Danimarka kralı Frederik ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanın əldə edilməsi ilə bağlı bəyanatları fonunda Nuuk şəhərinə səfər edib. Danimarkanın baş naziri və Qrenlandiyanın hökumət rəhbəri, ABŞ dövlət katibi Marko Rubio ilə konstruktiv görüş keçirdiklərini bildirsələr də, Donald Trampın Arktika adasını əldə etmək niyyətində dəyişiklik olmadığı qeyd olunub.
#Qrenlandiya Baş naziri Jens-Frederik Nielsen
Danimarkanın baş naziri Mette Frederiksen və Qrenlandiyanın hökumət rəhbəri Yens-Frederik Nilsen Berlində Almaniya kansleri Fridrix Mertslə görüşüblər. Məlumata görə, danimarkalı və qrenlandiyalı liderlər çərşənbə günü Fransa Prezidenti Emmanuel Makronla danışıqlar aparacaq. Görüşlərdə hazırkı beynəlxalq siyasi vəziyyət və Avropanın təhlükəsizlik baxımından daha güclü mövqe tutmasının vacibliyi müzakirə olunacaq.
Almaniya Silahlı Qüvvələrinin kəşfiyyat qrupunun bu gün Qrenlandiyanı tərk edəcəyi bildirilib. Almaniya Xəbər Agentliyinə (DPA) danışan hərbi rəsmi 15 əsgərdən ibarət heyətin mülki təyyarə ilə Kopenhagenə yola düşəcəyini açıqlayıb. Heyətin qarşıya qoyulan vəzifəni yerinə yetirdiyini qeyd edən rəsmi kəşfiyyat nəticələrinin yaxın günlərdə qiymətləndiriləcəyini vurğulayıb.
ABŞ Senatının Müdafiə Büdcəsi üzrə yüksək rütbəli üzvü, demokrat Kris Kunun rəhbərlik etdiyi 11 nəfərlik heyət Danimarkanın paytaxtı Kopenhagenə gedib. Səfərin əsas məqsədi ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı iddialarından sonra yaranan diplomatik gərginliyi müzakirə etməkdir. Amerikalı senatorlar Danimarkanın Baş naziri Mette Frederiksen, Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen və parlament üzvləri ilə görüşlər keçiriblər.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ilhaq etmək planlarına gözlənilməz reaksiya verib. Rusiyanın "İnterfaks" agentliyinə danışan Medvedyev Qrenlandiya sakinlərinin Rusiyaya birləşmək üçün səs verə biləcəyini iddia edib. Rusiya eks-prezidenti Donald Trampın Arktikada yerləşən bu nəhəng adanı ABŞ-a birləşdirmək üçün tələsməli olduğunu vurğulayıb.
Böyük Britaniya həm Çin və Rusiyanın bölgədə artan təsirinə qarşı durmaq, həm də adanı ələ keçirmək istəyən ABŞ-ı bu fikrindən daşındırmaq məqsədilə Qrenlandiyaya hərbi qüvvə göndərməyə hazırlaşır. Rəsmi London bu planı artıq avropalı müttəfiqləri ilə müzakirə etməyə başlayıb. Çin və Rusiyanın Arktika bölgəsindəki varlığını ciddi təhdid hesab edən Britaniya rəhbərliyi adanın müdafiəsini təmin etmək üçün Fransa və Almaniya ilə danışıqlar aparır.
ABŞ Dövlət Katibi Marko Rubio, Prezident Donald Tramp administrasiyasının Qrenlandiyanı “işğal etməyi deyil, satın almayı hədəflədiyini” bildirib. Rubio Konqres üzvlərinə Venesuelaya müdaxilə mövzusunda etdiyi brifinqdə, Trampın Qrenlandiya planlarına dair açıqlamalarından bəhs edib. Konqres üzvlərinin, Trampın Siyasət və Daxili Təhlükəsizlik üzrə müşavir Yardımçısı Stiven Miller kimi yüksək səviyyəli rəsmilərin “agressiv açıqlamaları” səbəbindən Grönlandla bağlı verdikləri suallara Rubio, Trampın Qrenlandiyanı “satın almaq istədiyini” bildirib.