Suriya Prezidenti Əhməd Əş-Şəraa rəsmi səfər çərçivəsində Səudiyyə Ərəbistanına gəlib. Suriya liderini Ciddə şəhərindəki Kral Əbdüləziz Beynəlxalq Hava Limanında Məkkə bölgəsinin vitse qubernatoru şahzadə Səud bin Mişal bin Əbdüləziz qarşılayıb. Səfər proqramı çərçivəsində Əhməd Əş-Şəraanın Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və Baş naziri Məhəmməd bin Salman ilə görüşü planlaşdırılır. Suriyanın rəsmi xəbər agentliyi SANA tərəfindən yayılan məlumata görə tərəflər ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və ortaq maraq kəsb edən regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparacaqlar.
#Suriya Səudiyyə münasibətləri
Bazar ertəsi Səudiyyə Ərəbistanının Xarici İşlər naziri şahzadə Feysəl bin Fərhan bin Abdullah ilə Suriyanın Xarici İşlər naziri Əsad əl-Şeybani arasında telefon danışığı baş tutub. Suriya tərəfinin təşəbbüsü ilə reallaşan bu dialoq zamanı Yaxın Şərqdə cərəyan edən son proseslər və regional təhlükəsizlik məsələləri əsas müzakirə mövzusu olub. Nazirlər iki ölkə arasındakı mövcud münasibətləri nəzərdən keçirərək, əməkdaşlığın gücləndirilməsi yollarını ətrafında fikir mübadiləsi aparıblar. Xüsusilə Suriyadakı son vəziyyət və böhranın siyasi yolla həlli istiqamətində göstərilən beynəlxalq və regional səylər diqqət mərkəzində olub. Şahzadə Feysəl Səudiyyə Ərəbistanının Suriyanın ərazi bütövlüyünü və sabitliyini dəstəkləyən mövqeyini bir daha vurğulayıb.
Suriya Səudiyyə Ərəbistanının Dəməşqdə keçirilən 2026-cı il Beynəlxalq Kitab Sərgisində fəxri qonaq qismində iştirakını iki ölkə arasındakı əlaqələrin güclənməsinin göstəricisi kimi qiymətləndirib. Sərgi fevralın 6-dan 16-dək təşkil olunur və Səudiyyə Ərəbistanının iştirakına Ədəbiyyat, Nəşriyyat və Tərcümə Komissiyası rəhbərlik edir. Səudiyyə Ərəbistanının Dəməşqdəki səfiri Faysal əl-Mucfil sərgi çərçivəsində qurulan Səudiyyə pavilyonunu ziyarət edib. O, Suriyanın mədəniyyət naziri Məhəmməd Yasin Saleh ilə görüşüb. Nazir Səudiyyə Ərəbistanının fəxri qonaq kimi dəvət edilməsini iki ölkə arasında tərəfdaşlıq və qarşılıqlı hörmətə əsaslanan mədəni münasibətlərin dərinliyinin təsdiqi kimi qiymətləndirib.
Səudiyyə Ərəbistanı Suriya hökuməti ilə Suriya Demokratik Qüvvələri (SDQ) arasında əldə olunmuş tarixi razılaşmanı dəstəklədiyini bəyan edib. Krallığın Xarici İşlər Nazirliyi bazar ertəsi yaydığı bəyanatda Dəməşq ilə SDQ arasında əldə olunan 14 bəndlik sazişi müsbət addım kimi qiymətləndirib. Razılaşmaya əsasən, bütün SDQ qüvvələri Suriyanın Müdafiə və Daxili İşlər nazirliklərinin tərkibinə daxil ediləcək. Həmçinin kürd birləşmələrinin Fərat çayının şərqinə çəkilməsi və Deyr əz-Zor ilə Rəqqa vilayətlərinin idarəetməsinin dərhal mərkəzi hökumətə təhvil verilməsi nəzərdə tutulur. Sənədə görə, Suriya dövləti bölgədəki bütün sərhəd keçid məntəqələri, neft və qaz yataqları üzərində nəzarəti tam bərpa edəcək.
Suriya Turizm Naziri Mazen əl-Salhani Ər-Riyadda Səudiyyə Ərəbistanının Turizm Naziri Əhməd Aqil Al-Xateyb ilə görüş keçirib. Tərəflər iki ölkə arasında turizm sahəsində əməkdaşlığın gücləndirilməsi imkanlarını nəzərdən keçiriblər.