Bakı, AzerVoice
25 may 2020-ci ildə ABŞ-də afroamerikalı George Floyd polis əməkdaşı tərəfindən öldürüldükdən sonra ölkə tarixinin ən böyük etiraz hərəkatlarından biri başladı. Hadisə həm ABŞ-də, həm də dünya miqyasında irqçilik və polis zorakılığı ilə bağlı geniş müzakirələrə səbəb oldu.
Hadisə 2020-ci il mayın 25-də Minneapolis şəhərində baş verib. Polis əməkdaşı Derek Chauvin Corc Floydu təxminən 10 dəqiqə boğub. Hadisə ətrafdakı şəxslər tərəfindən lentə alınıb və görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra ölkə boyu etiraz aksiyaları başlayıb.
Məlumata görə, 46 yaşlı Corc Floyd mağazada saxta olduğu iddia edilən 20 dollarlıq əsginasdan istifadə etməkdə şübhəli bilinirdi. Polis əməkdaşları hadisə yerinə gəldikdən sonra Floyd saxlanılıb. Daha sonra onun polis maşınına mindirilməsi zamanı müqavimət göstərdiyi bildirilib. Floyd klaustrofobiyadan əziyyət çəkdiyini deyərək avtomobilə minmək istəməyib.
Bundan sonra Derek Şovin Floydu yerə yıxaraq onu boğub. Floyd hadisə zamanı dəfələrlə “nəfəs ala bilmirəm” ifadəsini işlədib. Təcili yardım gələndə o artıq huşsuz vəziyyətdə olub və xəstəxanada öldüyü açıqlanıb.
Videogörüntülərin yayılmasından dərhal sonra etiraz aksiyaları əvvəlcə Minneapolisdə, daha sonra isə ABŞ-nin demək olar ki, bütün ştatlarında genişlənib.
Etirazçılar “Qara insanların həyatı önəmlidir” və “Nəfəs ala bilmirəm” şüarları ilə küçələrə çıxıblar. Aksiyalar zamanı bir sıra şəhərlərdə komendant saatı tətbiq olunub, ABŞ Milli Qvardiyası küçələrə cəlb edilib.
Məlumata görə, Corc Floydun ölümündən sonrakı həftələrdə ABŞ-nin bütün 50 ştatında 2 mindən çox şəhər və qəsəbədə nümayişlər keçirilib. Etirazlar dünyanın müxtəlif ölkələrinə də yayılıb.
Polis zorakılığı və irqçilik yenidən gündəmə gəldi
Hadisə ABŞ-də polis sisteminin fəaliyyəti, hüquq-mühafizə orqanlarının büdcəsi və irqçilik problemləri ilə bağlı milli müzakirələrə səbəb olub.
Bir çox məktəb, şirkət və ictimai qurum bərabərlik, inklüzivlik və ayrı-seçkiliklə mübarizə mövzularında yeni proqramlar hazırlamağa başlayıb.
Etirazların baş verdiyi dövrdə ABŞ-də həmçinin COVID-19 pandemiyası ilə bağlı məhdudiyyətlər qüvvədə idi. Buna baxmayaraq, minlərlə insan küçələrə çıxaraq aksiyalarda iştirak edib.
Derek Şovin həbs edildi
Derek Chauvin 29 may 2020-ci ildə həbs olunub və ona ikinci və üçüncü dərəcəli qətl, eləcə də ehtiyatsız adam öldürmə ittihamları irəli sürülüb.
2021-ci il aprelin 20-də keçirilən məhkəmə prosesində münsiflər heyəti Şovini bütün maddələr üzrə təqsirli bilib. Daha sonra o, 22 il yarım həbs cəzasına məhkum edilib.
Məlumata görə, Derek Şovinin Corc Floyd hadisəsindən əvvəl də polis fəaliyyəti ilə bağlı azı 17 intizam şikayəti olub.