#İsrail hücumu HƏMAS

İsrailin müdafiə naziri İsrail Kats bu gün cümə günü bəyan edib ki, Qəzza zolağında HƏMAS-a məxsus bütün tunellərin “sonuncu tunelədək” tamamilə məhv edilməsi üçün orduya göstəriş verib. Kats sosial şəbəkə “X”dəki hesabında yazıb: “Əgər tunellər olmasa, HƏMAS da olmayacaq”. Bu barədə İsrailin “Yedioth Ahronoth” qəzeti məlumat yayıb.

İsrailin nəqliyyat və rabitə naziri Miri Reqev, HƏMAS-ın Qəzzadakı keçmiş lideri Yəhya Sinvarın cəsədinin yandırılmasını təklif edib. Nazir bu fikri hökumətin təhlükəsizlik kabinetinin son iclasında səsləndirərək bildirib ki, “bəzən elə simvollar olur ki, onların geri qaytarılması yolverilməzdir.” Reqev iclasda ABŞ-ın 2011-ci ildə “Əl-Qaidə” lideri Üsama bin Ladeni öldürüb cəsədini dənizə atmasına istinad edərək deyib: “Mən təklif etdim ki, biz də Sinvara, Bin Ladenlə amerikalıların etdiyini edək.”

İraqın baş naziri Məhəmməd Şiə əs-Sudani tərəfindən “İsrailə qarşı ərəb–islam ittifaqı qurmaq” çağırışı, İsrailin müxtəlif istiqamətlərdə davam edən hücumlarının yaratdığı böyük təhlükələr fonunda, o cümlədən Qətərin paytaxtı Dohanın hədəfə alınması səbəbilə, iraqlılar arasında müsbət əks-səda doğurub. Sudani televiziya açıqlamalarında “İsrailin Qətəri hədəf almasının beynəlxalq hüququn açıq şəkildə pozulması olduğunu” bildirib, “İsrailə qarşı siyasi, təhlükəsizlik və iqtisadi islam ittifaqı qurmağın vacibliyini” vurğulayıb.

ABŞ dövlət katibi Marko Rubio İsrailə səfər edib. AzerVoice xəbər verir ki, səfər çərçivəsində o, ölkəsinin Təl-Əvivə dəstəyini bir daha təsdiqləyib. Bu bəyanat, İsrailin Qətərdə HƏMAS liderlərinə qarşı həyata keçirdiyi zərbələrin ABŞ prezidenti Donald Tramp da daxil olmaqla beynəlxalq və regional dairələrdə sərt tənqidlər doğurmasına baxmayaraq, səslənib. Rubio Təl-Əvivə yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında bildirib ki, Trampın İsraili açıq şəkildə tənqid etməsi ABŞ-ın İsrailə dəstəyini dəyişməyəcək.

Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi İsrailin baş naziri Benyamin Netanyahunun Qətərə qarşı səsləndirdiyi bəyanatları pisləyib. Bildirilib ki, İsrail hakimiyyətinin bu cür bəyanatları və təcavüzkar fəaliyyətləri, eləcə də beynəlxalq hüquq normalarının ciddi şəkildə pozulması beynəlxalq ictimaiyyəti İsrailin bölgədəki dağıdıcı siyasətlərinə qarşı real tədbirlər görməyə məcbur edir. Xatırladaq ki, çərşənbə günü Netanyahu “X” sosial şəbəkəsində paylaşdığı videoda Qətərin HƏMAS rəsmilərini ölkədən çıxarmalı və ya “ədalətə təhvil verməli” olduğunu deyib və “Əgər bunu etməsəniz, biz edəcəyik”, - deyə əlavə edib.

BMT Təhlükəsizlik Şurasının İsrailin Qətərə hücumunu pisləyən bəyanatı uzun illərdən sonra ilk dəfə ABŞ-ın da beynəlxalq konsensusa qoşulması ilə mümkün olub. Bu dəfə Vaşinqton da İsrailin HƏMAS-a qarşı müharibəni aşaraq bütün beynəlxalq qanun və normaları pozan addımlarına qarşı çıxış edib. Şuranın qəbul etdiyi bəyanatda İsrailin adı açıq şəkildə qeyd olunmasa da, “əsas vasitəçi ölkənin ərazisi olan Dohaya edilən son hava hücumları pislənir” ifadəsi diqqət çəkib. Bu, nəinki Donald Tramp dövründə, hətta onun sələfi Co Baydenin hakimiyyəti illərində də ilk dəfə BMT TŞ-nin İsraili hədəf alan pisləmə bəyanatı idi.

İsrailin Dohada HƏMAS liderlərinə qarşı həyata keçirdiyi hücum bütün ərəb və islam dövlətlərinə müharibə elan etmək anlamına gəlir. Bu barədə HƏMAS-ın siyasi bürosunun üzvü Fauzi Barxum bildirib. “İsrailin törətdiyi bu cinayət sadəcə Qətərə hücum deyil, həm də bütün ərəb və islam ölkələrinə müharibə elanıdır və regionun sabitliyinə ciddi təhdid yaradır” – deyə, Barxum qeyd edib. Onun sözlərinə görə, İsrailin hücumu nəticəsində HƏMAS-ın Qəzza zolağındakı lideri Xalil əl-Heyyanın həyat yoldaşı, gəlini və nəvələri yaralanıblar. Əl-Heyyanın vəziyyəti barədə isə məlumat verilməyib.

Fələstin Milli Təşəbbüs Hərəkatının baş katibi, doktor Mustafa Bərğuti bəyan edib ki, İsrailin Dohada HƏMAS nümayəndə heyətini hədəfə alan hücumu “dönüş nöqtəsi”dir və çox təhlükəli nəticələrə gətirib çıxaracaq. O bildirib ki, İsrailin əsl siması üzə çıxdı – razılaşmaya mane olan tərəf fələstinlilər deyil, məhz İsraildir və o, hər dəfə qəsdən gərginliyi artırır. Qətər dövləti isə HƏMAS-ın Siyasi Bürosunun bir neçə üzvünün yaşayış yerlərinə edilən İsrail hücumunu pisləyib və bu məsuliyyətsiz davranışa göz yummayacağını vurğulayıb.

İsrailin Dohada HƏMAS rəhbərliyinə aid yaşayış yerlərinə endirdiyi hava zərbəsi Qəzzada davam edən müharibənin gedişatında təhlükəli bir dönüş nöqtəsi oldu. Bu hadisə Vaşinqtonun müttəfiqi və İsraillə fələstinli qruplar arasında ənənəvi vasitəçi sayılan Qətəri ilk dəfə bu qədər birbaşa və görünməmiş şəkildə qarşıdurmanın mərkəzinə gətirdi. Doha baş verənləri “qorxaq hücum” adlandıraraq HƏMAS-ın Siyasi Bürosuna aid rəhbərlərin yaşayış yerlərinin hədəfə alındığını açıqladı. İsrail isə bunun “HƏMAS terror rəhbərliyinə” qarşı həyata keçirilmiş əməliyyat olduğunu bildirdi və bunu hərəkatın kadrlarını harada olurlarsa, orada izləyib məhv etmək kampaniyasının davamı kimi təqdim etdi.

İsrailin Dohaya endirdiyi hava zərbəsi nəticəsində Qətər təhlükəsizlik qüvvələrinin bir əməkdaşı həlak olub, bir neçəsi isə yaralanıb. Bu barədə Qətərin Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazirliyin açıqlamasına görə, ilkin məlumata əsasən, daxili təhlükəsizlik qüvvələrinin hərbi qulluqçusu – onbaşı Bader Saad Məhəmməd əl-Xumeydi əd-Dusari xidməti vəzifəsini yerinə yetirərkən hücumun hədəfi olan obyektdə həyatını itirib. Hadisə zamanı bir neçə təhlükəsizlik əməkdaşı da xəsarət alıb.

Qətər Daxili İşlər Nazirliyi İsrailin Dohadakı HƏMAS rəhbərlərinə qarşı həyata keçirdiyi hücumdan sonra hadisələrin gedişatını diqqətlə izlədiyini və bütün zəruri tədbirləri gördüyünü bildirib. Bu barədə nazirliyin verdiyi açıqlamada qeyd olunur. “Səlahiyyətli orqanlar hədəf bölgəni araşdırmaqda və təhlükəsizliyi təmin etməkdə davam edir. Daxili İşlər Nazirliyi daxili təhlükəsizlik qüvvələri ilə birlikdə hadisələrin gedişatını diqqətlə izləyir və vətəndaşların, eləcə də sakinlərin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görür” - deyə, açıqlamada vurğulanıb.