İsrailin əsasən Qəzza zolağının şimalı olmaqla müxtəlif bölgələrə təşkil etdiyi hücumlarda 4 fələstinli həlak olub. Xəstəxana mənbələri və hadisə şahidlərinin verdiyi məlumata görə, İsrailin Qəzza şəhərini işğal planı çərçivəsində Zeytun və Şeyx Ridvan məhəllələri başda olmaqla bir çox əraziyə intensiv hücumlar həyata keçirilib. İsrail döyüş təyyarələri Qəzzanın şimalındakı əl-Kərame məhəlləsində bir evi hədəfə alıb. Hücumda bir ana və uşağı həlak olub, 2 nəfər isə yaralanıb. İsrailin Qəzza şəhərindəki əl-Vahdə küçəsində başqa bir evi hədəf aldığı hücumda bir fələstinli qadın həyatını itirib.
#Qəzza böhranı və Qərbin mövqeyi
Böyük Britaniyada 22 qeyri-hökumət təşkilatı (QHT) hökuməti Qəzzadakı mülki əhalinin soyqırımında iştirak edən şirkətlərə qarşı tədbir görməyə çağırıb. Bununla bağlı aralarında "Amnesty International" və Silah Ticarətinə Qarşı Kampaniyanın (CAAT) da olduğu 22 QHT Qəzzaya dair birgə bəyanat yayıb.
İsrailin 7 oktyabr 2023-cü ildən bu yana Qəzza zolağına həyata keçirdiyi hücumlarda həlak olanların sayı son 24 saatda 75 nəfər artaraq 62 min 819 nəfərə çatıb. Qəzzədəki Fələstin Səhiyyə Nazirliyinin yaydığı yazılı açıqlamada, İsrailin davam edən hücumları nəticəsində baş verən itkilərlə bağlı son məlumatlar açıqlanıb. Son 24 saatda Qəzza zolağındakı xəstəxanalara 75 nəfərin nəəşi və 370 yaralı çatdırılıb. İsrail ordusunun 19 yanvarda əldə olunan atəşkəsi pozaraq 18 martdan bəri davam etdirdiyi hücumlar zamanı 10 min 975 fələstinlinin həyatını itirdiyi, 45 min 588 nəfərin isə yaralandığı bildirilib. Son 24 saatda humanitar yardım gözləyən insanlara qarşı həyata keçirilən hücumlarda 17 fələstinli həyatını itirib, 122 nəfər isə yaralanıb.
İsrailin hücumları və blokadası səbəbindən aclıq yaşanan Qəzza zolağında son 24 saat ərzində daha 3 fələstinli həyatını itirib. Qəzzədəki Fələstin Səhiyyə Nazirliyinin verdiyi yazılı açıqlamada aclıqdan ölənlərlə bağlı son məlumatlar paylaşılıb. Açıqlamada bildirilib ki, İsrailin intensiv hücumları və blokadası altındakı Qəzza zolağında aclığın can almağa davam etdiyi, son 24 saat ərzində 3 fələstinlinin daha aclıq və yetərsiz qidalanma səbəbilə həyatını itirdiyi vurğulanıb. Nazirlik qeyd edib ki, Qəzza zolağında 7 oktyabr 2023-cü ildən bu günə qədər aclıqdan həyatını itirənlərin sayı 117-si uşaq olmaqla 303 nəfərə çatıb. Birləşmiş Millətlər Təşkilatının dəstəklədiyi "İnteqrə olunmuş Qida Təhlükəsizliyi Fəallıq Sınıflandırması"nın (IPC) yayımladığı son hesabatda 15 avqust 2025 tarixinə olan məlumata görə Qəzzə şəhərindəki aclığın fəlakət səviyyəsi olan 5-ci səviyyəyə çatdığı elmi sübutlarla təsdiqlənib.
İslam Müqavimət Hərəkatı (HƏMAS) İsrailin baş naziri, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axtarışda olan Benyamin Netanyahunu vasitəçilərin atəşkəs sazişi əldə etmək cəhdlərini pozmaqda ittiham edib. Hərəkat bildirib ki, Netanyahunun HƏMAS-ın vasitəçilərin təklifini qəbul etməsindən sonra belə Qəzzanın işğal planlarını təsdiqləməsi onun hər hansı razılaşmanı əngəlləməkdə israrlı olduğunu göstərir.
Türkiyənin İƏT-də sədrliyi çərçivəsində avqustun 25-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək 21-ci Fövqəladə Xarici İşlər Nazirləri Şurası (ECM) iclasına Hakan Fidan rəhbərlik edəcək. Toplantının əsas müzakirə mövzusu İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlar və humanitar vəziyyət olacaq. Diplomatik mənbələrin bildirdiyinə görə, Fidanın çıxışında İsrailin Qəzzanı tam işğal etmək, iki dövlətli həll yolunu mümkünsüz hala gətirmək və fələstinliləri öz torpaqlarından qovmaq siyasətinin qəbuledilməz olduğunu vurğulaması gözlənilir. Nazir həmçinin dərhal atəşkəsin təmin edilməsinin və humanitar yardımın fasiləsiz çatdırılmasının vacibliyini diqqətə çatdıracaq.
İsrail bir neçə aydır Qəzza zolağına çadırların gətirilməsinə icazə vermir. Bu isə müharibənin və mühasirənin davam etdiyi bir vaxtda, xüsusilə də Qəzza şəhərində mülki əhalinin təxliyə əmrləri fonunda baş verir. Bunu BMT-nin Humanitar Məsələlərin Koordinasiya İdarəsinin (OCHA) sözçüsü Yens Lark Cenevrədə keçirdiyi mətbuat konfransında deyib.
ABŞ dövlət katibi Marko Rubio, 16 avqustda Qəzzalılara ziyarətçi vizalarının verilməsinin dayandırıldığını elan etdikdən sonra, bu qərarın yenidən nəzərdən keçiriləcəyini bildirib. Rubio, CBS News-a verdiyi müsahibədə, ABŞ-ın Qəzza xalqına verdiyi ziyarətçi vizalarının dayandırılması ilə bağlı danışıb. Rubio bildirib ki, yalnız Qəzzalı uşaqlara deyil, onlara müşayiət edən böyüklərə də viza verildiyini xatırladıb. Rubio, Konqresə təqdim olunan sübutlara əsasən, viza prosesi ilə əlaqəli olan bəzi qurumların HƏMAS-la güclü əlaqələrinin olduğunu iddia edərək, “HƏMAS-la dost münasibətdə olan qruplarla əməkdaşlıq etməyəcəyik.” - deyə qeyd edib.
BMT-nin Fələstinli Qaçqınlara Yardım və İş Agentliyi (UNRWA) xəbərdarlıq edib ki, Qəzza zolağında bir milyon qadın və qız uşağı “kütləvi aclıq”la qarşı-qarşıyadır. Bu, 2023-cü ilin oktyabrından bəri davam edən İsrail mühasirəsi və soyqırım müharibəsi fonunda baş verir. Agentlik “X” platformasında yayımladığı açıqlamada bildirib ki, qadınlar və qızlar “getdikcə daha təhlükəli sağ qalma strategiyaları”na əl atmağa məcbur qalır. Onlar yemək və su tapmaq üçün evlərini tərk edirlər, lakin bu zaman ölüm, zorakılıq və sui-istifadə riski ilə üzləşirlər. UNRWA Qəzzaya tətbiq olunan blokadanın qaldırılmasını və humanitar yardımların geniş şəkildə bölgəyə buraxılmasını tələb edib. Agentlik qeyd edib ki, İsrail keçid məntəqələrini bağlı saxladığı üçün yardımlar yığılıb qalır, bu da humanitar böhranı dərinləşdirərək genişmiqyaslı aclığa səbəb olur.
Bir sıra ərəb və islam ölkələrinin xarici işlər nazirləri, eləcə də beynəlxalq təşkilatların baş katibləri İsrailin Baş naziri Benyamin Netanyahunun “Böyük İsrail”lə bağlı bəyanatlarını sərt şəkildə pisləyiblər. Bəyanatı pisləyən ölkələr və təşkilatlara Səudiyyə Ərəbistanı, Əlcəzair, Bəhreyn, Banqladeş, Çad , Komorlar İttifaqı, Cibuti, Misir, Qambiya, İndoneziya, İraq, İordaniya, Küveyt, Livan , Liviya, Maldivlər, Mavritaniya, Mərakeş, Nigeriya, Oman, Pakistan, Fələstin, Qətər, Seneqal , Syerra Leone, Somali, Sudan, Suriya, Türkiyə, Birləşmiş Ərəb Əmirliklərinin, Yəmən eləcə də Ərəb Dövlətləri Liqası, İslam Əməkdaşlıq Təşkilatı və Körfəz Əməkdaşlıq Şurası daxildir.
Fransa prezidenti Emmanuel Makron İsrailin Qəzzanı işğal etmək qərarına sərt reaksiya verərək bu qərarı “misilsiz bir fəlakətin başlanğıcı” kimi qiymətləndirib. O, Qəzzadakı mülki əhalinin və HƏMAS-ın Qəzzada saxladığı girovların bu strategiyanın əsas qurbanı olmağa davam edəcəyini vurğulayıb və BMT mandatı altında beynəlxalq koalisiya yaradılması təklifini irəli sürüb.
İsrailin hərbi planları Qəzza zolağını Vyetnama çevirə bilər. Bunu İtaliyanın xarici işlər naziri Antonio Tayani deyib.