#partlayış

Noyabrın 24-də Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində beşmərtəbəli binada partlayış baş verməsi nəticəsində 5 nəfər xəsarət alıb. Partlayışda xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb. Bildirilib ki, onlardan 1 nəfərə (kişi) termiki yanıq, 4 nəfərə isə (1-i kişi, 3-ü qadın) bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnoz təyin olunub.

Pakistanın paytaxtı İslamabadda məhkəmə binasının yaxınlığında güclü partlayış baş verib. İlkin məlumatlara görə, hadisə nəticəsində 12 nəfər həyatını itirib, 20 nəfər yaralanıb. Pakistan mətbuatının məlumatına əsasən, partlayış canlı bomba hücumu nəticəsində baş verib. Polisin açıqlamasında bildirilib ki, partlayış səsi İslamabaddakı yerli məhkəmə binası yaxınlığında eşidildikdən sonra əraziyə təcili yardım və xilasedici qruplar cəlb olunub.

Ankaranın Ulus bölgəsində yerləşən Ankara Sosial Elmlər Universitetinin binasında yanğınsöndürmə sistemində qaz sızması səbəbindən partlayış baş verib. Hadisə bu gün günorta saatlarında qeydə alınıb. İlkin məlumatlarda təbii qaz partlayışı olduğu bildirilsə də, hadisə yerinə gələn yanğınsöndürmə və Başkentqaz əməkdaşları binanı yoxladıqdan sonra təbii qaz sızmasının baş vermədiyini açıqlayıblar. Araşdırmalar nəticəsində məlum olub ki, binanın zirzəmi qatında yanğınsöndürmə sistemi avtomatik şəkildə işə düşüb və sistemdən çıxan qazın xaricə yayılması nəticəsində 5 tələbə və 1 texniki işçi qazdan zəhərlənərək xəstəxanaya aparılıb.

Suriyanın şimalında, Hələb şəhərinin Əşrəfiyyə məhəlləsində naməlum səbəbdən güclü partlayış baş verib. Partlayış terrorçu PKK/YPG-nin nəzarətində olan Əşrəfiyyə məhəlləsindəki bir parkda qeydə alınıb. Hadisənin səbəbi hələlik müəyyən edilməyib, rəsmi açıqlama isə verilməyib.

İsrailin Dohada HƏMAS rəhbərliyinə aid yaşayış yerlərinə endirdiyi hava zərbəsi Qəzzada davam edən müharibənin gedişatında təhlükəli bir dönüş nöqtəsi oldu. Bu hadisə Vaşinqtonun müttəfiqi və İsraillə fələstinli qruplar arasında ənənəvi vasitəçi sayılan Qətəri ilk dəfə bu qədər birbaşa və görünməmiş şəkildə qarşıdurmanın mərkəzinə gətirdi. Doha baş verənləri “qorxaq hücum” adlandıraraq HƏMAS-ın Siyasi Bürosuna aid rəhbərlərin yaşayış yerlərinin hədəfə alındığını açıqladı. İsrail isə bunun “HƏMAS terror rəhbərliyinə” qarşı həyata keçirilmiş əməliyyat olduğunu bildirdi və bunu hərəkatın kadrlarını harada olurlarsa, orada izləyib məhv etmək kampaniyasının davamı kimi təqdim etdi.

Partlayış Roseland şəhərində yerləşən Smitty's Supply yanacaq və avtomobil sürtkü yağları zavodunda qeydə alınıb. Yerli vaxtla saat 13:00-da baş verən hadisə nəticəsində xəsarət alan olmayıb. Təxminən 400 nəfərin çalışdığı müəssisədə partlayışın səbəbləri araşdırılır. Tangipahoa Parish prezidenti Robbi Miller bildirib ki, “vətəndaşların, binaların və ətraf mühitin təhlükəsizliyini təmin etmək üçün bütün tədbirlər görülür”. Hadisə zamanı güclü titrəyişlərin müşahidə edildiyini bildirən sakinlər evlərdən təxliyə olunub. ABŞ-ın Ətraf Mühitin Keyfiyyəti Departamenti havada potensial sağlamlıq risklərinin mövcudluğunu araşdırır. Təxliyyə edilən sakinlərin evlərinə nə vaxt dönə biləcəkləri barədə məlumat verilməyib.