İran Prezidenti Məsud Pezeşkian Pakistanın vasitəçiliyi ilə keçirilən ABŞ-İran müzakirələrinə dair mühüm açıqlamalar verib. Prezident İslamabaddakı diplomatik prosesin gedişatından asılı olmayaraq, ölkə daxilində xidmətlərin fasiləsiz davam edəcəyini vurğulayıb. Pezeşkian hazırda Pakistanda olan yüksək səviyyəli İran nümayəndə heyətinin fəaliyyətini yüksək qiymətləndirib: "Pakistandakı heyətimiz bütün varlığı ilə İranın maraqlarını qoruyur və bu istiqamətdə cəsurca danışıqlar aparır". O bildirib ki, diplomatik komanda Tehranın milli təhlükəsizlik və iqtisadi maraqlarından geri addım atmadan müzakirələri davam etdirir.