#müdafiə sənayesi məhsulları

Türkiyə müdafiə sənayesinin qabaqcıl şirkəti olan ASELSAN, qlobal bazarlardakı fəaliyyəti və texnoloji transformasiyadakı rolu sayəsində bazar dəyərində tarixi zirvəyə ulaşıb. Şirkətin baş direktoru Ahmet Akyol bu gün verdiyi rəsmi açıqlamada ASELSAN-ın bazar dəyərinin 38 milyard dolları keçərək yeni bir rekorda imza atdığını bildirib.

ROKETSAN-ın baş direktoru Murat İkinci Türkiyənin müdafiə sənayesindəki cari layihələr və Çelik Kubbe sistemi ilə bağlı mühüm açıqlamalar verib. O, ROKETSAN-ın tankəleyhinə raketlərdən tutmuş ballistik və qanadlı raketlərə qədər bir çox sahədə kütləvi istehsalı sürətlə davam etdirdiyini bildirib. Murat İkinci xüsusilə ballistik raketlərin istehsal prosesinə toxunaraq qeyd edib ki, həm "TAYFUN" ballistik raketləri, həm də "SOM" qanadlı raketlərinin istehsalı və tədarükü 24 saatlıq iş rejimi ilə həyata keçirilir.

Türkiyənin ilk yerli və milli, istehsaldan birbaşa zirehli strukturda hazırlanan SUV avtomobili "TULGA 4x4"-ün təhlükəsizlik qüvvələrinə təhvil verilməsi prosesi başlayıb. BMC şirkətinin rəsmi açıqlamasına görə, avtomobil bütün taktiki qabiliyyət testlərini uğurla tamamlayaraq sahədəki missiyasına start verib. "Ballistik Qorumalı Patrul və Müdaxilə Avtomobili Layihəsi" çərçivəsində hazırlanan TULGA 4x4, daxili təhlükəsizlik personalının operativ ehtiyaclarını qarşılamaq məqsədilə xüsusi olaraq dizayn edilib.

Türkiyənin Maşın və Kimya Sənayesi (MKE) şirkəti tərəfindən hazırlanan "TOLGA" yaxın hava müdafiə sistemi qlobal silah bazarında asimmetrik təhdidlərə qarşı ən effektiv həll yollarından biri kimi ön plana çıxıb. MKE baş direktoru İlhami Keleşin bildirdiyinə görə, xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra dronların ucuz və geniş yayılmış hərbi vasitəyə çevrilməsi yaxın hava müdafiəsi ehtiyacını artırıb. "TOLGA" bu boşluğu doldurmaq üçün Türkiyənin "Polad Qübbə" (Çelik Kubbe) hava hücumundan müdafiə layihəsinin alt seqmentini, yəni çox alçaq hündürlükdəki təhdidləri zərərsizləşdirmək üçün dizayn edilib.

Belçikanın müdafiə naziri Teo Franken Brüsseldə keçirilən Avropa Müdafiə Sərgisi və Konfransı (BEDEX) çərçivəsində Türkiyənin ASELSAN şirkətinin stendini ziyarət edib. Nazir Franken Türkiyənin müdafiə sənayesi sahəsindəki nailiyyətlərini yüksək qiymətləndirərək bildirib ki, Türkiyə böyük və güclü bir ölkə olmaqla yanaşı, həm də qüdrətli orduya və zəngin hərbi təcrübəyə malikdir. O, Belçikanın müəyyən imkanlara sahib olmasına baxmayaraq, Türkiyənin bu sahədəki geniş təcrübəsindən öyrənilməli olan bir çox məqamların olduğunu vurğulayıb.

Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu Avropa Hava Naviqasiyası Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) son məlumatlarına əsasən, ölkənin hava naviqasiyası xidmətlərində bütün zamanların ən yüksək göstəricisinə uşatdığını bildirib. Rəsmi statistikaya görə, 2026-cı ilin yanvar ayında Türkiyə 1 milyon 671 bin 405 xidmət vahidi ilə EUROCONTROL sistemi daxilində indiyədək qeydə alınan ən yüksək səviyyəyə çatıb. Bu göstərici ilə Türkiyə, təşkilatın üzvü olan 42 ölkə arasında liderliyini perçinləyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 22 il fasilə ilə gerçəkləşdirdiyi HAVELSAN ziyarətləri ölkənin müdafiə sənayesindəki milli dönüşümün ən bariz göstəricisinə çevrilib. Bu müddət ərzində Türkiyə müdafiə sənayesi sadəcə "montajçı" və "lisenziyalı istehsalçı" statusundan çıxaraq, öz layihələrini dizayn edən və dünyaya texnologiya ixrac edən bir güc mərkəzinə çevrilib. Bu transformasiyanın əsası 2004-cü ildə qəbul edilən və "hazır alış" əvəzinə "yerli istehsal" modelini ön plana çıxaran tarixi qərarlarla qoyulub.

Türkiyənin müdafiə sənayesi çərçivəsində hazırlanmış 12,7 mm uzaqdan idarə olunan silah sistemi quru platformalarından sonra dəniz platformalarında da təhlükəsizlik qüvvələrinin istifadəsinə təqdim olunub. SARSILMAZ şirkətinin yaydığı məlumata görə, ARES Tərsanəsi və Meteksan Müdafiə tərəfindən hazırlanmış Türkiyənin pilotsuz silahlı dəniz vasitəsi (SİDA) ULAQ İstanbul Tərsanəsi Komandanlığında keçirilən “Dəniz platformalarının xidmətə qəbul edilməsi, bayraq qaldırma və ilk sac kəsmə” mərasimi çərçivəsində təhvil verilib. Mərasimdə Rəcəb Tayyib Ərdoğan iştirak edib.

Türkiyənin ilk pilotsuz dəniz vasitəsinin ixracını həyata keçirən ULAQ Global beynəlxalq uğurunu Səudiyyə Ərəbistanına daşıyıb. SAMI Group-un törəmə şirkəti və Dövlət İnvestisiya Fonduna (PIF) məxsus SAMI Autonomous Company ilə ULAQ Global Autonomous Systems arasında Ər-Riyadda keçirilən World Defense Show 2026 çərçivəsində əməkdaşlıq sazişi imzalanıb.

Türkiyənin milli jet təyyarəsi HÜRJET, Ərzurumda sıfırın altında 21 dərəcəyə qədər düşən dondurucu soyuq və ağır qış şəraitində keçirilən yer və yüksək irtifa performans testi fəaliyyətlərini uğurla tamamlayıb. Türkiyə Müdafiə Sənayesi Başçılığı koordinasiyasında Türk Hava və Kosmos Sənayesi (TUSAŞ) tərəfindən hazırlanmış HÜRJET-in iki prototipi testlər üçün Ərzuruma yönəldilmişdi.

Türkiyənin müdafiə sənayesi nəhəngi olan ROKETSAN 2025-ci ili maliyyə baxımından böyük uğurlarla başa vuraraq dövriyyəsini 2 milyard dollardan yuxarı qaldırıb. Şirkətin baş direktoru Murat İkinci keçən il ərzində gəlirlərin dollar bazında 50 faiz artdığını bildirib. Onun sözlərinə görə ROKETSAN hazırda dünyanın ən sürətlə böyüyən müdafiə şirkətləri arasında yer alır. Şirkətin ixrac göstəriciləri də rekord həddə çataraq 750 milyon dolları ötüb ki bu da bir il əvvəlki göstəricidən 50 faiz çoxdur.

Türkiyə, Müdafiə Sənayesi İcra Komitəsinin qərarları çərçivəsində Çelik Kubbe hava müdafiə sistemini inventarına əlavə edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan layihənin uğurla həyata keçirildiyini və sistemin artıq istifadəyə verildiyini açıqlayıb. Ərdoğan bildirib ki, Müdafiə Sənayesi İcra Komitəsi çərçivəsində başlayan layihələrin nəticələri bir-bir toplanır və Çelik Kubbe də bu müvəffəqiyyətlərin nümunəsidir. Sistem, ölkənin strateji hava müdafiəsini gücləndirəcək və həm Türkiyənin, həm də müttəfiqlərinin təhlükəsizliyinə dəstək olacaq.