Yəməndəki husi hərəkatı ("Ənsarullah") İsrailə qarşı yeni raket hücumu həyata keçirdiyini bəyan edib. Husilərin rəsmi nümayəndəsi bu əməliyyatın İran və Livanın "Hizbullah" qruplaşması ilə sıx koordinasiya şəraitində gerçəkləşdirildiyini bildirib. Açıqlamada qeyd olunur ki, bu hücum İsrailin regionun müxtəlif ölkələrinə, xüsusilə Livan və İrana qarşı davam edən hərbi təcavüzünə cavab xarakteri daşıyır. Yəmən qruplaşması İsrailin hücumlarını dayandırmayacağı təqdirdə eskalasiyanı daha da artırmağa hazır olduqlarını vurğulayıb.
#İsrail-İran müharibəsi
Müharibənin başlanğıcından bəri İran tərəfindən buraxılan raket və pilotsuz uçuş aparatlarının (PUA) statistik təhlili göstərir ki, Tehranın hədəflərinin təxminən 83 faizi ərəb Körfəz ölkələri, cəmi 17 faizi isə İsrail olub. Bu rəqəmlər İranın "İsrailə qarşı müharibə" ritorikasının arxasında əslində regionun sabitliyini və enerji təhlükəsizliyini hədəf aldığını ortaya qoyur.
İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-ın bölgədəki hərbi hərəkətliliyini və qoşun yerləşdirmə planlarını yaxından izlədiklərini bəyan edib. O, Vaşinqton administrasiyasına müraciət edərək, "Torpaqlarımızı müdafiə etmək qətiyyətimizi sınamayın" ifadəsini işlədib. Qalibaf "X" sosial media platformasında paylaşdığı mesajında Pentaqonun bölgəyə əlavə qüvvələr göndərəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Məclis sədri qeyd edib ki, generalların və siyasi qərar vericilərin yol verdiyi səhvləri əsgərlər düzəldə bilməz. O, həmçinin ABŞ hərbçilərinin İsrailin Baş naziri Benyamin Netanyahunun xülyalarının qurbanı olacağını vurğulayıb.
ABŞ Prezidenti Trampın İranın enerji infrastrukturuna hücum planını 5 gün müddətinə təxirə saldığını açıqlamasından dərhal sonra, İsrail ordusu paytaxt Tehrana qarşı yeni bir hərbi əməliyyat başladığını duyurub. Vaşinqtonun hücumları müvəqqəti dayandırmaq qərarına baxmayaraq, İsrail tərəfi Tehranın strateji nöqtələrini hədəf almağa davam edir. Paytaxtın müxtəlif ərazilərindən partlayış səsləri eşidilir və hava hücumundan müdafiə sistemlərinin aktivləşdiyi bildirilir. İsrail rəsmiləri bu hücumların "təhlükəsizlik təhdidləri tamamilə aradan qaldırılana qədər" davam edəcəyini vurğulayıblar.
İsrailin müdafiə naziri İsrail Katz ordu komandanlığı ilə keçirdiyi təhlükəsizlik qiymətləndirmə iclasında İrana qarşı 22 gündür davam edən hərbi əməliyyatları müzakirə edib. Nazir bildirib ki, gələn həftə ABŞ ilə birlikdə həyata keçirilən hücumların intensivliyi "əhəmiyyətli dərəcədə" artırılacaq. Katz vurğulayıb ki, İranın hərbi komandanlıq heyəti və strateji nöqtələri hədəf alınmağa davam edəcək. O, İsrail və ABŞ-ın maraqlarına yönəlmiş hər hansı "təhlükəsizlik təhdidi" tamamilə aradan qaldırılana qədər bu hücumların davam edəcəyini qeyd edib.
İranın xarici işlər naziri Abbas Əraqçi "Al Jazeera" telekanalına verdiyi müsahibədə ölkəsinin ABŞ və İsrail ilə müharibədə geri çəkilməyəcəyini bəyan edib. Nazir İranın siyasi sisteminin güclü olduğunu və yüksək rütbəli rəsmilərin itkisinin dövləti sarsıtmayacağını vurğulayıb. O, İranın yeni lideri Müctəba Xameneinin yaralanması xəbərinə münasibət bildirərək, liderin səhhətinin mükəmməl olduğunu və yalnız yüngül yaralar aldığını qeyd edib.
İranın İnqilab Keşikçiləri Korpusu (SEPAH) ötən gecədən etibarən ölkənin hava məkanında kəşfiyyat uçuşları həyata keçirən İsrailə məxsus iki müasir pilotsuz uçuş aparatının (PUA) zərərsizləşdirildiyini açıqlayıb. Yarı-rəsmi "Fars" xəbər agentliyinin məlumatına görə, PUA-lardan biri paytaxt Tehran, digəri isə Buşəhr əyalətinin Cem şəhəri səmasında ölkənin hava hücumundan müdafiə sistemləri tərəfindən hədəfə alınıb. Vurulan aparatlardan birinin İsrail istehsalı olan "Hermes", digərinin isə "Heron" tipli olduğu bildirilir.
"VOA-nın rəsmi məlumatlar əsasında topladığı statistikaya görə, İranın hücumlarına ən çox Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) məruz qalıb. Ondan sonra ardıcıllıqla Küveyt, Bəhreyn, Qətər, Səudiyyə Ərəbistanı və İordaniya gəlir. Oman sultanlığı isə təxminən 16 PUA hücumu ilə ən az hədəf alınan ölkə olub.
İranın Mərkəzi əyalətində yerləşən yaşayış məntəqəsinə ABŞ və İsrail qüvvələri tərəfindən hava zərbəsi endirilib. İran dövlət televiziyasının yaydığı məlumata görə, hücum əyalətin Hizab kəndini hədəf alıb. Hadisə zamanı kənddəki evlərdən birinə birbaşa mərmi düşməsi nəticəsində dağıntılar yaranıb. İlkin məlumatlara əsasən, hücum nəticəsində 6 mülki şəxs həyatını itirib, 7 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralıların xəstəxanaya yerləşdirildiyi və vəziyyətlərinin izlənildiyi bildirilir.
İsraildə hava məkanının mərhələli şəkildə yenidən açılması ilə paytaxt Tel-Əvivdəki Ben Qurion beynəlxalq hava limanında uçuşların bərpa olunacağı elan edilib. "Jerusalem Post" qəzetinin məlumatına görə, ölkənin iki yerli aviaşirkəti — "Israir" və "Arkia" uçuşlara başlayacaqlarını bəyan ediblər. "Israir" şirkəti cümə axşamı günü Roma, Berlin, Afina, Batumi və Rovaniemi şəhərlərindən Ben Qurion hava limanına beş reys həyata keçirməyi planlaşdırır.
İran dövlət televiziyası İsrailə qarşı yeni bir raket hücumu dalğasının başladığını elan edib. Regional gərginliyin pik həddə çatdığı bir vaxtda baş verən bu hücum həm havadan, həm de quru əməliyyatları ilə müşayiət olunur. Yerli medianın yaydığı məlumata görə, Livandakı "Hizbullah" qruplaşması İranın raket zərbələri ilə eyni vaxtda İsrail ərazilərinə pilotsuz uçuş aparatları (PUA) vasitəsilə hücuma keçib. Bu koordinasiyalı hücum İsrailin hava hücumundan müdafiə sistemlərini geniş bir cəbhədə sınağa çəkir.
ABŞ "regional gərginliklər səbəbindən" Küveytdəki səfirliyini müvəqqəti olaraq bağlayıb.