BAKI,VOA
1902-ci il mayın 8-də Martinika adasında yerləşən Mon-Pele vulkanı XX əsrin ən ölümcül vulkan püskürmələrindən birinə səbəb olub.
Püskürmə nəticəsində Karib dənizinin “Parisi” adlandırılan Sen-Pyer şəhəri bir neçə dəqiqə ərzində demək olar ki, tamamilə məhv olub.
Hadisədən əvvəl vulkanın zirvəsində buxar çıxışları müşahidə edilmiş, adada yeraltı təkanlar hiss olunmuş və kül buludları yayılmışdı. Buna baxmayaraq, şəhər sakinləri təhlükənin miqyasını düzgün qiymətləndirməmiş, qarşıdan gələn seçkilər fonunda evakuasiya tədbirləri gecikmişdi.
Mayın 8-də səhər saatlarında vulkandan yüksək temperaturda qaz və qaynar kül kütləsi böyük sürətlə şəhərə doğru hərəkət edib. Nəticədə Sen-Pyer qısa müddətdə kül altında qalıb.
Faciə zamanı təxminən 27 min insan həlak olub. Mənbələrə görə, şəhərdə yalnız iki nəfərin sağ qaldığı bildirilir. Limandakı 15 gəmi də püskürmənin təsiri ilə zərər görüb və batıb.
Mon-Pele faciəsi XX əsrin ən ağır vulkanik fəlakətlərindən biri kimi tarixə düşüb.