Bakı, AzerVoice
İsrail ordusu, Livanın paytaxtı Beyrutun cənubunda yerləşən Dahiye bölgəsinə gecə boyu genişmiqyaslı hava hücumları həyata keçirib.
AzerVoice xəbər verir ki, İsrail hərbi təyyarələri Qubeyri, Kəfaat, Seyyid Hadi Şosesi, Müctəba, köhnə hava limanı yolu, Tehvita əl-Qədir, Ruveys, Harik və Muraycih bölgələrini bombalayıb.
Hücumlar nəticəsində bölgədə yanğınlar baş verib, və hədəf
alınan ərazilərdə geniş dağıntılar qeydə alınıb.
Hücumlar zamanı həlak olan və ya yaralananlar barədə isə hələlik
məlumat verilməyib.
Qeyd edək ki, 8 oktyabr 2023-cü ildən bəri Hizbullahla qarşılıqlı döyüşləri davam etdirən İsrail ordusu, 23 sentyabrda Livanın cənub şəhərlərinin, eləcə də Bəkaa və Baalbek bölgələrinin üzərinə yüzlərlə hava hücumu təşkil edib. Livan Səhiyyə Nazirliyinin məlumatına əsasən, 8 oktyabrdan bəri 104-ü uşaq və 194-ü qadın olmaqla, ümumilikdə 2865 nəfər həlak olub, 13047 nəfər isə yaralanıb.
Xatırladaq ki, İsrailin 27 sentyabrda Beyruta təşkil etdiyi hava hücumlarında Hizbullah lideri Həsən Nəsrullahın öldürüldüyü bildirilmişdi. Hizbullah bu hücumlara İsrailin hərbi bazalarını hədəf alan raket və füze hücumları ilə cavab verib. İsrail tərəfdə isə ciddi dağıntı qeydə alınmayıb.
İsrailin genişmiqyaslı bombardmanları nəticəsində Livanda yüz minlərlə insanın köçkün düşdüyü təxmin olunur. Ölkənin cənub bölgələrindən paytaxt Beyruta və şimal istiqamətinə doğru miqrasiya davam edir, Livan hökuməti isə açıqlamasında 518 mindən çox insanın Suriyaya köç etdiyini bildirib.