BAKI,VOA, Fərid Mikayılov
İsrailin Afrikada hərbi mövcudluğunu genişləndirmək planı gündəmə gəlib.
VOA xəbər verir ki, Bloomberg agentliyinin məlumatına görə, İsrail Somalilend ərazisində hərbi baza yaratmaq imkanını nəzərdən keçirir.
Mənbələrin bildirdiyinə görə, İsrail 2025-ci ilin sonunda strateji səbəblərlə Somalilendin müstəqilliyini tanıyan ilk ölkə olub. Qeyd olunur ki, Aden körfəzinin qarşı sahilində yerləşən husilər İsrail tərəfindən təhlükə kimi qiymətləndirilir.
Məlumata əsasən, İsrail artıq bölgədə potensial hərbi obyektin yaradılması üçün ilkin hazırlıq işlərinə başlayıb.
Bildirilir ki, İsrail təhlükəsizlik qurumlarının nümayəndələrindən ibarət qrup Somalilendə səfər edərək mümkün hərbi baza və ya husilərə qarşı fəaliyyət üçün istifadə oluna biləcək obyektin yerləşəcəyi əraziləri araşdırır.
Husilər son illərdə İranla yaxın əlaqələri və İsrailə qarşı fəaliyyətləri ilə diqqət çəkir. 2025-ci ilin iyun ayında İran ilə İsrail arasında baş verən 12 günlük müharibədən iki gün sonra Yəməndə fəaliyyət göstərən husilər Tel-Əvivdə İsrail Müdafiə Ordusunun infrastrukturu üzərinə hücum həyata keçirmişdi.
Digər tərəfdən, 2024-cü ildə Somalilend qonşu Efiopiya ilə qarşılıqlı anlaşma memorandumu imzalayıb. Bu sənəd Efiopiyanın da Somalilend ərazisində hərbi baza yaratmaq imkanını gündəmə gətirib.