#Novruzun ilk çərşənbəsi

Təbiətin ölüb-dirilməsi, Boz ay mərhələsi və ilaxır çərşənbələrin mifoloji kökləri Azərbaycan folklorunda xüsusi yer tutur. Ekspert bildirib ki, xalq təsəvvüründə qış Böyük Çillə, Kiçik Çillə və Boz ay olmaqla üç mərhələyə bölünür və qədim inanclarda bu dövr təbiətin “ölməsi” kimi xarakterizə olunur. “Boz ay dönəmində ölmüş sayılan təbiət yenidən dirilir. Elə buna görə də Boz ay xalq arasında ‘ağlar-gülər ay’ adlandırılır. Bu mərhələ ilin sonuncu çərşənbələrinin cəmləşdiyi zamandır”, – deyə o vurğulayıb.

Su Çərşənbəsi Azərbaycan xalqının qədim inanclarına əsaslanan və Novruz bayramına aparan dörd ilaxır çərşənbənin birincisidir. Bu gün xalq arasında “Əzəl çərşənbə”, “Sular çərşənbəsi” və ya “Gözəl çərşənbə” kimi də tanınır. Su Çərşənbəsi adından da göründüyü kimi, su ünsürünə həsr olunub və təbiətin oyanışının ilk əlaməti sayılır. Türk mifologiyasında və qədim Azərbaycan inanclarında su müqəddəs hesab edilir. Su həyatın başlanğıcı, saflıq və yenilənmə simvoludur. Qədim təsəvvürlərə görə, Su Çərşənbəsi günü sular “oyanır”, axar sular daha da bərəkətli və şəfalı olur. İnsanlar səhər tezdən bulaq başına gedər, üz-gözlərini axar su ilə yuyar, suyun üzərindən atlayaraq köhnə ilin çətinliklərini arxada qoyduqlarına inanardılar.