#ABŞ İran gərginliyi

ABŞ ilə İran arasında əldə olunmuş atəşkəs memorandumunun müddətinin sabah (bazar ertəsi) başa çatması yaxınlaşdıqca, atəşkəsin uzadılması istiqamətində hər hansı irəliləyişin əldə olunacağına dair heç bir əlamət görünmür.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran ətrafında tətbiq edilən dəniz blokadası çərçivəsində 44 kommersiya gəmisinin istiqamətinin dəyişdirildiyini açıqlayıb.CENTCOM sosial media platformasında yaydığı açıqlamada ABŞ qüvvələrinin İrana qarşı tətbiq edilən dəniz blokadasını “ciddi şəkildə həyata keçirməyə davam etdiyini” qeyd edib.

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında gəmilərə və yük daşımalarına dəyəcək mümkün zərərlərin İranın ABŞ-da dondurulmuş vəsaitləri hesabına qarşılanacağını bildirib. Tramp sosial media hesabında İranla bağlı açıqlama verərək, növbəti açıqlamaya qədər Hörmüz boğazından keçən gəmilər və yüklərlə bağlı yaranacaq hər hansı zərərin ABŞ-ın nəzarətində olan İran vəsaitləri hesabına ödəniləcəyini qeyd edib.

Səudiyyə Ərəbistanı bölgədə hərbi gərginliyin artması ilə bağlı xəbərdarlıq edib və diplomatik səylərin, xüsusilə Pakistanın vasitəçilik təşəbbüslərinin dəstəklənməsinə çağırış edib. Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi yaydığı bəyanatda bölgədə mövcud hərbi eskalasiyadan narahatlıq ifadə edərək, gərginliyin azaldılmasının və təmkinli davranışın vacibliyini vurğulayıb. Rəsmi Ər-Riyad mövcud vəziyyətin daha geniş regional sabitliyi təhlükə altına saldığını bildirib.

Körfəz ölkələrinin liderləri regiondakı gərgin vəziyyəti müzakirə etmək üçün Səudiyyə Ərəbistanında toplaşıb. Məlumata görə, sammitdə ABŞ ilə İran arasında davam edən gərginlik fonunda regional vəziyyət, təhlükəsizlik riskləri və iqtisadi təsirlər əsas müzakirə mövzularıdır. Xüsusilə Hörmüz boğazında yaranmış vəziyyət və bunun qlobal ticarətə təsiri diqqət mərkəzindədir.

ABŞ-ın İran ətrafında genişmiqyaslı hərbi mövcudluğu və paralel informasiya fəaliyyəti regionda gərginliyi yeni mərhələyə keçirir. Məlumata görə, ABŞ hərbi qüvvələrinin Ərəb dənizi, Oman körfəzi və Hörmüz boğazında aktiv fəaliyyəti müşahidə olunur. Regionda aviadaşıyıcı gəmilər, raket esminesləri, desant gəmiləri və helikopterlərdən ibarət kompleks əməliyyat sistemi qurulub. Bu hərbi mövcudluq yalnız fiziki nəzarət deyil, həm də psixoloji təsir vasitəsi kimi qiymətləndirilir.