Yaxın Şərq

Livanın Təhsil və Ali Təhsil Nazirliyi ölkədəki mövcud hərbi vəziyyətlə əlaqədar rəsmi bəyanat yayıb. Açıqlamada bildirilir ki, can təhlükəsizliyi və fövqəladə təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, ölkə daxilindəki bütün özəl və dövlət məktəblərində, həmçinin peşə və texniki təhsil müəssisələrində təhsil müvəqqəti olaraq dayandırılıb. Nazirlik hadisələrin gedişatını anbaan izlədiyini və qərarların gündəlik təhlükəsizlik qiymətləndirmələrinə uyğun olaraq yenilənəcəyini vurğulayıb.

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi İranın krallığa və bir neçə Körfəz dövlətinə qarşı həyata keçirdiyi son hücumlarla bağlı bu ölkənin səfiri Əli Rza Enayətini nazirliyə çağırıb. Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi dövlət suverenliyinin hər hansı formada pozulmasını qəti şəkildə rədd etdiyini İran tərəfinin diqqətinə çatdırıb. Nazirlikdən verilən bəyanatda vurğulanıb ki, krallıq öz təhlükəsizliyini, ərazi bütövlüyünü və sabitliyini qorumaq üçün bütün zəruri və adekvat tədbirləri görmək hüququnu özündə saxlayır.

Səudiyyə Ərəbistanı Krallığı İranın aşkar təcavüzünü və region dövlətlərinin suverenliyinin pozulmasını ən sərt formada pislədiyini bəyan edib. Rəsmi açıqlamada qeyd olunur ki, İranın Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Qətər, Küveyt və İordaniyanın suverenliyini kobud şəkildə pozduğu vurğulanıb. Krallıq bəyanatında “qardaş ölkələrlə tam həmrəylik və sarsılmaz dəstək” ifadə olunub və həmin dövlətlərin atacağı istənilən addımı dəstəkləməyə hazır olduğu bildirilib. Riyad region dövlətlərinin təhlükəsizliyinin təmin olunması üçün bütün imkanlarını onların ixtiyarına verməyə hazır olduğunu təsdiqləyib.

İordaniya hökumətinin rəsmi sözçüsü ölkənin regionda baş verən genişmiqyaslı hərbi münaqişənin tərəfi olmayacağını bildirib. Bəyanatda vurğulanıb ki, İordaniya regional eskalasiyada tərəf olmayacağını bəyan edir, suverenliyinin heç bir halda pozulmasına icazə verməyəcəyini bildirir və vətəndaşlara sığınacaqlardan çıxa biləcəkləri açıqlansa da, ehtiyat tədbiri kimi həmin məkanların yaxınlığında qalmaları tövsiyə olunur.

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi İranın Körfəz ölkələrinə və region dövlətlərinə qarşı həyata keçirdiyi hücumlarla bağlı rəsmi mövqeyini açıqlayıb. Nazirliyin bəyanatında qeyd olunur ki, İranın Birləşmiş Ərəb Əmirliyi, Bəhreyn, Qətər və İordaniyanın suverenliyinə qarşı törətdiyi pozuntular və təcavüz aktları qətiyyətlə pislənir.

Səudiyyə Ərəbistanının paytaxtında bir neçə güclü partlayış səsi qeydə alınıb. Frans-Press (AFP) xəbər agentliyinin yaydığı məlumata əsasən, paytaxt Riyad şəhərində ardıcıl güclü partlayış səsləri eşidilib. Məlumata görə, partlayışlar dərhal təhlükəsizlik qüvvələrini hərəkətə keçirib. Şəhər sakinləri səmada silsilə partlayış izlərinin müşahidə edildiyini bildiriblər.