BAKI,VOA Orxan Qədirzadə
ABŞ-ın keçmiş prezidenti Cozef Baydenin oğlu Hanter Bayden atasının xərçəng xəstəliyi ilə bağlı açıqlama verib. O, 83 yaşlı keçmiş prezidentin prostat xərçənginin sümüklərinə və bədəninin digər hissələrinə yayıldığını bildirib.
Hanter Bayden Britaniya mətbuatına açıqlamasında atasının xəstəliyinin olduqca ağrılı və yorucu mərhələyə çatdığını deyib. Onun sözlərinə görə, Cozef Bayden müalicə prosesinə baxmayaraq kifayət qədər dözümlüdür və yaşadığı ağrıları çox vaxt ailəsi ilə bölüşmür.
Hanter Bayden atasının xərçənglə mübarizəsini izləməyin ailə üçün son dərəcə çətin olduğunu bildirib.
Baydenin xərçəng diaqnozu
Cozef Bayden 2025-ci ilin mayında prostat xərçənginə tutulduğunu açıqlamışdı. Həmin vaxt xəstəliyin aqressiv formada olduğu və xərçəngin sümüklərə yayıldığı bildirilmişdi.
Hanter Bayden həmçinin atasının “Mənə söz ver, Amerika” adlı xatirə kitabının noyabr ayında keçiriləcək aralıq seçkilərdən sonra nəşr olunacağını açıqlayıb.