BAKI, VOA
Təbiətin oyanışını, gecə ilə gündüzün bərabərləşməsini və insan ruhunun yenilənməsini özündə birləşdirən Novruz bayramı Azərbaycan xalqının ən qədim və zəngin mədəni irs nümunələrindən biridir.
Bu barədə BDU-nun Azərbaycan ədəbiyyatı kafedrasının dosenti, folklorşünas Məhəmməd Məmmədov VOA-ya özəl açıqlamasında danışıb.
Folklorşünas bildirib ki, Novruz sadəcə təqvim bayramı deyil, eyni zamanda insanın mənəvi təzələnməsi və təbiətlə bütövləşməsi mərasimidir.
“Novruz türkün təbiətə bağlılığından və ona duyduğu sevgidən yaranan bayramdır. Bu bayram həm təbiətin dirçəlişi, həm də insan ruhunun yenilənməsi deməkdir. Novruz – xaosdan kosmosa keçidin rəmzidir”, – deyə o vurğulayıb.
Məmmədovun sözlərinə görə, bu qədim bayram müxtəlif türk xalqlarında “Yengi gün”, “Ergenekon”, “Ulu kün”, “Bozqurt çağan”, “Sultan Mevriz”, “Ulusun ulu günü” kimi adlarla tanınıb ki, bu da onun ümumtürk mədəniyyətində dərin köklərə malik olduğunu göstərir.
Folklorşünas qeyd edib ki, Novruzun mühüm tərkib hissəsi olan ilaxır çərşənbələr təbiətin dörd əsas ünsürü – su, od, yel və torpaqla bağlıdır. Bu mərasimlər qədim azərbaycanlıların yazı, işığı və istini çağırmaq arzusu ilə əlaqədardır.
Xüsusilə Su çərşənbəsinin xalq arasında böyük əhəmiyyət daşıdığını bildirən alim deyib:
“Su çərşənbəsi paklanma və yenilənmə mərasimidir. İnsanlar səhər tezdən axar suyun üstünə gedər, niyyət edər, ‘Ağırlığımı su götürsün’ deyə suyun üzərindən tullanarlar. Bu, mənəvi arınmanın simvoludur.”
Onun sözlərinə görə, türk mifoloji düşüncəsində su həyatverici, paklıq və aydınlıq gətirən müqəddəs ünsür kimi qəbul olunur. Buna görə də su ilə bağlı andlar və dualar formalaşıb: “Su haqqı!”, “Sucan ömrün olsun!” kimi ifadələr bu inancın izləridir.
Məhəmməd Məmmədov əlavə edib ki, Novruz və xüsusilə Su çərşənbəsi xalqın yaddaş kodu, milli kimliyinin ayrılmaz hissəsidir.
“Bu mərasimlər təkcə folklor hadisəsi deyil, həm də milli dünyagörüşümüzün ifadəsidir. Su çərşənbəsi insanın daxili paklanması və ümidin yenilənməsi günüdür”, – deyə o qeyd edib.