#Türk Mədəniyyəti və İrsi Fondu

Bakı Expo Mərkəzi, XI Beynəlxalq Bakı Kitab Sərgisi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən buraxılmış Elçin Əhmədovun “ Şuşa – Tarixi-Mədəni İrs” kitabının təqdimat mərasimi keçirilib. Təqdimatın açılışında çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova kitabın nəşrini mühüm mədəni hadisə kimi qiymətləndirərək qeyd edib ki, Şuşa şəhəri yalnız Azərbaycan xalqı üçün deyil, bütün Türk dünyası üçün müqəddəs bir məkandır. O bildirib ki, Fond tərəfindən həyata keçirilən bu nəşr layihəsi qədim Şuşanın zəngin tarixi, mədəni irsi və dünya sivilizasiyasındakı rolunun beynəlxalq səviyyədə tanıdılmasına xidmət edir.

7 oktyabr 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycanın Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının XII Zirvə Görüşü çərçivəsində baş tutan Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib. Görüşdə Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov, Qazaxıstan Respublikasının Xarici İşlər naziri Yermek Koşerbayev, Qırğızıstan Respublikasının Xarici İşlər naziri Jeenbek Kulubayev, Türkiyə Respublikasının Xarici İşlər naziri Hakan Fidan, Özbəkistan Respublikasının Xarici İşlər naziri Baxtiyor Saidov, Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyarto, Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Omuraliev eləcə də hökumət nümayəndələri və beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər.

25 sentyabr 2025-ci il tarixində AMEA-da Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu tərəfindən «Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə: Türk dünyasının mədəni kodları» mövzusunda Beynəlxalq Elmi Simpozium öz işinə start verib. Tədbir Azərbaycanda bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunub və XVII Ü.Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilib.

Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Milli Konservatoriyası ilə birgə təşkilatın Bakıdakı mərkəzi qərargahında “Türk İrsi Dünya Səhnəsində” mövzusunda Dəyirmi Masa keçirib. Tədbir 1925-ci ildə Parisdə keçirilmiş Ümumdünya Müasir Dekorativ və Sənaye Sənətləri Beynəlxalq Sərgisində türk xalqlarının görkəmli mədəniyyət xadimlərinin təntənəli çıxışlarının 100 illiyinə həsr olunub.

25 sentyabr 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondu ilə Mangistau vilayətinin akimatının birgə təşkilatçılığı ilə Aktau şəhərində keçirilən görkəmli sufi mürşidi və maarifçi Beket ata Mırzaqululunun 275 illiyinə həsr olunmuş Beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb. Tədbirdə Türk Mədəniyyəti və İrsi Fondu adından təşkilatın layihə menceri Talqat Muxanov iştirak edib, qurumun həyata keçirdiyi mədəni layihələr, xüsusilə türk xalqlarının ortaq irsinin araşdırılması və təbliği istiqamətində görülən işlər barədə məlumat verib.

24 sentyabr 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun mərkəzi qəragahında təşkilatın prezidenti Aktotı Raimkulova ilə Macarıstanın Mədəniyyət və İnnovasiya naziri cənab Balázs Hankó arasında görüş baş tutub. Görüşdə Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Tamás Torma və macar nümayəndə heyəti də iştirak edib.

23 sentyabr 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ilə Azərbaycan Respublikasının Mediasının İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov arasında görüş baş tutub. Görüşdə Türk dövlətləri ilə Azərbaycan arasında media əlaqələrinin mövcud vəziyyəti müzakirə olunub, qarşılıqlı fəaliyyətin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Əhməd İsmayılov Fondla əməkdaşlığın gələcəkdə ortaq layihələrin icrasına zəmin yaradacağını və birgə fəaliyyətin səmərəliliyini artıracağını qeyd edib.

22 sentyabr 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Üzeyir Hacıbəyli və Türk dünyasının musiqisi” adlı konsert proqramında iştirak edib. Qeyd etmək lazımdır ki, tədbir böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunmuş XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində gerçəkləşib.

21 Sentyabr, 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü ilə ICESCO-nun Baş direktoru cənab Dr. Salim bin Məhəmməd əl-Malikin Türkistana səfər proqramı çərçivəsində Türkistan vilayəti Akiminin müavini Yertay Altayev və Türkistan şəhərinin akimi Azimbek Pazılbekoğlu ilə görüşü baş tutub. Görüş zamanı əsas diqqət mədəni irsin qorunması və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinə yönəlib. Həmçinin, ICESCO ilə əlaqələrin daha da möhkəmləndirilməsi və Türkistan vilayətindəki abidələrin İslam dünyasının mədəni irs siyahılarına salınması məsələsi ətrafında fikir mübadiləsi aparılıb.

21 sentyabr 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü ilə ICESCO-nun Baş direktoru Dr. Salim bin Məhəmməd əl-Malik Türkistana səfəri çərçivəsində Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universitetinin ilahiyyat fakültəsinin professor-müəllim heyəti və tələbələri ilə görüş keçirib. , Görüş zamanı elm və təhsil sahəsində əməkdaşlığın perspektivləri, gənc nəslin dini-mənəvi dəyərlər ruhunda tərbiyəsi, həmçinin gələcəkdə birgə həyata keçirilə biləcək layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb. Daha sonra qonaqlar “Divani Lüğət it-Türk” adlı Beynəlxalq Sərgisi və orada təqdim olunan nadir eksponatlar, tarixi əlyazmalar və XI əsrə aid türklərin mədəni quruculuq aspektinə diqqət çəkən əşyalar ilə tanış olublar.