#Türk Mədəniyyəti və İrsi Fondu

19 Sentyabr, 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü ilə ICESCO-nun Baş direktoru cənab Dr. Salim bin Məhəmməd əl-Malikin Çimkənddə səfər proqramı çərçivəsində Çimkənd Akimi Qabit Sızdıbek ilə görüşü baş tutub. Görüşün əsas məqsədi mədəni irs və beynəlxalq əməkdaşlığın genişləndirilməsi, ICESCO ilə əməkdaşlığın gücləndirilməsi eləcə də Çimkənd vilayəti abidələrinin ICESCO-nun İslam dünyasının mədəni irs siyahılarına daxil edilməsi ilə bağlı müzakirələrin aparılması olub.

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-28 sentyabr tarixlərində Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı keçirilir. Ənənəvi musiqi bayramı bu il milli bəstəkarlıq məktəbinin, ilk milli opera və operettanın yaradıcısı, musiqişünas, publisist, dramaturq və pedaqoq, Azərbaycanın və SSRİ-nin Xalq artisti, akademik Üzeyir Hacıbəylinin (1885-1948) 140 illik yubileyi ilə əlamətdardır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 3 fevral 2025-ci il tarixində dahi bəstəkarın yubileyi haqqında Sərəncam imzalanıb.

25-26 sentyabr 2025-ci il tarixlərində Bakı şəhərində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu tərəfindən «Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə: türk dünyasının mədəni kodları» mövzusunda Beynəlxalq Elmi Simpozium təşkil olunacaqdır. Tədbir Azərbaycanda bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunur və XVII Ü.Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçiriləcəkdir.

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Dr. Salim bin Məhəmməd Əl-Malikin 2025-ci il 17–18 sentyabr tarixlərində Astanada keçiriləcək Dünya və Ənənəvi Din Liderlərinin VIII Qurultayında iştirakı çərçivəsində, Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü və dəstəyi ilə səfər proqramının genişləndirilməsi planlaşdırılıb.

15 sentyabr 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun mərkəzi qərargahında Fondun əməkdaşı, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri, gənc şair Fərid Hüseynin yaradıcılığına həsr olunmuş ədəbi-bədii konsert və onun dahi Nizami Gəncəvi yaradıcılığı haqqında qələmə aldığı “Aqibətnamə” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə Qırğızıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanov, TÜRKPA-nın baş katibi Mehmet Süreyya Er, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri, həmçinin dövlət xadimləri, elm adamları və ədəbiyyat dünyasının nümayəndələri və media təmsilçiləri iştirak ediblər.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ilə “İRS Nəşriyyat Evi” -nin direktoru Musa Mərcanlı arasında görüş baş tutub. Görüş çərçivəsində Türk dünyasının zəngin mədəni irsinin və çoxəsrlik tarixinin təbliği, təşviqi və araşdırılmasına yeni üfüqlər açacaq Əməkdaşlıq Memorandumu imzalanıb. Sənədin əsas məqsədi ortaq nəşrlərin hazırlanması, təqdimatlar, seminarlar, sərgilər və digər mədəni tədbirlərin təşkili istiqamətində tərəflər arasında sıx əməkdaşlığın qurulmasıdır.

Əsas tədbirlər sırasında III Beynəlxalq Rəssamlar Simpoziumu, “Mağcan Mərkəzi”nin təntənəli açılışı və Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən çap olunan “Bizim Mağcan” kitabının təqdimatı, eləcə də “Botay – Böyük Çöl mədəniyyəti” mövzusunda elmi-praktik konfrans yer alır.Proqram çərçivəsində Qazaxıstan Respublikasının Baş nazirinin müavini Ermek Koşerbayev, elm və ali təhsil naziri Sayasat Nurbek, Turizm və İdman nazirinin müavini Erjan Erkinbayev, Mədəniyyət və İnformasiya nazirinin müavini Yevgeni Koçetov bölgəyə səfər edərək ekspozisiyalarla tanış olub, 3 ölkədən alimlər, 12 ölkədən gənc arxeoloqlar və rəssamlarla görüşüb; turizmin inkişafı, mədəni irsin qorunması və beynəlxalq əməkdaşlığın perspektivləri müzakirə edilib.

28 İyul, 2025-ci il tarixində, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova İslam Dünyası ELM, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Bakıdakı regional ofisində mədəni irs obyektlərinin ICESCO-nun siyahılarına daxil edilməsi üçün nominasiya dosyelərinin hazırlanmasına həsr olunmuş ilk seminarının açılışında çıxış edib.

22 İyul, 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Şuşada ənənəvi olaraq keçirilən Vaqif Poeziya Günlərinin açılış mərasimində çıxış edib.

20 iyun 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Türkiyə Elmlər Akademiyasının (TÜBA) birgə təşkilatçılığı ilə AMEA-nın Elmi kitabxanasında keçirilən “Azərbaycan və Türkiyə dünya siyasətində” mövzulu beynəlxalq simpoziumda iştirak edib.