Siyasət

ABŞ Prezidenti Donald Tramp cümə günü açıqlayıb ki, ABŞ Vitse-prezidenti JD Vance fevral ayında Ermənistan və Azərbaycana səfər edəcək. Səfərin məqsədi “son sülh təşəbbüslərini davam etdirmək”dir. 2023-cü ildə Azərbaycan tərəfindən nəzarətə alınan Dağlıq Qarabağ bölgəsi ilə bağlı onilliklərdir davam edən münaqişəni başa çatdırmaq üçün Ermənistan və Azərbaycan 2023-cü ilin avqust ayında ABŞ-ın vasitəçiliyi ilə bir sülh sazişi imzalayıblar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında və “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi“ adlı tədbirdə söylədiyi fikirlər beynəlxalq mətbuat tərəfindən geniş işıqlandırılıb. Avropanın müxtəlif ölkələrinin, Rusiyanın və ərəbdilli ölkələrin media orqanları Azərbaycan Prezidentinin “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasındakı çıxışına istinadən məqalələr hazırlayıblar. Məqalələrdə ilk növbədə Ermənistan və Azərbaycan arasında artıq arxada qalmış müharibədən sonra regionda yaranmış yeni reallıqlar, iki ölkə arasında gələcəyə yönəlmiş baxışlar diqqət mərkəzində dayanıb.

21 yanvar 2026-ci il tarixində Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Strateji İşçi Qrupunun xarici işlər nazirinin müavini Elnur Məmmədov və dövlət katibinin köməkçisinin müavini Sonata Koulterin rəhbərliyi ilə onlayn formatda ikinci iclası keçirilib. İclas zamanı, ötən ilin avqustunda Vaşinqton Sülh Sammiti çərçivəsində Azərbaycan və ABŞ arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Anlaşma Memorandumuna uyğun olaraq, iki ölkə arasında enerji, ticarət, tranzit də daxil olmaqla regional bağlantılar, iqtisadi sərmayə, müdafiə və təhlükəsizlik, terrorçuluqla mübarizə, eləcə də süni intellekt, rəqəmsal infrastruktur kimi sahələrdə strateji tərəfdaşlığın inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.