#İsrail

İsrail mətbuatı İsrail və ABŞ-nin Qəzza zolağında atəşkəs razılaşmasının ikinci mərhələsinə keçidlə bağlı razılıq əldə etdiyini iddia edib. Bildirilir ki, İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza ilə bağlı razılaşmanın ikinci mərhələsinə keçidi nəzərdə tutan ABŞ administrasiyası ilə əldə olunan razılaşmalardan sonra Tel-Əvivə qayıdıb.

İsrailin Qəzza zolağında və işğal olunmuş İordan çayının qərb sahilində fəaliyyət göstərən onlarla beynəlxalq humanitar təşkilatın fəaliyyətini qadağan etməsi beynəlxalq aləmdə genişmiqyaslı etiraz və qınaqla qarşılanıb. Qadağa qüvvəyə mindiyi gün – cümə axşamı İsraildə fəaliyyət göstərən 17 insan haqları və hüquq-müdafiə təşkilatı birgə bəyanat yayaraq bu addımın “prinsipial humanitar fəaliyyəti sarsıtdığını, yardım işçilərini və icmaları təhlükə altına saldığını, effektiv yardımın göstərilməsini iflic etdiyini” bildirib.

İsrail Müdafiə Qüvvələri haredi (ultra-ortodoks) dini icmasına mənsub hərbçilərdən formalaşdırılmış “Haşmonaim” briqadasının Suriyanın cənubunda yaradılmış təhlükəsizlik zonasına yerləşdirildiyini açıqlayıb. Ordunun yaydığı və bu gün Television Syria saytı tərəfindən sitat gətirilən bəyanatda bildirilir ki, briqadaya tabe olan piyada bölmələri xüsusi hərbi hazırlıq mərhələsini başa vurduqdan sonra bölgədə sahə fəaliyyətlərinə başlayıb. Açıqlamaya əsasən, bölmələr əməliyyat zonasında məqsədyönlü yoxlamalar aparıb, kəşfiyyat xarakterli məlumatlar toplayıb və İsrail tərəfinin iddiasına görə, mümkün təhlükəsizlik risklərinin aradan qaldırılması məqsədi güdülüb. Bəyanatda xüsusilə Colan yüksəklikləri ərazisində yaşayan İsrail sakinlərinin təhlükəsizliyinin təmin edilməsinin əsas prioritet olduğu vurğulanıb.

Suriya Prezidenti Əhməd əş-Şaraa Yeni ilin gəlişi münasibətilə Suriya xalqını təbrik edərək, ölkənin gələcəyinə nikbin baxdığını bildirib. Suriya prezidenti Əş-Şaraa “X” sosial platformasında paylaşdığı mesajda qeyd edib ki, yeni ilin başlanğıcı Suriyanın vahid, güclü və sabit dövlət kimi inkişafına ümid yaradır. “Yeni ilin başlanğıcı ilə böyük ümid və nikbinliklə parlaq gələcəyə baxırıq. Bu gələcəkdə Suriya vahid, güclü və sabit qalacaq, suriyalılar isə əl-ələ verərək ölkənin quruculuğunda və inkişafında iştirak edəcəklər. Qoy ölkənin hər guşəsində xeyir, sülh və harmoniya hökm sürsün,” – deyə Əş-Şaraa vurğulayıb.

ABŞ Müdafiə Nazirliyi (Pentagon) İsrailin F-15IA qırıcı təyyarələri proqramı çərçivəsində “Boeing” şirkəti ilə 8,6 milyard dollarlıq müqavilənin bağlandığını açıqlayıb. Müqavilə İsrail Hərbi Hava Qüvvələri üçün 25 ədəd yeni F-15IA təyyarəsinin layihələndirilməsi, inteqrasiyası, sınaqları, istehsalı və təhvil verilməsini, eyni zamanda əlavə 25 təyyarə üçün opsionu əhatə edir.

ABŞ Prezidenti Donald Tramp Türkiyə qoşunlarının Qəzza zolağında yerləşdirilməsinə etiraz etməyəcəyini bildirib. O, bu mövqeyini İsrailin Baş naziri Benyamin Netanyahu ilə Florida ştatının Vest Palm Biç şəhəri yaxınlığında yerləşən Mar-a-Laqo malikanəsində keçirilən danışıqların əvvəlində jurnalistlərin suallarını cavablandırarkən açıqlayıb.

İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə səfəri zamanı Qəzza zolağında əlavə hərbi əməliyyat üçün Vaşinqtondan dəstək istəyə bilər. Məlumata görə, Netanyahu ABŞ Prezidenti Donald Trampla danışıqlar aparmağı planlaşdırır. Bildirilir ki, o, sülh planının növbəti mərhələsinə razılıq verməzdən əvvəl ABŞ-nin mövqeyini təmin etməyə çalışacaq. Bu barədə “CNN” mənbələrə istinadən məlumat yayıb.

Qəzza zolağında İsrail tərəfindən 10 oktyabr 2025-ci il tarixində qüvvəyə minən atəşkəs rejiminin 969 dəfə pozulduğu bildirilir. Qəzza hakimiyyətinin məlumatına görə, pozuntular əsasən hava və artilleriya zərbələri, mülki şəxslərə və onların yaşayış yerlərinə atəş açılması ilə müşayiət olunub. Həmçinin İsrail hərbi texnikasının sektorun müxtəlif ərazilərinə daxil olması halları qeydə alınıb. Hadisələr nəticəsində 418 fələstinli həlak olub, 1140-dan çox insan yaralanıb.

İsrailin kəşfiyyat xidməti MOSSAD Livan ərazisində gizli əməliyyat həyata keçirərək Ron Aradın taleyi ilə əlaqəli məlumatlara malik olduğu ehtimal edilən şəxsi qaçırıb. İsrail kəşfiyyatına məxsus agentlər keçmiş ümumi təhlükəsizlik zabiti Əhməd Şükrü gizli əməliyyat çərçivəsində saxlayaraq naməlum istiqamətə aparıblar.