Digər Xəbərlər

ABŞ-ın 2003-cü ildə İraqın işğalından sonra ilk dəfə olaraq Yaxın Şərq regionuna ən böyük hava qüvvəsini yerləşdirdiyi iddia olunur. Vaşinqton son günlər regionda hava və dəniz hərbi kontingentini gücləndirərək İrana qarşı mümkün əməliyyat variantlarını nəzərdən keçirir. Məlumatda bildirilir ki, nəzərdən keçirilən ssenarilər iyun 2025-ci ildə İranın nüvə obyektlərinə qarşı həyata keçirilən “birdəfəlik zərbə” variantından fərqli olaraq, həftələrlə davam edə biləcək genişmiqyaslı hava əməliyyatını da əhatə edir. Donald Trampa təqdim olunan brifinqlərin İran rəhbərliyinə və regional müttəfiqlərinə maksimum zərər vurmaq məqsədi daşıdığı vurğulanır.

BMT-nin Baş katibi Antonio Quterreş süni intellekt texnologiyalarının gələcəyinin məhdud sayda texnologiya milyarderlərinin qərarlarına həvalə edilə bilməyəcəyini bəyan edib. Antonio Quterreş Hindistanda keçirilən qlobal süni intellekt sammitində çıxışı zamanı texnologiya sektorunun rəhbərlərini sürətlə inkişaf edən bu sahəyə hamı üçün açıq çıxışı təmin edəcək 3 milyard dollarlıq qlobal fondun yaradılmasına dəstək verməyə çağırıb.

ABŞ dövlət katibi Marko Rubio gələn həftə İsrailə səfər edərək Baş nazir Benyamin Netanyahuya ABŞ-İran nüvə danışıqları ilə bağlı son vəziyyət barədə məlumat verəcək. Bu barədə Tramp administrasiyasının iki rəsmisi anonimlik şərti ilə açıqlama verib. Məlumata görə, Rubio fevralın 28-də Netanyahu ilə görüşməyi planlaşdırır. Səfər hələ rəsmi şəkildə elan olunmayıb. ABŞ və İran son vaxtlar İslam Respublikasının nüvə proqramı ilə bağlı iki raund dolayı danışıqlar aparıb. ABŞ-ın yüksəkvəzifəli rəsmilərindən birinin sözlərinə görə, İran Cenevrədə keçirilən son görüşdə səsləndirilən narahatlıqlara cavab olaraq yazılı təklif hazırlamağa razılaşıb. Həmin rəsmi Ağ evin Təhlükəsizlik Şurasının iclasında İranla bağlı məsələlərin müzakirə edildiyini və mümkün hərbi əməliyyat üçün “tam qüvvələrin” martın ortalarınadək hazır vəziyyətə gətiriləcəyinin bildirildiyini deyib.

İran Prezidenti Məsud Pezeşkian Rusiyanın energetika naziri Sergey Tsivilyov və onu müşayiət edən nümayəndə heyətini Tehranda qəbul edib. görüşdə Tehran-Moskva münasibətlərinin yeni əməkdaşlıq mərhələsində “mükəmməl və inkişaf edən” səviyyədə olduğu vurğulanıb. Pezeşkian ikitərəfli təmasların sürətlənməsindən məmnunluğunu ifadə edib. Prezident iki ölkə arasında imzalanmış uzunmüddətli strateji əməkdaşlıq sazişinin güclü, sürətli və dəqiq şəkildə icrasına sadiq olduqlarını bildirib. Onun sözlərinə görə, nəqliyyat, energetika, neft və qaz, kənd təsərrüfatı, müdafiə və təhlükəsizlik sahələrində razılaşdırılmış layihələrin həyata keçirilməsi davam edir.

ABŞ-ın Brüsseldəki səfiri Belçika hökumətini “Vooruit” Partiyasının lideri Konner Russonun ABŞ Prezidenti Donald Trampı Adolf Hitlerə bənzətməsi ilə bağlı iddiaları dərhal qınamağa çağırıb. ABŞ səfiri Bill Uayt Belçikanın xarici işlər naziri Maksim Prevo-ya ünvanladığı məktubda Russonun sosial mediada yayılmış videosunu “məntiqsiz və qəbuledilməz” adlandırıb və rəsmi Brüsseli bu bəyanatlara reaksiya verməyə dəvət edib.

ABŞ-ın vitse-prezidenti Cey Di Vens Cenevrədə keçirilən ABŞ–İran danışıqlarının “bəzi baxımdan yaxşı keçdiyini”, lakin İranın ABŞ tərəfindən müəyyən edilmiş qırmızı xətləri qəbul etməsi üçün, hərbi variantlar da daxil olmaqla, səylərin davam etdiriləcəyini bildirib. Vens ABŞ-ın “Fox News” televiziya kanalına Cenevrədə aparılan İran danışıqları ilə bağlı açıqlama verib. Prezident Donald Trampın İranla danışıqlar məsələsində “bir çox seçiminin” olduğunu bildirib.

Səudiyyə Ərəbistanı Ali Məhkəməsi hilalın görünməsi ilə bağlı qərar qəbul edərək, sabahın hicri-qəməri təqvimi ilə 1447-ci ilin Ramazan ayının birinci günü olduğunu bəyan edib. Eyni zamanda, Qətərin Vəqflər Nazirliyi nəzdindəki Ayın Görünməsi Komitəsi və BƏƏ-nin Prezident Divanı da sabahın ayın başlanğıcı olduğunu təsdiqləyib.

İran davam edən hərbi təlim çərçivəsində Hörmüz boğazının bir hissəsinin təhlükəsizlik səbəbilə bu gün bir neçə saatlıq bağlanacağını açıqlayıb. İran dövlət televiziyasının yaydığı məlumata görə, İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı və Fars körfəzində həyata keçirdiyi təlimlərin əsas mərhələsinə başlayıb. Təlim planına uyğun olaraq, boğazın müəyyən hissəsində gəmi hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

Avropa İttifaqı (Aİ) məlumat təhlükəsizliyi ilə bağlı narahatlıqlar səbəbindən deputatların və əməkdaşların xidməti cihazlarında süni intellekt funksiyalarını deaktiv edib. “Politico” nəşrinin məlumatına görə, Aİ-nin informasiya texnologiyaları bölməsi süni intellekt tətbiqləri olan cihazlarda kibertəhlükəsizlik və məlumatların qorunmasının tam təmin edilə bilməyəcəyi qənaətinə gəlib. Araşdırma zamanı müəyyən edilib ki, bəzi süni intellekt funksiyaları tapşırıqları yerinə yetirmək üçün bulud xidmətlərindən istifadə edir və məlumatları cihazdan kənara ötürür.

ABŞ Cənubi Çin dənizində mümkün təhdidlərin qarşısını almaq məqsədilə Filippinlərə daha çox müasir raket sistemləri yerləşdirməyi nəzərdən keçirir. Vaşinqton və Manila Çin tərəfindən həyata keçirildiyini bildirdikləri “qanunsuz, məcburedici və aqressiv fəaliyyətləri” kəskin şəkildə pisləyiblər. ABŞ və Filippin rəsmiləri Manilada keçirilən illik danışıqlarda təhlükəsizlik, siyasi və iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər. Tərəflər bu il üçün birgə hərbi təlimlərin artırılması, Filippin ordusunun modernləşdirilməsi və ölkəyə əlavə yüksək texnologiyalı raket və pilotsuz sistemlərin yerləşdirilməsi barədə razılığa gəliblər.

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında yaranmış fikir ayrılığını “asanlıqla həll edə biləcəklərini” bildirib. Tramp Florida ştatından paytaxt Vaşinqtona qayıdarkən “Air Force One” təyyarəsində jurnalistlərə açıqlama verib. O, Səudiyyə Ərəbistanı ilə BƏƏ arasında “həqiqətən anlaşılmazlıq” olduğunu qeyd edərək, “Bunu çox asan şəkildə həll edə bilərik” deyib.

İran Polis Təşkilatının yol hərəkətinə nəzarət üzrə sədr müavini Həsən Mümini bildirib ki, son bir il ərzində ölkədə baş verən yol-nəqliyyat hadisələrində 15 min 513 nəfər həyatını itirib. İran mətbuatının yaydığı məlumata görə, Mümini qeyd edib ki, ölümlə nəticələnən qəzaların sayı əvvəlki illə müqayisədə 3,8 faiz artıb. Onun sözlərinə görə, ölkə üzrə hər il orta hesabla 19 min 800 nəfər yol qəzalarında həyatını itirir. Qəzalarda həlak olanların 62 faizi əmək qabiliyyətli yaşda olan şəxslərdir və ən yüksək ölüm göstəricisi 20-30 yaş aralığında qeydə alınır.