#Prezident İlham Əliyev

Azərbaycan enerji sahəsində yeni inkişaf mərhələsinə daxil olur. Prezident İlham Əliyevin tapşırığına əsasən "AzərEnerji" ASC tərəfindən 100 faiz daxili maliyyə vəsaiti hesabına iki əsas yarımstansiyada - 500 kV-luq "Abşeron" və 220 kV-luq "Ağdaş" yarımstansiyalarının ərazilərində ümumi gücü 250 MVt, enerji tutumu isə 500 MVt/saat olan böyük enerji saxlanc mərkəzləri yaradılıb. Belə miqyasda bu cür mərkəzlərin qurulması yalnız Azərbaycanda deyil, ümumilikdə MDB regionunda ilkdir. Layihə çərçivəsində "Abşeron" Batereya Enerji Saxlanc Mərkəzinin ərazisində 50 akkumulyator batareya və 13 invertor konteyneri quraşdırılıb. Beynəlxalq məsləhətçi şirkətlərin (ABŞ-nin TETRA Tech və Türkiyənin EPRA) apardıqları araşdırma Azərbaycanda təxminən 1850 MVt gücündə bərpaolunan enerji mənbələrinin təhlükəsiz şəkildə enerji sisteminə qoşulması üçün bu cür batareya sistemlərinin yaradılmasının zəruri olduğunu göstərib. Batareya Enerji Saxlanc Mərkəzi çevikliyi ilə seçilir. Belə ki, onlar 2 saat ərzində tam doldurula və ya boşaldıla bilər. Artıq enerji, o cümlədən günəşli saatlarda istehsal olunan enerji burada toplanır və pik saatlarda - enerjiyə tələbat artan zaman avtomatik olaraq şəbəkəyə verilir. Bir sözlə, bu sistemlər enerjini yığıb saxlayır, lazım gəldikdə isə onu istifadəyə yönəldir. Belə Mərkəzin tətbiqi enerji şəbəkəsinə bir çox üstünlüklər verir. Məsələn, SCADA sistemi ilə enerji sisteminə real vaxt rejimində nəzarət olunur, şəbəkədə sabitlik, o cümlədən tezlik və gərginlik qorunur, qəfil enerji çatışmazlıqları avtomatik tənzimlənir, qəzaların təsiri azalır və sistem daha etibarlı olur. Bundan başqa, pik saatlarda elektrikə tələbat daha rahat qarşılanır, Günəş və külək enerjisindəki fasilələrin təsiri azalır, enerji sisteminin sıfırdan bərpası mümkün olur. Eyni zamanda, Günəş batan saatlarda yük dəyişiklikləri daha rahat idarə edilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 23-də Şamaxı rayonunda “Şirvan Aqro” heyvandarlıq kompleksinin açılışında iştirak edib. Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov dövlətimizin başçısına kompleks barədə məlumat verdi. Bildirildi ki, 100 hektara yaxın ərazini əhatə edən kompleksin yaradılmasında məqsəd ölkə əhalisinin yüksəkkeyfiyyətli süd və ət məhsulları ilə təmin olunmasına, bu məhsulların ixracına, həmçinin regionun inkişafına, xüsusən də Şamaxı və ətraf rayonlarda məşğulluğun artırılmasına töhfə verməkdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında Novruz bayramı ilə bağlı paylaşım edib. Paylaşımda deyilir: "Hörmətli həmvətənlər! Sizi Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə cansağlığı, səadət və işlərinizdə nailiyyətlər diləyirəm".

Martın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb. Prezident İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şərif bir-birini müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib, xalqlarmıza firavanlıq və yeni-yeni uğurlar arzulayıblar.