#Bakı

Almaniya kansleri Fridrix Mers Avropanın təhlükəsizlik arxitekturasında yeni dövrün başladığını və regionun ABŞ ilə münasibətləri yenidən tənzimləmək üçün daha güclü hərbi potensiala malik olmasının vacibliyini bəyan edib. Almaniya hökumətinin başçısı Münhen Təhlükəsizlik Konfransının açılışındakı çıxışı zamanı bildirib. Kansler qeyd edib ki, rəsmi Berlin Avropanın nüvə çəkindirmə vasitələrinin yaradılması ilə bağlı Fransa ilə məxfi danışıqlara başlayıb.

Türkiyə Xarici İşlər Nazirliyi Avropa Parlamentinin fevralın 12-də qəbul etdiyi və ölkəyə qarşı əsassız ittihamların yer aldığı bir sıra qərarları tamamilə rədd etdiyini bəyan edib. Nazirliyin rəsmi bəyanatında bu sənədlərin qərəzli olduğu və Türkiyənin regiondakı sabitləşdirici roluna kölgə saldığı vurğulanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aktiv məşğulluq proqramlarının əhatə dairəsi ildən-ilə genişlənməklə, bu proqramlara cəlb edilənlərin sayı da ciddi şəkildə artıb. 2018-ci ilə nisbətən 2025-ci ildə işlə təmin olunanların sayı 3,6 dəfə artaraq 189 min nəfər, özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 2,7 dəfə artaraq 16,8 min nəfər təşkil edib.

Müşavirəni giriş sözü ilə açan nazir Məcnun Məmmədov bildirib ki, 2025-ci il aqrar sahə üçün məsuliyyətli və intensiv fəaliyyət dövrü olub. Dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, subsidiya siyasətinin daha ünvanlı və şəffaf tətbiqi, fermerlərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, həmçinin rəqəmsallaşma istiqamətində atılan addımlar sahənin dayanıqlı inkişafına mühüm töhfə verib. 2025-ci ildə ölkədə 129 milyard manat həcmində ümumi daxili məhsul istehsal olunub ki, bunun 5,9 faizi kənd təsərrüfatının payına düşür. Kənd təsərrüfatı qeyri neft-qaz sektoru üzrə ixrac edilən məhsullar arasında birinci pillədə olmaqla, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində və valyuta daxilolmalarının formalaşmasında mühüm strateji rol oynayır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və filiallarında ötən dövrdə həssas qruplara aid 920 nəfərdən çox şəxsə xidmət göstərilib. Onlardan 700 nəfərini əlilliyi olan şəxslər, o cümlədən müharibə ilə əlaqədar əlilliyi olan şəxslər, onların ailə üzvləri, digərlərini şəhid ailələrinin üzvləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqlar, aztəminatlı ailələrdən olan şəxslər təşkil edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə fevral ayının pensiyaları ödənilib. Habelə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə bu ayın pensiya ödənişi həyata keçirilib.

Fevralın 12-də Azərbaycan Turizm Bürosu Belarusun paytaxtı Minsk şəhərində keçirilən “Travel Connection Minsk” tədbirində iştirak edib. Belarusdan olan 100-dən çox yerli turizm şirkətini bir araya gətirən tədbir yeni tərəfdaşlıqların qurulması və Azərbaycanın turizm potensialının Belarus turizm sənayesi nümayəndələrinə təqdim edilməsi baxımından effektiv platforma rolunu oynayıb.

Milli Məclis Ədliyyə Nazirliyinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzəsini bir oxunuşda qəbul edib.Bildirilib ki, 2025-ci ildə yerli özünüidarəetmə sahəsində islahatların yeni mərhələsinə start verilib və “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Qanuna əsasən ölkə üzrə bələdiyyələrin sayı 1 606-dan 685-dək azaldılıb. Qanunun icrasını təmin etmək üçün “Bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və digər məsələlərin həlli məqsədilə komissiyaların yaradılması haqqında” Nazirlər Kabinetinin Sərəncamı əsasında komissiyalar yaradılıb və onların yerdəki fərdi tərkibinin təsdiqi, komissiyalara sədrlik edilməsi və karküzarlıq işinin təşkili Ədliyyə Nazirliyinə həvalə edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar ayında 3800 şəxsə əlillik təyin edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Onlardan 1800 şəxsə ilkin, 2000 şəxsə isə təkrar əlillik təyinatı aparılıb.