#Tehran

Bu göstərici Pentaqonun cəmi iki həftə əvvəl Konqresə təqdim etdiyi 25 milyar dollarlıq proqnozu xeyli üstələyib. Maliyyə yükünün artım sürəti ekspertlər arasında ciddi narahatlıq doğurur. Harvard Kennedi Məktəbinin mütəxəssisləri hələ aprel ayında xəbərdarlıq etmişdilər ki, münaqişənin ABŞ vergi ödəyicilərinə verəcəyi ümumi zərər uzunmüddətli perspektivdə 1 trilyon dollara çata bilər.

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rızai ölkəsinin yenidən hücuma məruz qalacağı təqdirdə uranı 90 faiz zənginləşdirmə variantını nəzərdən keçirə biləcəyini bildirib. Rızai sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bu məsələnin parlamentdə müzakirəyə çıxarıla biləcəyini qeyd edib.

ABŞ Prezidenti Donald Tramp İranla diplomatik həll imkanının hələ də qorunduğunu bildirib və Tehranla razılaşmanın mümkün olduğunu vurğulayıb. O, İran rəhbərliyini sərt tənqid edərək onların əldə olunan razılaşmalardan geri çəkildiyini iddia edib. Trampın açıqlamaları Vaşinqton və Tehran arasında artan gərginlik fonunda diqqət çəkib. İran isə ABŞ-ın irəli sürdüyü tələbləri “qeyri-real” adlandıraraq öz mövqeyini müdafiə edib.

İran dövlət televiziyası bildirib ki, ABŞ-ın irəli sürdüyü təklif Tehran tərəfindən qəbul edilməyib. Tehran Vaşinqtona təqdim etdiyi cavabda müharibə təzminatının ödənilməsini, eləcə də Hörmüz boğazı üzərində İranın suverenliyinin tanınmasını tələb edib. Bununla yanaşı, İran tərəfi sanksiyaların ləğvi və dondurulmuş aktivlərin azad olunmasının da vacib şərt olduğunu bildirib.

ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun İranın müharibənin dayandırılması ilə bağlı təklifə cavabını bu gün alacağını gözlədiyini bildirib. ABŞ dövlət katibi bildirib ki, cavabın məzmunu növbəti mərhələnin müəyyən olunması baxımından mühüm əhəmiyyət daşıyacaq.

İranla ABŞ arasında əldə olunmuş kövrək atəşkəs yeni hücumlar fonunda ciddi sınaqla üzləşib . Bildirilib ki, tərəflər arasında mümkün razılaşma ilə bağlı danışıqlar davam etsə də, hələ yekun qərar qəbul edilməyib. İran tərəfi vasitəçi rolunda çıxış edən Pakistanın təqdim etdiyi təklifləri nəzərdən keçirdiyini açıqlayıb .

İsrail təhlükəsizlik orqanları İran tərəfindən mümkün məlumat sızması riski ilə bağlı narahatlıqlar səbəbindən şimal sərhəd bölgəsində istifadə olunan raket izləmə sisteminə yerli qurumların çıxışını məhdudlaşdırıb. Şimal bölgəsində fəaliyyət göstərən yerli rəsmilər sistemə çıxışın məhdudlaşdırılmasından sonra əməliyyat məlumatlarının əlçatan olmadığını bildiriblər. Onların sözlərinə görə, bu vəziyyət raketlərin istiqaməti və təsir zonası barədə dəqiq qiymətləndirmələrin aparılmasını çətinləşdirib.

Çin xarici işlər naziri Van İ ABŞ və İran arasında hərbi qarşıdurmanın dayandırılması üçün təcili və hərtərəfli razılaşmanın əldə olunmasının vacibliyini bildirib. Van İ iranlı həmkarı Abbas Əraqçi ilə görüşü zamanı müharibənin yenidən alovlanmasının arzuolunmaz olduğunu vurğulayıb və atəşkəsin gecikdirilmədən təmin edilməsinin zəruriliyini qeyd edib

ABŞ dövlət katibi Marko Rubio İrana qarşı həyata keçirilən “Epik Qəzəb” adlı hərbi əməliyyatın başa çatdığını bildirib. Bildirilib ki, ABŞ yaxın günlərdə BMT Təhlükəsizlik Şurasına yeni qətnamə layihəsi təqdim edəcək. Layihə Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin olunmasını və İranın hücum fəaliyyətlərinin dayandırılmasını nəzərdə tutur.

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ın həyata keçirdiyi “Azadlıq layihəsi” ilə bağlı sərt açıqlama verib. Qeyd edək ki, İran Silahlı Qüvvələri daha əvvəl ABŞ donanmasını Hörmüz boğazı ərazisinə daxil olmamaqla bağlı xəbərdar etmişdi. ABŞ isə Prezident Donald Trampın göstərişi ilə ticarət gəmilərinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə “Azadlıq əməliyyatı”na start verib.