BAKI,VOA Orxan Qədirzadə
İsrailin xarici işlər naziri Gideon Sa'ar 44 ildən sonra Ekvadora səfər edən ilk İsrail xarici işlər naziri olub. Səfər çərçivəsində təhlükəsizlik, ticarət, investisiya və texnologiya sahələrində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.
Ekvador Prezidenti Daniel Noboa İsrailin xarici işlər nazirini paytaxt Kito şəhərində yerləşən Karondelet Sarayında qəbul edib. Görüş zamanı tərəflər təhlükəsizlik və iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini nəzərdən keçiriblər.
Gideon Saar sosial media hesabında paylaşdığı açıqlamada Ekvadorda səmimi qarşılandıqlarını bildirərək, bu səfərin 44 ildən sonra İsrail xarici işlər nazirinin ölkəyə ilk rəsmi səfəri olduğunu vurğulayıb. O, Ekvadoru İsrailin "əsl dostu" adlandırıb.
Təhlükəsizlik və iqtisadi əməkdaşlığa dair iki sənəd imzalanıb
Yerli KİV-in məlumatına görə, İsrail xarici işlər naziri daha sonra Ekvadorun xarici işlər naziri Roberto Kury ilə görüş keçirib.
Görüşün yekununda təhlükəsizlik və iqtisadi əməkdaşlığı əhatə edən iki ikitərəfli sənəd imzalanıb.
Birinci sənəd terrorizmlə mübarizə sahəsində əməkdaşlığı nəzərdə tutur. Razılaşmaya əsasən, tərəflər informasiya mübadiləsi, dövlət qurumları arasında koordinasiya və institusional potensialın gücləndirilməsi istiqamətində birgə fəaliyyət göstərəcəklər.
İkinci sənəd isə Genişləndirilmiş İqtisadi Dialoq çərçivəsində qəbul olunan birgə bəyannamədir. Bu sənəd ticarət, investisiya, kibertəhlükəsizlik, innovasiya və texnologiya sahələrində əməkdaşlığın genişləndirilməsini hədəfləyir.
Regional görüşlər də planlaşdırılır
Ekvadorun xarici işlər naziri Roberto Kuri bildirib ki, danışıqlarda yeni bazarlara çıxış imkanları, xarici investisiyalar və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafı əsas müzakirə mövzuları olub. Onun sözlərinə görə, bu əməkdaşlıq Ekvadorun beynəlxalq nüfuzunun güclənməsinə də töhfə verəcək.
Məlumata görə, Gideon Saar Ekvadora səfəri çərçivəsində ölkəyə gəlməsi gözlənilən Argentina Prezidenti Javier Milei ilə də görüşəcək.
Bundan əlavə, İsrail xarici işlər nazirinin avqustun 7-də Kolumbiyanın yeni seçilmiş prezidenti Abelardo de la Espriella vəzifəsinin icrasına başlaması münasibətilə keçiriləcək andiçmə mərasimində iştirak edəcəyi bildirilib.