır; burada daha dərin bir zehni problem mövcuddur. Hicab insanların etiqadından doğan dini bir tələbatdır. İstəyən bu tələbə əməl edər, istəməyən etməz. Bu seçim insanın vicdanı və inancı ilə bağlıdır. Qurani-Kərim bu prinsipial azadlığı açıq şəkildə ifadə edir: “De: Haqq Rəbbinizdəndir. Kim istəsə iman etsin, kim istəsə küfr etsin” (Kəhf, 18/29). Bu ayə göstərir ki, iman da, onun zahiri təzahürləri də məcburiyyətin deyil, iradənin nəticəsidir.