İran Xarici İşlər Nazirliyi, Fars (Ərəb) körfəzində yerləşən Əbu Musa, Böyük Tonb və Kiçik Tonb adaları ilə bağlı Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) üzv ölkələrinin xarici işlər nazirlərinin birgə bəyanatına sərt reaksiya verib. bəyanatda qeyd olunub ki, “İranın bu üç ada ilə bağlı atdığı hər hansı qərar və ya addım Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) suverenliyini təsdiqləyən tarixi və hüquqi faktların yerini tuta bilməz”. Tehran isə bu iddiaları “köhnəlmiş və hüquqi əsası olmayan” adlandırıb.
Digər Xəbərlər
Fransa Səhiyyə Nazirliyi ölkənin bütün xəstəxanalarına 2026-cı ilin mart ayına qədər Avropada genişmiqyaslı silahlı münaqişə ehtimalı ilə bağlı fövqəladə planlar hazırlamağı tapşırıb. Rəsmi sənədlərə əsasən, regional tibb müəssisələri 10 mindən 50 minədək yaralı NATO və Fransa hərbçisini qəbul edib, onların müalicəsini 10 gündən 180 günədək təmin edə biləcək səviyyəyə gətirilməlidir.
Bu gün səhər saatlarında bir sıra ölkələrdə, o cümlədən Türkiyədə Google-un bəzi xidmətlərinə girişdə problemlər müşahidə olunub. Türkiyənin Nəqliyyat və İnfrastruktur nazirinin müavini Ömər Fatih Sayan məsələ ilə bağlı açıqlama verərək, kəsintinin Android və Google-a bağlı xidmətləri əhatə etdiyini bildirib. “Google, Android və ona bağlı servislərdə Türkiyə və Avropa bölgəsini əhatə edən kəsinti yaşanır. Türkiyə Milli Kibertəhlükəsizlik Müdaxilə Mərkəzimiz (USOM) Google-dan problemin səbəbinə dair texniki hesabat tələb edib. Prosesi yaxından izləyirik,” – deyə Sayan qeyd edib.
Gələn həftə ABŞ-ın müxtəlif dairələrinin nümayəndələri "Tramp Marşrutu" (Zəngəzur dəhlizi) layihəsini müzakirə etmək məqsədilə Ermənistana səfər edəcəklər. AzerVoice bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir. Məlumata görə, amerikalı nümayəndələr dəhlizin yalnız texniki deyil, həm də siyasi detallarını müzakirə edəcəklər. Həmçinin layihəyə yatırılacaq investisiyaların həcmi, prioritetlər və tikinti işlərinin başlanma müddəti mövzuları da gündəmə gətiriləcək.
Pakistanın Pəncab əyalətində güclü musson yağışlarının səbəb olduğu daşqınlar və bölgədəki çaylar və su anbarlarında su səviyyəsinin yüksəlməsi nəticəsində son 48 saat ərzində təxminən 300 min nəfər təhlükəsiz bölgələrə köçürülüb. Musson yağışlarının yaratdığı daşqınlar nəticəsində Hindistan sərhədinə yaxın Naroval və Sialkotdan sonra Muzaffargarh bölgəsində də onlarla kənd su altında qalıb. Əyalətin Fəlakətlərin İdarə Olunması Agentliyinin (PDMA) baş direktoru Arfan Əli Katxia bildirib ki, qayıqlarla aparılan axtarış-xilasetmə əməliyyatlarında minlərlə işçi iştirak edir, ordu bölmələri isə su altında qalan kəndlərdən insanların və heyvanların təxliyəsi üçün səfərbər olunub. Son 48 saat ərzində təxminən 300 min nəfər təhlükəsiz bölgələrə təxliyə edilib. Katxia qeyd edib ki, əyalətdəki 33 min kənddə 3,3 milyondan çox insan daşqından zərər çəkib, dağıntıların qiymətləndirilməsi davam edir və evlərini itirənlərə hökumət tərəfindən kompensasiya veriləcək.
Şimali Koreya liderinin 12 yaşında olduğu təxmin edilən qızı Kim Cu Ae də nümayəndə heyətində yer alıb. Onun dünya liderlərinin iştirak etdiyi toplantıda görünməsi beynəlxalq mediada “Kim-in varisi” kimi qiymətləndirilib. Heyətdə həmçinin Xarici işlər naziri Çoe Son-hui və digər yüksək vəzifəli şəxslər də iştirak edib.
İran qonşu ölkələrlə, o cümlədən Azərbaycan, Türkmənistan, Rusiya, Qazaxıstan, Özbəkistan və digər ölkələrlə yükdaşıma və tranzit sahəsində qarşılıqlı əlaqələri inkişaf etdirir. TurkicWorld-in məlumatına görə, bunu İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq İran parlamentinin abadlıq komitəsinin üzvlərinin iştirakı ilə keçirilən iclasda deyib. Onun sözlərinə görə, İranda tranzit və yükdaşıma sahəsində layihələr və dəhlizlər əhəmiyyəti nəzərə alınaraq diqqət mərkəzində saxlanılır. Sadiq bildirib ki, bu istiqamətdə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Rəşt-Astara dəmiryolunun tikintisi çərçivəsində əməliyyatlar davam etdirilir. Hazırda dəmiryolu xəttinin keçdiyi ərazinin mülkiyyətinin satın alınması işləri yekunlaşdırılıb.
ABŞ Prezidenti Donald Tramp, Çinin hərbi gücünü sərgilədiyi keçid yürüşünə ev sahibliyi etdiyi dövrdə Çin, Şimali Koreya və Rusiya liderlərini ölkəsinə qarşı sui-qəsd qurmaqda ittiham etdi. Tramp, sosial media hesabından etdiyi açıqlamada, “Cavablandırılması lazım olan ən önəmli sual, Çin Dövlət Başçısı Sinin, bir xarici işğalçıdan azadlığını təmin etmək üçün ABŞ- ın Çinə verdiyi möhtəşəm dəstək və axıdılan qanlardan bəhs edib-etməyəcəyidir.” ifadələrini işlətdi. Çinin zəfər mübarizəsində bir çox amerikalının həyatını itirdiyini bildirən Tramp, onların cəsarət və fədakarlıqlarının “haqlı olaraq şərəfləndiriləcəyini və xatırlanacağını” ümid etdiyini vurğulayıb.
Əfqanıstanın şərqində yerləşən Kunar vilayətində ötən həftəsonu baş verən 6 bal gücündə zəlzələdən sonra, bu dəfə Celalabad şəhərində 5,2 bal gücündə yeni yeraltı təkan qeydə alınıb. ABŞ Geoloji Araşdırmalar Mərkəzinin (USGS) məlumatına görə, yerli vaxtla saat 15:29-da Celalabad şəhərinin 34 kilometr şimal-şərqində 5,2 maqnitudalı zəlzələ baş verib. Zəlzələnin 10 kilometr dərinlikdə meydana gəldiyi bildirilib. Zəlzələ ilə bağlı Celalabad və ətraf ərazilərdə ölən və yaralananlarla bağlı yerli hakimiyyətin məlumat verməsi gözlənilir. ABŞ Geoloji Araşdırmalar Mərkəzi bazar günü bildirmişdi ki, Pakistan sərhədi yaxınlığında yerləşən Celalabad şəhərinin 27 kilometr şimal-şərqində, 8 kilometr dərinlikdə 6 bal gücündə zəlzələ baş verib.
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMMYK) sözçüsü Babar Baloch, Əfqanıstanda baş verən dağıdıcı zəlzələdən sonra insani yardım imkanlarının tükəndiyini bildirib və beynəlxalq ictimaiyyəti təcili dəstəyə çağırıb. Cenevrədə keçirilən həftəlik BMT mətbuat konfransında çıxış edən Baloch bildirib ki, 31 avqust tarixində Əfqanıstanda baş verən zəlzələdə min nəfərdən çox insan həlak olub, minlərlə insan yaralanıb və BMMYK zərər çəkmiş ərazilərə yardım üçün bütün mövcud resurslarını səfərbər edib. “Bəzi kəndlər tamamilə yerlə bir olub. Şərqi Əfqanıstan zəlzələdən ən çox zərər görən bölgədir. Sağ qalan insanlar evlərinin uçduğunu görüb və gecəni çöldə keçirməyə məcbur olublar,” – deyə Baloch bildirib.
ABŞ-ın sabiq prezidenti Donald Tramp bəyan edib ki, Qəzza müharibəsi İsrailə zərər vurur və nəticədə Tel-Əviv bu müharibəni dayandırmaq məcburiyyətində qalacaq. O, bildirib ki, döyüşlərin davam etməsi səbəbindən İsrail Vaşinqtondakı siyasi dairələr üzərində əvvəlki təsirini və nüfuzunu itirib. Tramp bu fikirləri ABŞ-ın “Daily Caller” saytına verdiyi və bazar ertəsi yayımlanan müsahibəsində səsləndirib. “Onlar bu müharibəni bitirmək məcburiyyətində qalacaqlar və heç bir şübhə yoxdur ki, bu, İsrailə zərər verir. İsrail müharibəni qazana bilər, amma ictimaiyyətlə əlaqələr müstəvisində nüfuz qazanmır. Bu isə onun üçün mənfi nəticədir”-deyə o qeyd edib.
Belçika federal hökuməti İsrailə qarşı sanksiyalar tətbiq etmək və Fələstin dövlətini tanımaq barədə fövqəladə kabinet iclasında qərar qəbul edib. Baş nazirin müavini və xarici işlər naziri Maksim Prevotun sözçüsü Laurens Soenen-in Anadolu Agentliyinin müxbiri ilə paylaşdığı razılaşma mətnində, xüsusilə Qəzza zolağında yaşanan humanitar faciəyə və İsrailin beynəlxalq hüquqa zidd hərəkətlərinə diqqət çəkilib. Açıqlamada qeyd olunub ki, humanitar yardım ən prioritet məsələ olaraq qalacaq. Xarici İşlər və Müdafiə Nazirlikləri Qəzzada humanitar vəziyyətin yaxşılaşdırılması üçün fəaliyyətlərini davam etdirir. “Cerulean Skies 2” kimi hava yardımı əməliyyatlarının təkrarlanması da gündəmdədir.