BAKI,VOA
Məşhur ingilis teleaparıcısı Ser Devid Attenboro 100 yaşını qeyd edərkən ona qeyri-adi bir hədiyyə təqdim olunub: onun şərəfinə adlandırılmış kiçik bir arı. Digər həşəratları canlı-canlı yeyən bu kiçik canlının rəsmi adı Attenboroughnculus tau olaraq təyin edilib. Bu barədə məlumat Attenboronun 8 maydakı ad günündən əvvəl "Journal of Natural History" jurnalında dərc olunub.
VOA xəbər verir ki, indiyədək 50-dən çox növ Attenboronun şərəfinə adlandırılıb. Bunların arasında 60 ildən sonra yenidən kəşf edilən exidna, hörümçəkləri zombiyə çevirən göbələk, yalnız bir nümunə əsasında təsvir edilən xəyal-krevet və nəhəng ətyeyən kuzə bitkisi var. Lakin bu kiçik parazit arı, Attenboronun adını daşıyan cəmi bir neçə cinsdən ibarət daha elit bir qrupa daxil olur. (Cins bir-biri ilə yaxın qohum olan növlər qrupudur və elmi nomenklaturada cins adı növ adından əvvəl gəlir).
Məşhur təbiətşünasın 100 yaşı tamam olduğu bir vaxtda, onun adını daşıyan bu yeni növ və onun adını paylaşan digər böyük və kiçik canlılar haqqında bilməli olduğunuz məqamlar bunlardır.
Attenboroughnculus tau ilə tanış olun
Bu arının adı dünyaya bu gün açıqlansa da, nümunə əslində onilliklər əvvəl tapılmışdı. 1983-cü ildə Çilidə aşkar edilən bu canlı, London Təbiət Tarixi Muzeyinin kolleksiyasına gətirilmiş və burada araşdırılmağı gözləyən minlərlə naməlum nümunənin sırasına qoşulmuşdu.
Müxtəlif arı növləri arasında təəccüblü bir müxtəliflik var. London Təbiət Tarixi Muzeyinin həşəratlar üzrə baş kuratoru və tədqiqatın müəllifi Gevin Broad deyir ki, : "Hər kəsin klassik arı ideyası pikniklərin sarı-qara dostudur. Lakin bu, 'arılıq' anlayışının yalnız kiçik bir hissəsidir. Arı adlandırdığımız canlıların çoxu əslində digər həşəratlarda parazitlik edən kifayət qədər kiçik varlıqlardır".
Muzeyin könüllüsü Avqustijn De Ketelaere naməlum arıları qruplara ayırarkən bu nümunənin maraqlı olduğunu düşünüb. Broad dərhal onunla razılaşıb.
"Məni bunu daha əvvəl heç vaxt görmədiyimi anlamağa vadar edən bir neçə xüsusiyyət gördüm. Ümid edirəm ki, dünyanın arı müxtəlifliyinin kifayət qədər böyük hissəsini görmüşəm".-deyə o qeyd edib.
O etiraf edir ki, digər insanlar üçün bu heyvan sadəcə "yumşaq kiçik bir həşərat" kimi görünə bilər. Lakin 3,5 millimetrlik fərdi mikroskop altında araşdırarkən o, qarnındakı fərqli T formalı işarəni, arxa ayaqlarındakı cilalanmış şırımı və yumurtaqoyan orqanındakı dişəbənzər strukturları qeyd edib. "Bu, mövcud cinslərin heç birində təsnif edə bilmədiyimiz qəribə və möhtəşəm yeni bir şeydir", - deyə o bildirib.
Arı taksonomu olan Broad, Attenboronun ona hələ gənc ikən "taksonomiya" sözünü tanıtdığını deyir. Attenboroughnculus adını seçməklə komanda dünyada bu qədər insana ilham verən şəxsə hörmətini ifadə etmək istəyib. Broad vurğulayır ki, öz cinsini yaradacaq qədər unikal olan bir heyvan çox xüsusi bir insanın adını daşımalıdır: "Düşündük ki, bir cinsə adı veriləcək qədər vacib olan kimdir? Əlbəttə ki, Devid Attenboro".
Attenborosaurus-un möhtəşəmliyi
Hazırda bir çox fərdi növ Attenboronun adını paylaşsa da, yalnız bir neçə cins eyni şərəfə layiq görülüb ki, bunlara bir çiçəkli bitki (Sirdavidia) və nəsli kəsilmiş nalşəkilli xərçəng (Attenborolimulus) daxildir.
Digər biri isə möhtəşəm adlandırılmış Attenborosaurus-dur. Bu uzunboyunlu, nəsli kəsilmiş dəniz sürünəni Lox-Ness canavarı ilə qarışdırıla bilər, lakin əslində pleziozavrın bir növüdür.
Amerikalı paleontoloq Edvard Drinker Koup 1860-cı illərdə pleziozavr qalıqlarını yenidən bərpa edərkən bu qəribə canlını tam anlaya bilməyib. London Təbiət Tarixi Muzeyinin fosil sürünənlər üzrə kuratoru Mark Cons deyir: "a
Bu utanc verici səhvin qarşısını almaq olardı. Fosil ovçusu Meri Anninq artıq 1823-cü ildə başı uzanmış boynu üzərində olan tam bir Plesiosaurus skeleti tapmışdı. Cons bildirir ki, bu vacib kəşf insanları heyvanların nəslinin kəsilməsi ehtimalı haqqında danışmağa vadar etdi, "çünki bu gün bu bədən quruluşuna malik heç bir canlı yaşamır".
Attenborosaurus-un qalıqları ilk tapıldıqda növ Plesiosaurus conybeari adlandırılmışdı. Lakin 1990-cı illərdə amerikalı paleontoloq Bob Bakker nümunəni yenidən araşdırdı və onun digər növlərdən kifayət qədər fərqli olduğuna qərar verərək ona öz cinsini verdi. O, adını Attenborosaurus conybeari olaraq dəyişdirdi.
Bu qədim sürünən Stegosaurus, Diplodocus, T-Rex və ya Triceratops-un Yer kürəsində gəzməsindən çox əvvəl – 190 milyon il əvvəl dənizlərdə üzüb. Canlı yəqin ki, iti dişləri və tələyə bənzər bir-birinə keçən çənələrindən istifadə edərək dəniz heyvanlarını və balıqları ovlayırdı.
Mark Cons qeyd edir ki, başın bədəndən bu qədər uzaqda olması üzgəclərin yaratdığı dalğalanmanı minimuma endirirdi və bu, "bəlkə də onun şikarına gizlicə yaxınlaşmasını asanlaşdırırdı".
Alimlər hesab edirlər ki, onun ətrafları üzərkən tısbağa üzgəclərindən daha çox pinqvin qanadları kimi yuxarı və aşağı hərəkət edirdi. "Bəzi insanlar onları əslində iynəcələrə daha çox bənzədirlər. Bu gün belə üzən heç bir canlı yoxdur", - deyə o əlavə edib.
Attenboro özü bütöv bir cinsin onun adını daşımasından olduqca məmnun idi. O, 2015-ci ildə "Washington Post" qəzetinə verdiyi müsahibədə "Attenborosaurus həqiqətən möhtəşəm bir şeydir, elə deyilmi?" demişdi.
Qurbağalar, ilbizlər və kəpənəklər
Attenboronun adını daşıyan növlərin uzun siyahısı böyüməyə davam edir və bu günə qədər 50-dən çox orqanizm onun adını daşıyır. Bunlara Tasmaniyada yaşayan rəngarəng yarı-ilbiz (qabığı o qədər kiçikdir ki, içəri çəkilə bilmir), Uelsin Brekon Bikons dağlarında tapılan bir növ şaxəli bitki, qanadlarında diqqətçəkən gözləri olan nadir Amazon kəpənəyi və balaları çömçəquyruq mərhələsini keçmədən birbaşa qurbağa kimi yumurtadan çıxan kiçik Peru qurbağası daxildir.
Həmçinin Attenboronun adını daşıyan bir qütb tədqiqat gəmisi də var. "RRS Sir David Attenborough" gəmisi, gəmiyə ad vermək üçün keçirilən ümummilli müsabiqədən sonra az qala "Boaty McBoatface" adlandırılacaqdı, lakin ekspertlər sevilən teleaparıcıya hörmət əlaməti olaraq Britaniya ictimaiyyətinin bu qeyri-ciddi qərarını ləğv etdilər.