Müasir dünyada mədəni və dini müxtəliflik həm zənginlik, həm də mübahisələrin potensial mənbəyi kimi çıxış edir. Bu fərqliliklərin sülh və qarşılıqlı hörmət əsasında idarə olunmasında mediasiyanın rolu getdikcə artır. Hümmət Əliyev bildirir ki, bu tip mediasiya xüsusi həssaslıq və peşəkarlıq tələb edir. Prosesdə mediator ilk növbədə tərəflərin dəyərlərini, inanclarını və tarixi kontekstini dərindən anlamalıdır. “Mediasiyanın məqsədi kiminsə haqlı və ya haqsız olduğunu sübut etmək deyil, qarşılıqlı anlaşma üçün təhlükəsiz dialoq mühiti yaratmaqdır,” – deyə o əlavə edir.
#Qarşılıqlı anlaşma
Mediasiya insanların mübahisələri zorakılıq və ya məhkəmə çəkişməsinə getmədən, qarşılıqlı anlaşma və dialoq yolu ilə həll etməsinə şərait yaradır. Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanununa əsasən, bu proses könüllülük, bərabərlik və qarşılıqlı hörmət prinsiplərinə söykənir. Belə yanaşma cəmiyyətdə dialoq və empatiya mədəniyyətini formalaşdırır, qarşıdurmaların dərinləşməsinin qarşısını alır. Mediasiya sayəsində konfliktlərdə “qazanan və uduzan” anlayışı yox, “hər iki tərəf qazanan” prinsipi tətbiq olunur.