#Fələstin

Livan-Fələstin Dialoq Komitəsinin sədri səfir Ramiz Dəməşq yazılı açıqlamasında paytaxt Beyrutdakı Bürc əl-Bərəcinah Qaçqınlar Düşərgəsində silahların təhvil verilməsi prosesinin birinci mərhələsinin başladığını bildirib. Onun sözlərinə görə, bu addım dövlətin silah üzərində monopoliya qərarının icrası çərçivəsində həyata keçirilir. Dəməşq qeyd edib ki, proses qarşıdakı həftələrdə Bürc əl-Bərəcinah və digər düşərgələrdə də davam etdiriləcək. O, həmçinin silahların təhvilinin 21 may 2025-ci ildə Livan prezidenti Cozef Aun və Fələstin prezidenti Mahmud Abbas arasında keçirilən sammitdə qəbul olunmuş qərarların icrası ilə bağlı olduğunu vurğulayıb. Məlumata görə, geniş təhlükəsizlik tədbirlərinin görüldüyü proses çərçivəsində Livan ordusunun hərbi texnikası və əsgərləri düşərgəyə yerləşdirilib.

Böyük Britaniya və 21 beynəlxalq tərəfdaş İsrailin Fələstin torpaqlarındakı işğalı dərinləşdirəcək “E1 layihəsi”nə verdiyi təsdiqi kəskin şəkildə pisləyib və bu qərarın dərhal ləğv edilməsinə çağırış edib. Bu barədə Böyük Britaniya, Kanada və Avropa İttifaqının da daxil olduğu 22 tərəfdaş ölkə birgə bəyanat yayıb.

Bu gün Livan hakimiyyəti fələstinli qaçqın düşərgələrindəki silahların təhvil alınmasına başlayır. Bu addım təxminən üç ay əvvəl tərəflər arasında razılaşdırılmış planın birinci mərhələsinin icrası çərçivəsində, həm də Beyrutun silahların yalnız dövlətin nəzarətində cəmləşdirilməsi istiqamətindəki səylərinin bir hissəsi olaraq həyata keçirilir.

BMT baş katibi Antonio Quterreş İsrailin Qəzza şəhərinə qarşı genişmiqyaslı hərbi hücum başlatdığı bir vaxtda bölgədə dərhal atəşkəs elan olunmasına çağırıb. Quterreş bildirib ki, Qəzzada hərbi əməliyyatların davam etməsi böyük insan itkilərinə və geniş dağıntılara səbəb olacaq.

İsrail dövlət televiziyası KAN-a müsahibəsində səfir Huckabee bildirib ki, Vaşinqton administrasiyası Avropanı Fələstin dövlətini tanımamaq üçün “fəal şəkildə” yönləndirir. O, Fələstinin tanınmasının Oslo razılaşmalarının pozulması anlamına gələcəyini qeyd edib. Huckabee, Misir və Qətərin yeni atəşkəs təklifinə münasibət bildirərkən, İsrailin qərarlarına müdaxilənin yersiz olduğunu deyib. O, ABŞ prezidenti Donald Trampın “bütün məhbusların geri qaytarılması və HƏMAS-ın hakimiyyətdə qalmaması” barədə mövqeyini xatırladıb. Səfir Qəzzada kütləvi aclıq xəbərlərini təsdiqləmədiyini, lakin insanların aclıq çəkdiyinə əmin olduğunu söyləyib. O, həmçinin humanitar yardımın çatdırılmasında BMT mexanizmini və HƏMAS-ı günahlandırıb.

TDV 2023-cü ilin oktyabr ayından etibarən İsrailin hücumları nəticəsində dağıntılar və humanitar böhranla üzləşən Qəzzaya yardım fəaliyyətlərini davam etdirir. Vəqf humanitar yardımı üç fərqli kanal vasitəsilə həyata keçirir, yerli vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlıq edərək Qəzzanın şimal və cənub bölgələrində ehtiyacı olanlara çatdırır. Misirdən alınan yardım isə yük maşınları vasitəsilə Rafah Sərhəd keçid məntəqəsindən göndərilir, AFAD koordinasiyasında isə Mersindən El Ariş limanına gəmilərlə daşınır.

BMT Baş katibi Antonio Quterreş İsrail hökumətini işğal altındakı İordan çayının qərb sahilini böləcək məskunlaşma layihəsindən imtina etməyə səsləyib. O, sosial mediada etdiyi açıqlamada İsrailin qeyri-qanuni yaşayış məntəqələrini genişləndirmə planının beynəlxalq hüquqa zidd olduğunu vurğulayıb. “Şərqi Qüds də daxil olmaqla, İordan çayının qərb sahilindəki yaşayış məntəqələri beynəlxalq hüquqa zidd olaraq qurulub və qorunub saxlanılıb”. - deyə Quterreş bəyan edib. O, eyni zamanda Qəzzada genişmiqyaslı ölüm və dağıntıların qarşısını almağın həyati əhəmiyyət daşıdığını bildirərək dərhal atəşkəs çağırışı edib.

Qəzza rəsmiləri İsrailin quru əməliyyatlarının ilk mərhələsinə başladığını açıqlayıb. Ordunun Zeytun və Cəbəliyyə məhəllələrinə hücum etdiyi, Qəzza şəhərini isə üç hərbi briqada ilə mühasirəyə aldığı bildirilib. Hava və artilleriya zərbələri ilə müşayiət olunan əməliyyatlar nəticəsində fələstinlilər bölgəni tərk etməyə çalışır. BMT və beynəlxalq təşkilatlar xəbərdarlıq edərək, əməliyyatların fəlakətli nəticələrə gətirib çıxaracağını vurğulayıb. Baş katib Antonio Quterreş dərhal atəşkəs çağırışı edib. Bununla yanaşı, İsrail Müdafiə Nazirliyinin təsdiqlədiyi plana əsasən, yaxın günlərdə əməliyyatların genişləndirilməsi nəzərdə tutulur.