ABŞ-də istehlak inflyasiyası apreldə illik ifadədə 3,8 faizə yüksəlib. Rəsmi məlumatlara görə, enerji və yanacaq qiymətlərindəki artım, eləcə də İranla bağlı geosiyasi gərginlik inflyasiya təzyiqlərinin güclənməsinə təsir göstərib.
İran
ABŞ müdafiə naziri Pit Heqset İranla bağlı hərbi əməliyyatlar və rekord müdafiə büdcəsi fonunda Konqresdə qanunvericilərin suallarını cavablandıracaq. Dinləmələrdə münaqişənin uzanması, enerji bazarına təsiri və ABŞ ordusunun ehtiyat imkanları əsas müzakirə mövzuları olacaq.
Küveyt hakimiyyəti İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli olduğu iddia edilən şəxslərlə bağlı açıqlama yayıb. Məlumata görə, həmin şəxslərin Küveytin Bubiyan adasına balıqçı qayığı ilə çataraq “düşmən xarakterli fəaliyyətlər” həyata keçirmək tapşırığı aldıqları iddia olunur.
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rızai ölkəsinin yenidən hücuma məruz qalacağı təqdirdə uranı 90 faiz zənginləşdirmə variantını nəzərdən keçirə biləcəyini bildirib. Rızai sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bu məsələnin parlamentdə müzakirəyə çıxarıla biləcəyini qeyd edib.
Pakistan Xarici İşlər Nazirliyi İran hərbi təyyarələri ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Məlumata görə, Pakistan Xarici İşlər Nazirliyi bu məlumatları “yanıltıcı və sensasiya xarakterli” adlandırıb. Bildirilib ki, İran təyyarələri atəşkəs dövründə Pakistana gəlib və onların hər hansı hərbi əməliyyat və ya müdafiə planı ilə əlaqəsi yoxdur.
ABŞ Prezidenti Donald Tramp İranla diplomatik həll imkanının hələ də qorunduğunu bildirib və Tehranla razılaşmanın mümkün olduğunu vurğulayıb. O, İran rəhbərliyini sərt tənqid edərək onların əldə olunan razılaşmalardan geri çəkildiyini iddia edib. Trampın açıqlamaları Vaşinqton və Tehran arasında artan gərginlik fonunda diqqət çəkib. İran isə ABŞ-ın irəli sürdüyü tələbləri “qeyri-real” adlandıraraq öz mövqeyini müdafiə edib.
Böyük Britaniya hökuməti İranla əlaqəli olduğu iddia edilən 12 fiziki şəxs və təşkilata qarşı yeni sanksiyalar tətbiq edib. Rəsmi London bu addımı “düşmən fəaliyyətlərdə” iştirak və müxtəlif qruplara maliyyə dəstəyi verilməsi iddiaları ilə əsaslandırıb. Sanksiyalar çərçivəsində aktivlərin dondurulması, səyahət qadağaları və digər məhdudiyyətlər nəzərdə tutulur. Ekspertlər yeni qərarın Böyük Britaniya ilə İran arasındakı gərginliyi daha da artıracağını bildirirlər.
ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində İranla bağlı sərt açıqlamalar verərək Tehranın nüvə silahına sahib olmasına heç vaxt icazə verilməyəcəyini bildirib. Tramp İranın təqdim etdiyi təklifləri kəskin tənqid edib, həmçinin məhv edilmiş nüvə obyektlərindəki “nüvə tozu”nun təmizlənməsi üçün Tehranın ABŞ-dan yardım istədiyini iddia edib. Prezident “Project Freedom” layihəsinin genişləndirilə biləcəyini və İranın mühasirəyə alınması ilə bağlı planların nəzərdən keçirildiyini açıqlayıb. O, eyni zamanda kürd qruplaşmalarına verilən silahlarla bağlı narazılığını ifadə edərək ABŞ-ın İrana qarşı təzyiqlərinin davam edəcəyini vurğulayıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, Çin hazırkı gərginliyin İran üçün “məcburi müharibə” olduğunu anlayır. Bəqai qeyd edib ki, İran xarici işlər naziri Abbas Əraqçi ötən həftə Pekində olub və Tehranın mövqelərini Çin tərəfinə çatdırıb. O əlavə edib ki, Çin regionda – xüsusilə Fars körfəzi, Oman körfəzi və daha geniş Asiya–Sakit okean bölgəsində sabitliyin qorunmasına böyük önəm verir və ABŞ-ın addımlarının qlobal iqtisadi təhlükəsizliyə risk yaratdığına dair xəbərdarlıqlar edir
İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, ölkə həm diplomatiya, həm də zərurət yaranarsa qarşıdurma variantını açıq saxlayır. Sözçü vurğulayıb ki, diplomatiyanın öz qaydaları var və qərarlar milli maraqlar əsasında qəbul edilir. O əlavə edib ki, İran öz xalqının maraqlarını qorumaqda qərarlıdır və bu mövqeyi dəfələrlə sübut edib.
İran dövlət televiziyası bildirib ki, ABŞ-ın irəli sürdüyü təklif Tehran tərəfindən qəbul edilməyib. Tehran Vaşinqtona təqdim etdiyi cavabda müharibə təzminatının ödənilməsini, eləcə də Hörmüz boğazı üzərində İranın suverenliyinin tanınmasını tələb edib. Bununla yanaşı, İran tərəfi sanksiyaların ləğvi və dondurulmuş aktivlərin azad olunmasının da vacib şərt olduğunu bildirib.
İsrailin Baş naziri Benyamin Netanyahu "CBS" şəbəkəsinə verdiyi müsahibədə İranla davam edən gərginlik və qarşıda duran hədəflər barədə mühüm açıqlamalar verib. Baş nazir bildirib ki, böyük nailiyyətlər əldə olunmasına baxmayaraq, İranla müharibə hələ bitməyib. Netanyahunun sözlərinə görə, İranın hərbi potensialına ciddi zərbə vurulsa da, görülməli olan çox iş var.