İran İslam Respublikası Xarici İşlər Nazirliyi, Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) İdarə Heyətinin (BoG) İranın sülh məqsədli nüvə proqramı ilə bağlı qəbul etdiyi qətnaməni qanunsuz və əsassız adlandırıb. Nazirliyin bəyanatında qətnamənin ABŞ, Almaniya, Fransa və Böyük Britaniyanın təzyiqi ilə qəbul edildiyi qeyd olunub. Qətnamə 20 noyabr 2025-ci il tarixində üç Avropa ölkəsi (Fransa, Böyük Britaniya, Almaniya) tərəfindən ABŞ-ın dəstəyi ilə irəli sürülüb və 19 səs lehinə, 12 bitərəf və 3 əleyhinə olmaqla qəbul edilib.
#nüvə sazişindən sonrakı İran
İran, sentyabr ayında Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə imzaladığı və əməkdaşlığın bərpasını nəzərdə tutan Qahirə Anlaşmasını rəsmən ləğv etdiyini açıqlayıb. İranın Xarici İşlər naziri Abbas Əraqçi, İngiltərə, Fransa, Almaniya və ABŞ-ın MAQATE İdarə Heyətinə Tehran əleyhinə qərar layihəsi təqdim etməsindən sonra bu açıqlamanı verib. Əraqçi bildirib ki, qərar layihəsini təqdim edən ölkələr İranın yaxşı niyyətini nəzərə almadan MAQATE-nin etibarlılığına və müstəqilliyinə xələl vurublar və agentlik ilə İran arasındakı əməkdaşlıq prosesini pozublar. O, eyni zamanda, sentyabr ayında MAQATE ilə imzalanan əməkdaşlıq anlaşmasının artıq qüvvədə olmadığını vurğulayıb.
İran Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami ABŞ və onun müttəfiqlərini İranın elmi nailiyyətlərinə qarşı gərginliyi artırmaqda ittiham edib. Yəmənin “Əl-Məsirə” televiziyasına müsahibəsində İslami, İranın dinc nüvə obyektlərinə edilən hücumların ölkənin elmi potensialına qarşı görünməmiş təcavüz olduğunu bildirib. Onun sözlərinə görə, bu hücumların vaxtı və xarakteri qarşıdurmanın yeni və təhlükəli mərhələyə adladığını göstərir. İslami İranın hüquqlarından geri çəkilməyəcəyini vurğulayaraq qeyd edib ki, “Tehran heç vaxt öz hüquqlarından güzəştə getməyəcək və heç kimə iradəsini diktə etməyə icazə verməyəcək.”
İran ABŞ-lə nüvə danışıqları aparmayacaq. Bu sözləri İran Xarici İşlər Naziri Abbas Əraqçi İranın nüvə proqramına dair verdiyi açıqlamada bildirib. Əraqçi deyib ki, İran nüvə fəaliyyətlərindən vaz keçməyəcək və raket proqramı müzakirə mövzusu olmayacaq. “Heç bir ağıllı insan silahsızlanmanı qəbul etməz. Uranı zənginləşdirməyi dayandırmaq mümkün deyil. Müharibə ilə əldə edilməyən şey siyasətlə verilməz. Tehran nüvə fəaliyyətlərinin dinc xarakterli olduğundan əmindir və narahatlıqları aradan qaldırmaq üçün danışıqlara hazırdır. Lakin birbaşa görüş niyyətində deyilik. Ədalətli razılaşmağa gəlmək mümkündür, lakin Vaşinqton qəbulolunmaz şərtlər irəli sürüb. ABŞ öz tələb və şərtlərini yerinə yetirməyimiz üçün təkid etməsə, dolayı görüşlər vasitəsilə ədalətli razılığa gələ bilərik”-deyə nazir bildirib.
İranın hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazem Gəribabadi bildirib ki, Rusiya, Çin və İranın səfirləri və BMT yanında daimi nümayəndələri Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossiyə birgə məktub göndəriblər. Gəribabadi öz “X” hesabında yazıb ki, Rusiya, Çin və İranın 18 oktyabr tarixində BMT Baş katibinə və Təhlükəsizlik Şurasının sədrinə 2231 saylı qətnamənin qüvvədən düşməsi barədə birgə məktub göndərməsindən sonra, bu gün Xarici İşlər Nazirliyinin diplomatik təşəbbüsləri çərçivəsində həmin üç ölkənin MAQATE yanındakı səfirləri və daimi nümayəndələri Agentliyin Baş direktoruna birgə məktub göndəriblər.
Tehran hazırda iki mühüm seçim qarşısındadır - ya yeni nüvə sazişi əldə etmək üçün danışıqlara qayıtmaq, ya da ballistik raket proqramına toxunan hər hansı razılaşmanı rədd edərək, ABŞ Prezidenti Donald Trampın “maksimum təzyiq” siyasətinin sona çatmasını gözləmək.