#Hizbullah Livan ordusu

Livan Prezidenti Cozef Aun və Baş nazir Nəvaf Salamın silahların yalnız dövlət nəzarətində olması planını Litani çayının şimalına qədər genişləndirmək qərarı Hizbullahın sərt reaksiyası ilə qarşılanıb. Hizbullahın Siyasi Şurasının sədr müavini Mahmud Qəmati dövlət televiziyasına müsahibəsində hökumətin bu addımını ölkəni xaos və qeyri-sabitliyə sürükləmək cəhdi kimi qiymətləndirib. O, silahların təhvil verilməsi ilə bağlı təzyiqlərin qəbuledilməz daxili vəziyyət yaradacağını və hətta vətəndaş müharibəsinə səbəb ola biləcəyini vurğulayıb. Qəmati bildirib ki, Hizbullah silahlarının taleyi müzakirə olunmazdan əvvəl İsrail Livanın suverenliyini pozmağı dayandırmalı və işğal etdiyi məntəqələrdən çəkilməlidir.

Livan Prezidenti Cozef Aun ilə Hizbullah hərəkatı arasındakı münasibətlər kəskin şəkildə pisləşib və tərəflər arasında təmaslar "minimum səviyyəyə" enib. Gərginliyin əsas səbəbi Prezident Aunun Hizbullahın silahları ilə bağlı verdiyi son bəyanatlardır. Cozef Aun televiziya müsahibəsində dövlət nəzarətindən kənarda qalan silahların rolunun ordunun mövcudluğu ilə başa çatdığını bildirib. O qeyd edib ki, bu silahlar artıq nəinki çəkindirici rol oynamır, əksinə, həm Livan, həm də Hizbullahın öz bazası üçün ağır yükə çevrilib.

Livanın Baş naziri Nəvaf Salam ölkəsinin silahlar üzərində dövlət inhisarının bərpa edilməsi ilə bağlı planın ikinci mərhələsini həyata keçirməkdə qərarlı olduğunu bildirib. Bazar ertəsi günü Beyrutda atəşkəs rejiminə nəzarət edən beşlik komitəsinin (ABŞ, Fransa, Səudiyyə Ərəbistanı, Qətər və Misir) səfirləri ilə görüşən Baş nazir bu istiqamətdəki qətiyyətini ifadə edib. Planın fevral ayında başlayacaq ikinci mərhələsi Əl-Litani çayından şimalda yerləşən əraziləri əhatə edəcək. Çaydan cənubdakı əraziləri əhatə edən birinci mərhələnin isə artıq tamamlanmaq üzrə olduğu bildirilir.

ABŞ Müdafiə Nazirliyi, Livan Ordusunun Hizbullahı silahsızlaşdırma səylərini dəstəkləmək məqsədilə 14,2 milyon dollarlıq təhlükəsizlik yardım paketini təsdiqlədiyini açıqlayıb. Pentaqonun bəyanatında bildirilib ki, yardım paketi Livan Ordusunun imkanlarını artırmağı, həmçinin Hizbullahın silah anbarları və paylama şəbəkələrinə nəzarəti gücləndirməyi hədəfləyir. Bundan başqa, bu dəstəyin Livanın suverenliyini möhkəmləndirməyə və bölgədə sabitliyin təmin edilməsinə töhfə verəcəyi vurğulanıb.

Livan parlamentinin spikeri Nəbih Berri siyasi partiyalara müraciət edərək, Hizbullahın silahlı dəstələrinin tərksilahı məsələsini müzakirə etmək üçün ümummilli dialoqun başlanmasını təklif edib. “Sakit və konsensus əsaslı dialoq milli təhlükəsizlik strategiyasının hazırlanmasına, həmçinin müqavimət qüvvələrinin əlindəki silahların taleyinin müəyyən edilməsinə imkan yaradacaq” – deyə o bildirib. Spikerin sözlərinə görə, Hizbullahın silahı “Livanın qürurudur” və ötən il ölkəni İsrail təcavüzündən qorumaqda mühüm rol oynayıb. O vurğulayıb ki, Hizbullahın silahlarının Livan ordusuna təhvil verilməsi xarici təzyiq altında həyata keçirilə bilməz. Berri həmçinin qeyd edib ki, Livan hökuməti 2024-cü il noyabrın 27-də imzalanmış atəşkəs sazişinə uyğun bütün öhdəliklərini yerinə yetirib. “İsrail isə əksinə, beş sərhəd rayonunu hələ də nəzarətdə saxlayır, aqressiv fəaliyyətini davam etdirərək livanlıları öldürür və 30-dan çox yaşayış məntəqəsinin sakinlərinin evlərinə qayıtmasına mane olur” – deyə o əlavə edib.

Hizbullahın baş katibi Naim Qasım bəyan edib ki, Livan hökuməti ölkənin suverenliyini bərpa etmək üçün plan hazırlamağa məsuldur. Ohökuməti ictimai etimadın bərpası məqsədilə intensiv müzakirələr aparmağa çağırıb, siyasi partiyaları isə bu planların reallaşdırılmasına dəstək verməyə dəvət edib. Qasım vurğulayıb ki, hökumət suverenliyin bərpası, ordunun silahlandırılması və milli müdafiə strategiyasının formalaşdırılması istiqamətində addımlar atmalıdır. Onun sözlərinə görə, Livanın əsas problemləri İsrail və ABŞ-ın dəstəyi ilə bağlıdır.

Hizbullahın sabah Beyrutun mərkəzində aksiya keçirmək barədə əvvəlki çağırışından geri çəkildiyi bir vaxtda, Livanın daxili işlər naziri Əhməd Həccar bütün tərəflərin maraqlarına uyğun olan yolun silahların dövlətə təhvil verilməsi olduğunu vurğulayıb. Həccar bu gün “Əl-Ərəbiyyə” telekanalına açıqlamasında bildirib ki, Livanda heç kim vətəndaş müharibəsi istəmir. O, hökumətin son qərarlarına qarşı keçirilə biləcək etiraz aksiyalarına da toxunaraq qeyd edib ki, təhlükəsizlik qüvvələri hər hansı zorakılığın qarşısını alacaq.